ABŞ-nin 37-ci prezidenti qadın ola bilər
Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq əsas rəqiblər bəllidir - Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasından hazırkı vitse-prezident Kamala Harris.
Seçkilərə 4 ay qalmış ölkədə gözlənilən hadisə baş verdi. Hazırkı prezident Co Bayden seçkilərdə iştirakdan imtina edərək mübarizəsini dayandırdı.
ABŞ-nin 36-cı prezidenti bununla bağlı sosial mediadakı hesabında paylaşım edərək bəyan etdi ki, yenidən seçilmək niyyəti olsa da, geri çəkilməyi, partiyası və ölkəsinin maraqları naminə bütün diqqətini prezident kimi vəzifəsinin icrasına yönəltməyi ən doğru qərardır.
Bu qərardan sonra Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini bəyan edib. Bununla yanaşı o söz verib ki, səlahiyyət müddəti başa çatana qədər bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə yönəldəcək.
Kamala Harris kimdir?
Ümumiyyətlə, ABŞ-də baş verən son siyasi proseslər Donald Trampın prezident seçkilərində qələbə qazanacağını deməyə əsas verirdi. Ona qarşı açılan cinayət işi, təqiblər, Co Baydenlə aralarında keçirilən ilk teledebatda sabiq prezidentin aşkar üstünlüyü və ən nəhayət ona qarşı edilən sui-qəsd Amerika əhalisinin diqqətindən yayına bilməzdi.
Bu hadisədən sonra Amerika əhalisinin mütləq əksəriyyətində qəti fikir formalaşmışdı. Keçirilən rəy sorğusunda amerikalıların təxminən 70 faizi hesab edirdi ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır. Yəni o, işinin öhdəsindən gələ bilməyəcək.
Amma Baydenin seçki marafonundan çəkilərək öz yerinə Kamala Harrisi Demokratlar Partiyasının namizədi olaraq dəstəkləməsi vəziyyəti dəyişib. İndi partiyanın dəstək verdiyi Kamala Harris prezident seçilmək uğrunda gedən yarışda Donald Trampla istənilən mübarizəyə hazır olmalıdır.
Co Baydenin bu qərarından sonra Harrisin həyatı maraq mövzusuna çevrilib.
Kamala Devi Harris 20 oktyabr 1964-cü ildə Kaliforniyanın Oklənd şəhərində anadan olub. Atası Stanford Universitetinin iqtisadçı professoru Donald J.Harris, anası xərçəng araşdırmaları mütəxəssisi Şyamala Gopalandır. Harrisin beş yaşı olanda valideynləri boşanıblar. Atası Yamayka, anası Hindistan əsillidir. O, ABŞ vitse-prezidenti olmuş ilk afroamerikalı qadındır.
Harris 1989-cu ildə Kaliforniya Universitetinin Hüquq fakültəsindən məzun olandan sonra vəkil kimi fəaliyyətə başlayıb. 1990-cı ildə Alameda Bölgə Prokurorunun ofisində işləyib. 1998-ci ildə San Fransisko Prokurorluğuna qəbul edilib. O, 2003-cü ildə San Fransisko şəhərinin prokuroru, 2010-cu ildə isə Kaliforniyanın baş prokuroru olub. ABŞ-də "Attorney General" adlandırılan bu vəzifə həm də ədliyyə naziri vəzifəsini özündə birləşdirir. 2014-cü ildə eyni vəzifəyə təkrar seçilib. 2016-cı ildə Demokratlar Partiyasından senator seçilib. Vitse-prezident olanadək Kaliforniyanın senatoru olub.
Ölkənin ilk qaradərili qadın senatoru olan 59 yaşlı Harris həm də ilk hindəsilli senatordur. 2020-ci ildə prezident seçkilərində Demokratlar Partiyasından namizəd olan Harris uğur qazana bilmədiyi üçün geri çəkilib. O, namizədliyini sui-qəsd nəticəsində öldürülən hüquq müdafiəçisi Martin Lüter Kinqə həsr etdiyini bildirib. Həmin ilin avqustunda vitse-prezidentliyə namizəd olub. 2021-ci ildən vitse-prezidentdir.
Harris 2014-cü ildən yəhudiəsilli vəkil Duqlas Emhoffla evlidir. Emhoffun əvvəlki evliliyindən iki övladı var, Harrisin isə övladı yoxdur.
5 saat ərzində 27,5 milyon dollar ianə toplayıb
Baydenin namizədliyini geri çəkməsindən sonra Harris sabiq prezident Donald Trampın əsas rəqibi hesab edilir. Son sorğulara görə Tramp Harrisi qabaqlasa da, onun reytinqi Baydendən daha yüksəkdir.
Prezidentliyə namizəd olduqdan sonra Harris dərhal işə başlayıb. Belə ki, onun seçki qərargahı hazırkı lider Co Baydenin seçki yarışını tərk etməsindən sonra beş saat ərzində 27,5 milyon dollar ianə toplayıb. Bu məbləğ hazırkı lider yarışı tərk etdikdən sonra Harrisin seçki kampaniyasının aparılması üçün istifadə olunacaq.
Bazar günü axşam saatlarında Harrisin prezident seçkilərində namizəd kimi irəli sürülməsi ən azı 26 ABŞ demokrat senatoru və ABŞ Nümayəndələr Palatasının 72 üzvü tərəfindən dəstəklənib.
Bundan əlavə, Nyu Cersi, Nyu York, Kaliforniya, Miçiqan və Pensilvaniya da daxil olmaqla, Amerika ştatlarının bir çox qubernatoru Harrisi dəstəklədiklərini bəyan ediblər.
Kamala Harris bir gün ərzində 100-dən çox siyasətçiyə zəng edib. O, həmçinin Cozef Baydenlə bir neçə dəfə əlaqə saxlayaraq bu məsələ ətrafında onunla fikir mübadiləsi aparıb. Qadın siyasətçi hər söhbətində dəstəyə görə Cozef Baydenə minnətdarlığını bildirib, namizədliyi haqq etmək üçün səylərini əsirgəməyəcəyini deyib.
Donald Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını düşünür
Respublikaçılar Partiyasının prezident seçkilərindəki namizədi Donald Tramp isə Co Baydenin seçki mübarizəsindən çəkilməsinə reaksiya verərək deyib: "Onun ətrafında olan hər kəs, həmçinin həkimi və media da bilirdi ki, o, prezident olmağa uyğun deyil və heç zaman da olmayıb. Biz onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, lakin onun vurduğu zərəri çox tez aradan qaldıracağıq?",- deyə Tramp qeyd edib.
O, "NBC News" kanalına müsahibəsində deyib ki, ABŞ tarixində ölkəsinə bu qədər zərər verən ikinci prezident olmayıb və o, ABŞ-nin bu günə qədər hakimiyyətdə olmuş ən pis prezidentidir.
"CNN"ə müsahibəsində Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını açıqlayıb.
"Üçüncü Dünya müharibəsinin qarşısını alacağam"
Eyni zamanda seçkilərdə qalib gələcəyi halda, Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib. Miçiqanda keçirilən mitinqdə çıxış edərkən Tramp "Rusiya və Ukrayna arasındakı bu müharibəni mən həll edəcəyəm. Mən bəyanat verə bilən yeganə şəxsəm. Üçüncü Dünya müharibəsinin qarşısını alacağam", - deyə bildirib.
Ümumiyyətlə, ABŞ-də seçki marafonu ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Co Bayden geri çəkildikdən sonra vəziyyət bir qədər dəyişib. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson deyib ki, Kamala Harrisin seçkilərdə namizədliyi demokratların mövqeyini gücləndirməyəcək. Çünki o, hazırkı dövlət başçısı Co Baydenin uğursuz siyasətinin həmmüəllifi olub: "Demokratlar Partiyasının perspektivləri Bayden administrasiyasının siyasi uğursuzluqlarının həmmüəllifi olan vitse-prezident Kamala Harrislə yaxşılaşmayacaq".
ABŞ-nin vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens isə hesab edir ki, keçmiş prezident Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kimliyindən asılı olmayaraq qalib gələcək: "Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kimliyindən asılı olmayaraq bunu edəcəyik".
O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib: "Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub".
Bir sözlə, prezident seçkilərinə dörd aydan az müddət qalmış bir vaxtda dünyanın diqqəti Amerikadadır. Son baş verən hadisələr isə yalnız siyasətçilər deyil, eyni zamanda dünya ictimaiyyəti arasında seçkilərlə bağlı müxtəlif fikirlərin, versiyaların səsləndirilməsinə rəvac verib.
Əgər Kamala Harris noyabrın 5-də keçiriləcək seçkidə qalib gələrsə, ABŞ-nin ilk qadın və hind-əsilli, asiyalı prezidenti olacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"