Çəkiləcək 1100 kilometrlik xətlə Azərbaycan "yaşıl enerji" ixrac edəcək
Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasından bir ilə yaxın vaxt keçir. Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturun yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin də özünəməxsus çətinlikləri və spesifik cəhətləri var. Bu baxımdan sözügedən layihə necə irəliləyir?
Əvvəla xatırladaq ki, bu sazişi keçən il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalamışlar. Mərasimdə Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də iştirak etmişdilər. Elə həmin gün bu məsələ ilə bağlı plenar iclas keçirilmişdi.
Rumıniya Prezidenti Klaus Yohannis perspektivdə görülməli işlərin çox olduğunu bildirərək demişdi: "Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alırıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir".
Beləliklə, bərpaolunan enerjinin inteqrasiya edilməsi üçün münasib interkonnektorlara ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu sazişin Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracağını və təmiz enerjiyə keçidə nail olmağa dəstək verəcəyini bildirdi.
Azərbaycan Avropaya "yaşıl enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. Cari il noyabrın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin beşinci iclasının keçirilməsi də buna aydın misaldır. Tədbirdə Azərbaycan energetika naziri Pərviz Şahbazov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstan Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniya energetika naziri Sebastian Burduja tərəfindən təmsil olunub. Görüşdə eləcə də Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və "CESI" şirkətinin nümayəndələri də iştirak ediblər.
İclasda Azərbaycanda bərpaolunan enerji potensialının reallaşdırılması və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafının cari vəziyyətindən geniş bəhs olunub. Bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin "yaşıl enerji" potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təxminən bir il əvvəl sözügedən ölkələr vahid mövqedən çıxış edərək "yaşıl enerji" dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyiblər. Bu layihə Azərbaycanın "yaşıl enerji"nin təchizatçısına çevrilmək planlarının tərkib hissəsidir. Sözügedən dəhlizlə 4 QVt həcmində "yaşıl enerji"nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. "Yaşıl enerji" tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpaolunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir.
Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə "CESI" məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlərə baxılıb.
Dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün artıq tender də keçirilib. Prosesin tamamlanmasından sonra dərhal texniki-iqtisadi əsaslandırmaya başlamaq nəzərdə tutulur. Tezliklə birgə müəssisənin yaradılması vacib məsələ kimi qarşıda dayanır. Bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə dekabrda Bakıda 4 ölkənin ötürücü sistem operatorlarının görüşünün keçirilməsi qərara alınıb. Növbəti iclasın isə gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və bu istiqamətdə "yaşıl enerji platforması"nın yaradılması razılaşdırılıb.
Noyabrın 21-də Macarıstanın paytaxtında eləcə də "Yaşıl dəhliz"ə üzv dövlətlərin - Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın 5-ci nazirlər iclasının nümayəndə heyətlərinin başçılarının mətbuat konfransı keçirilib. Ev sahibi kimi mətbuat konfransını açıq elan edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Gürcüstan, Qara dənizin dibi, daha sonra Bolqarıstan və Rumıniya ərazisindən "yaşıl enerji"nin ölkəsinə gətirilməsi layihəsinin icra edilməsində hazırkı müzakirələrin əhəmiyyətini vurğulayıb.
Axı söhbət adi bir layihədən getmir. Dənizin dibi ilə təxminən 1100 kilometr uzunluğunda kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Onu da vurğulayaq ki, bu layihə Avropanın "yaşıl enerji" təchizatçısı olmaq planlarımızın yalnız bir hissəsidir. Ölkəmizin 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməsi gözlənilir. Bunun da 80 faizi ixrac olunacaq.
Flora SADIQLI,
"Azərbaycan"