07 Yanvar 2022 00:24
1257
Səhiyyə
A- A+
“Delta”, “Alfa”, “Beta”, “Qamma”, “Omikron”...

“Delta”, “Alfa”, “Beta”, “Qamma”, “Omikron”...

 

Ötən il 3,7 milyon insanın həyatına son qoyan COVID-in yeni mutasiyaları artmaqda davam edir

 

Dünyada COVID-19-la bağlı epidemioloji vəziyyətin normallaşdırılması üçün koronavirusa qarşı vaksinləşdirmənin genişləndirilməsinə, insanların kütləvi toplaşmasının qarşısını almaqdan ötəri qapanmaların, məhdudiyyətlərin qoyulmasına və digər çoxsaylı tədbirlərin görülməsinə baxmayaraq, SARS-CoV-2 virusu 2021-ci ildə də yeni mutasiyaları ilə yayılmağa davam etdi və insanlarda pandemiyanın bitməsi ilə bağlı ümid yaratmadı.

Ötən il ortaya çıxan variantlardan bir neçəsi daha təhlükəli hesab edildi ki, onların arasında ilk dəfə Hindistanda müəyyən edilmiş “Delta” (B.1.617.2) hazırda bütün ölkələrdə ən çox yayılmış ştamıdır. Digər mutasiyalar - “Alfa” (B.1.1.7) ilk dəfə Böyük Britaniyada, “Beta” (B.1.351) ilk dəfə Cənubi Afrikada, “Qamma” (S.1) ilk dəfə Braziliyada aşkarlandı.

 

“Omikron” kütləvi immunitetin yüksək olduğu ölkələrdə də sürətlə yayıldı

 

Ümumilikdə 2021-ci ilin ən dominant mutasiyası yaz aylarından Hindistandan yayılmağa başlayan “Delta” olsa da, noyabr ayının sonlarından ortaya çıxan “Omikron” çox qısa zaman ərzində yayılma arealını sürətlə genişləndirə bildi. Artıq 105-dən çox ölkədə rast gəlinən, yüksək yoluxuculuğuna görə özündən əvvəlki bütün mutasiyaları qabaqlayan “Omikron” hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə “Delta” ştamından daha sürətlə yayılır. Yalnız Cənubi Afrikada deyil, Böyük Britaniyada xəstəxanaya yerləşdirilən “Omikron”lu xəstələrin sayının getdikcə artması bunu təsdiqləyən hallardan biridir.

Azərbaycanın rəsmi məlumatlarına görə, ölkəmizdə indiyədək “SARS-CoV-2” virusunun “Delta” və “Alfa” variantları aşkar olunub. “Omikron”a yoluxma isə heç bir rəsmi məlumatlarda öz əksini tapmayıb.  Amma arxayınlaşmaq olmaz. Çünki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus ötən ilin sonunda keçirdiyi mətbuat konfransında “Omikron”un dünyada sunami təsiri yarada biləcəyindən böyük narahatlıq hissi keçirdiyini bildirib. O, yeni ştamın ciddi qəbul edilməməsinin ağır nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı dünya ictimaiyyətinə xəbərdarlıq edib.

 

Yoluxanların sayı 300 milyona yaxınlaşır

 

İndiyədək koronavirusa dünyada 298 milyon nəfərdən çox insan yoluxub, 5,5 milyona yaxın insan isə bu virusdan dünyasını dəyişib. Onlardan 3,7 milyonu yalnız 2021-ci ilə aiddir. Alimlərin bundan sonra da COVID-in yeni mutasiyalarının ortaya çıxacağını istisna etməməsi o deməkdir ki, bu say hələ artacaq, pandemiya isə davam edəcək.

Pandemiyaya səbəb olan virusun mənşəyinin öyrənilməsindən ötrü 2021-ci ildə də  ÜST tərəfindən elmi tədqiqat işləri davam etdirilib. Ötən ilin yanvarında ÜST-ün komandası bu məqsədlə pandemiyanın yaranma mərkəzi olan Çinin Uhan şəhərinə səfər etsə də, araşdırma nəticəsində hər hansı yeni məlumat toplanılmadı. Nümayəndə heyəti bildirib ki, virusun mənbəyi ilə bağlı müxtəlif ssenarilər var. Ən yüksək ehtimal virusun heyvandan - yarasalardan insanlara keçə biləcəyi ilə bağlıdır. 

2020-ci ildə ölkələr pandemiya ilə bağlı davamlı olaraq daha sərt qapanmalara getsələr də, bu, 2021-ci ildə ardıcıl davam etmədi. COVID-ə yoluxma hallarının artması, o cümlədən “Omikron”un getdikcə yayılması ilə əlaqədar Yeni il bayramı ərəfəsində görülən sərt tədbirlər nəzərə alınmazsa, keçən il bu sahədə yumşalmalar daha çox hiss edildi. Bir çox dövlətlər müəyyən şərtlər daxilində öz sərhədlərini turistlərin və xarici qonaqların üzünə açdılar. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda keçən il pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanıldı və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldıldı. Belə ki, daha sərt məhdudiyyətlərin qoyulmasına ehtiyac yaranmadı.

 

Peyvəndlər və maskalar hələ də koronavirusa qarşı təsirli sayılır

 

Dünyada pandemiya ilə bağlı son iki ildəki vəziyyət COVID-in hər bir yeni variantının əvvəlkindən daha yoluxucu olduğunu göstərdi. Nəticədə insanlar hər dəfə daha sürətlə yayılan yeni bir dalğa ilə rastlaşmalı oldular. Bəs dəfələrlə mutasiyaya uğrayan bir virus üçün pandemiya başlayarkən elan edilən profilaktik qorunma vasitələri - peyvəndlər və tibbi maskalar hələ də təsirli sayılırmı? Bunun cavabı birmənalı olmasa da, mütəxəssislər, o cümlədən ÜST-ün nümayəndələri düşünürlər ki, neçə dəfə mutasiya etməsindən asılı olmayaraq, mövcud vaksinlər və tibbi maskalardan istifadə COVID-in bütün növlərinə qarşı hələ də təsirlidir. Buna görə koronavirusdan ölümün, xəstəliyin şiddətinin azaldılması məqsədilə peyvənd vurdurmaq, tibbi maskalardan istifadə etmək insanlara virusdan ən effektiv qorunma üsulu kimi  tövsiyə edilir.

2021-ci ildə vaksinasiya sahəsində çox ciddi irəliləyişlərin əldə edilməsinə baxmayaraq, peyvəndləmə sahəsindəki qeyri-bərabərlik mübarizə işinin keyfiyyətinə əsaslı şəkildə təsir etməklə onun effektivliyini azaldır. Hazırda aşağı gəlirli ölkələrdə insanların yüzdə yeddisindən bir qədər çoxu peyvəndlərin bir dozasını alırsa, yüksək gəlirli ölkələrdə bu nisbət 75 faizdən çoxdur. Buna görə də insanların həyatlarını xilas etmək üçün effektiv və təhlükəsiz COVID-19 peyvəndlərinə geniş çıxışın olmasına ehtiyac var. ÜST-ün rəhbərlik etdiyi “COVAX” proqramı 2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 20 faizinin peyvənd edilməsini nəzərdə tuturdu. Ancaq dünyanın əksər ölkələri bunu edə bilməyib. Vaksinləşdirmə sahəsindəki qeyri-bərabərliyi aradan qaldırmaqdan ötrü “SARS-CoV-2” vaksinlərinin siyahısını genişləndirən ÜST ötən ilin sonunda Amerikanın “Novavax” şirkətinin lisenziyası əsasında Hindistanın Serum İnstitutu tərəfindən istehsal edilən “Covovax” koronavirus peyvəndini təcili istifadə üçün təsdiqləyib. ÜST-ün qənaətincə, bu, aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün göstərilən səylərə təkan verəcək.

Təşkilatın Baş direktoru Tedros Adanom Gebreyesus bu fikirdədir ki, peyvəndləmə səviyyəsinin yüksəldilməsi sayəsində dünya ictimaiyyəti COVID-19 pandemiyasına son qoya bilər. O, keçən ilin son günlərində keçirdiyi mətbuat konfransında bildirib ki, pandemiyanın bitməsi üçün  2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır. Bu qlobal məqsədə çatmaq üçün bütün ölkələrin birlikdə çalışması vacibdir.

 

Azərbaycan nümunəsi beynəlxalq səviyyədə dəyərləndirilib

 

Pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olan Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardımdır. Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.

Azərbaycanın təkcə beynəlxalq arenada deyil, ölkə daxilində də son 3 il ərzində pandemiya ilə mübarizə sahəsində göstərdiyi müfəssəl səylər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

Azərbaycan dünyada COVID-ə qarşı vaksinləşdirməyə başlayan ilk ölkə olaraq bu sahədə əhəmiyyətli addımlar atıb. Ölkədə 2021-ci il yanvarın 18-dən başlayan koronavirusa qarşı vaksinasiya dövlət hesabına aparılır. İlkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanılan COVID peyvəndlərindən mərhələli şəkildə digər əhali qrupları da yararlanıblar. Hazırda bu proses davam edir. 2021-ci ildə Azərbaycanda hətta ÜST-ün tövsiyəsinə uyğun olaraq, 16-18 yaşlı yeniyetmələrə könüllülük əsasında

COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlanılıb.  “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycanda üçüncü peyvənd dozası da vurulur.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!