Böyük qayıdış Qarabağ və Şərqi Zəngəzura yeni həyat gətirir
Qarabağın son otuz ildən artıq tarixi Azərbaycan üçün müharibə və işğalın ağır nəticələri, məcburi köçkünlük, dağıdılmış şəhər və kəndlərlə yanaşı, torpaqların azad edilməsi, böyük quruculuq və insanların doğma yurdlarına qayıdışı ilə yadda qalır. Bir zamanlar həyatın dayandığı, evlərin xarabalığa çevrildiyi ərazilərdə bu gün yeni yaşayış məhəllələri salınır, məktəblər tikilir, yollar çəkilir, müəssisələr yaradılır. Qarabağın mənzərəsi dəyişdikcə onun tarixində də yeni səhifə açılır.
Lakin quruculuq keçmişi unutmaq demək deyil. Əksinə, bu torpaqlarda yüksələn hər yeni bina, bərpa edilən hər abidə və doğma yurduna qayıdan hər ailə ötən onilliklərin nə qədər ağır olduğunu bir daha xatırladır. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında qaldı. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 mindən çox insan həlak olmuşdu. 1988-1993-cü illərdə yüzlərlə yaşayış məntəqəsi, minlərlə yaşayış və ictimai bina, məktəb, tibb müəssisəsi, kitabxana və digər obyektlər dağıdılmışdı. İşğal yalnız insanların öz evlərindən didərgin düşməsi ilə nəticələnməmişdi. Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni simasına, dini irsinə, iqtisadi və sosial infrastrukturuna da böyük ziyan dəymişdi. Ağdam, Füzuli və digər yaşayış məntəqələrinin azad edilməsindən sonra üzə çıxan mənzərə dağıntıların miqyasını göstərirdi.
Tarixi və dini abidələr də bu dağıntılardan kənarda qalmayıb. İşğaldan azad olunmuş ərazilərdə məscidlərin, qəbiristanlıqların və digər mədəni irs nümunələrinin dağıdılması və təhqir olunması ilə bağlı faktlar qeydə alınıb. Azərbaycan tərəfinin açıqladığı məlumatlarda işğal altındakı ərazilərdə mövcud olmuş 67 məsciddən 65-nin tamamilə dağıdıldığı bildirilir. Bu gün həmin abidələrin bir hissəsi bərpa olunur, digərləri isə konservasiya edilərək gələcək nəsillər üçün qorunur. Bu mənada Qarabağın bərpası yalnız şəhərsalma layihəsi deyil. Bu proses həm də tarixi yaddaşın, mədəni irsin və bir vaxtlar pozulmuş həyat ritminin bərpasıdır.
2020-ci ildən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa-quruculuq işləri regionun simasını sürətlə dəyişir. Yeni avtomobil yolları, tunellər, körpülər, elektrik stansiyaları, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və istehsal müəssisələri yaradılır. Şəhər və kəndlər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Bu prosesin ən mühüm istiqaməti isə insanların geri qayıtmasıdır. Çünki şəhəri yalnız binalar deyil, orada yaşayan insanlar yaşadır. Otuz ilə yaxın öz doğma yurdlarından kənarda yaşayan keçmiş məcburi köçkünlərin geri dönüşü Qarabağın dirçəlişinin əsas göstəricilərindən birinə çevrilib.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Böyük Qayıdışın hazırkı miqyasına diqqət çəkib: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq”.
Bu rəqəmlərin arxasında minlərlə insan taleyi dayanır. İllərlə doğma yurdlarını yalnız xatirələrində yaşadan insanlar indi həmin torpaqlarda yenidən ev qurur, övladlarını məktəbə aparır, təsərrüfat yaradır, işləyirlər. Bir vaxtlar köçkünlük ünvanı olan ailələrin həyatında “qayıdış” anlayışı artıq arzu deyil, reallıqdır. Böyük Qayıdışın mahiyyəti də məhz bundadır, insanları yalnız əvvəl yaşadıqları coğrafiyaya qaytarmaq yox, həmin ərazilərdə dayanıqlı həyat qurmaq. Bunun üçün yaşayış evləri ilə yanaşı, iş yerlərinin, məktəblərin, səhiyyə və sosial xidmətlərin, nəqliyyat və kommunal infrastrukturun yaradılması vacibdir.
Quruculuğun sürəti nə qədər yüksək olsa da, Qarabağın keçmişi yeni şəhərlərin kölgəsində qalmamalıdır. Çünki otuz ilə yaxın davam edən münaqişənin ağrısı minlərlə ailənin həyat tarixinin bir hissəsidir. Prezident İlham Əliyev sentyabrın 15-dəki çıxışında müharibə illərində Azərbaycanın mövqeyini belə ifadə edib: “Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq”.
Bu gün qarşıda duran əsas məsələlərdən biri müharibədən sonrakı mərhələdə regionda uzunmüddətli sabitliyin təmin olunmasıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi son illərdə regional siyasətin əsas mövzularından birinə çevrilib. Bakı sülh prosesini dəstəklədiyini bəyan edir və regionda qarşıdurma səhifəsinin bağlanaraq əməkdaşlıq imkanlarının genişlənməsini öz mövqeyində önə çəkir. Ancaq sülh keçmişin silinməsi deyil. Tarixi yaddaşla gələcəyə baxmaq bir-birini istisna edən anlayışlar olmamalıdır. Əksinə, yaşanmış faciələrin unudulmaması gələcək nəsillərin müharibənin hansı nəticələrə gətirib çıxardığını bilməsi baxımından əhəmiyyətlidir.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan İşğal və Zəfər muzeyləri, bərpa olunan tarixi və dini abidələr, qorunan dağıntılar da bu yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bir tərəfdə işğal dövrünün izləri, digər tərəfdə isə həmin torpaqlarda qurulan yeni şəhərlər, kəndlər dayanır. Bu iki mənzərə əsarətdən xilas olmuş torpaların dünəni ilə bu günü arasındakı fərqi ən aydın şəkildə göstərir. Qarabağ məsələsinin sonrakı mərhələsi Azərbaycanın beynəlxalq və regional əlaqələri ilə də sıx bağlıdır. Türk dünyası, Qafqaz ölkələri və İslam dünyası ilə münasibətlərin genişləndirilməsi Bakının xarici siyasət gündəliyində mühüm istiqamətlərdəndir. Prezident İlham Əliyev sentyabrın 15-dəki görüşdə bu məsələyə toxunaraq bildirib: “...bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.
Otuz ilə yaxın davam edən işğalın vurduğu zərərin aradan qaldırılması uzunmüddətli prosesdir. Dağıdılmış şəhəri yenidən tikmək mümkündür, yolları və körpüləri bərpa etmək olar. İnsanların yaddaşında qalan itkiləri isə heç bir tikinti əvəz edə bilməz. Azərbaycan üçün Qarabağın yeni mərhələsinin əsas mənası da burada üzə çıxır, keçmişin dərslərini unutmadan gələcəyi qurmaq. Müharibənin dağıtdığını sülh və quruculuqla əvəz etmək, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və davamlı həyatını təmin etmək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”