Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin aparıcı qlobal maliyyə institutları və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaydığı məlumata istinadən xəbər verir ki, forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın institusional investorlar üçün strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini təsdiqləyir.
İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, Forumda keçirilən görüşlər göstərir ki, ölkəmizdə mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici sərmayələrin cəlb olunması baxımından strateji investisiya prioritetləri kimi müəyyən edilib. İİTKM-in şöbə müdiri xüsusilə qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” və “Global Infrastructure Partners” arasında imzalanan niyyət protokolu ölkənin suveren sərvətlərinin qlobal dəyər zəncirinə daha dərin inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Məlumat mərkəzləri, süni intellekt infrastrukturu və hava limanı infrastrukturu kimi sahələrin prioritetləşdirilməsi ARDNF-in investisiya portfelində ənənəvi aktivlərdən, yüksəktexnoloji və real sektoryönümlü aktivlərə mərhələli keçidi əks etdirir. Bu yanaşma həm gəlirliliyin diversifikasiyası, həm də uzunmüddətli dayanıqlığın təmin olunması baxımından müasir suveren fond idarəetmə prinsiplərinə tam uyğun hesab olunur.
Lətif Zeynallı vurğulayıb ki, “J.P. Morgan”, “DP World”, “Vestas Wind Systems” və “BTG Pactual” kimi aparıcı şirkətlərlə aparılan müzakirələr Azərbaycanın makroiqtisadi sabitliyinin və fiskal intizamının beynəlxalq maliyyə bazarlarında yüksək etimad qazandığını təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından artıq olan “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ölkəmizdə sabit və etibarlı investisiya mühitinin mövcud olduğunu xüsusilə qeyd edib. Görüşlər zamanı təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edən “BTG Pactual” şirkətinin sədri Andre Esteves ARDNF ilə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələrin aparıldığını, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqların davam etdirildiyini vurğulayıb. Bundan başqa, SOCAR-ın fəaliyyətinin maliyyələşdirilməsi, bərpaolunan enerji və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlıq imkanları ölkənin qeyri-neft sektorunun dərinləşdirilməsi və yaşıl transformasiya gündəliyinin praktik investisiya alətlərinə çevrildiyini göstərir.
İİTKM-in şöbə müdiri yekun olaraq əlavə edib ki, Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbiri bir daha göstərir ki, Azərbaycan artıq qlobal iqtisadi gündəmdə strateji qərarların formalaşdığı, uzunmüddətli investisiya baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Tədbir zamanı aparılan müzakirələr ölkənin geosiyasi reallıqlar fonunda balanslaşdırılmış diplomatiya, institusional davamlılıq və iqtisadi rasionalizm üzərində qurulmuş inkişaf modelini aydın şəkildə nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni qlobal kapital üçün aşağıriskli və yüksək strateji dəyərə malik investisiya məkanı kimi mövqeləndirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi sistemdə passiv iştirakçı deyil, regional və qlobal proseslərə təsir göstərən fəal aktor kimi çıxış edir. Formalaşdırılan etibarlı institusional mühit, strateji coğrafi mövqe və praqmatik iqtisadi siyasət ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyini daha da gücləndirir və Davos platformasında aparılan müzakirələr bu reallığın beynəlxalq səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir.