18 iyun
2026-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “V.T. və digərlərinin
Azərbaycana qarşı” məhkəmə işi üzrə qərar qəbul edərək guya V.T. adlı erməni hərbçisinə işgəncə verilərək
öldürülməsi və onun yaxınlarına mənəvi iztirablar verilməsinə görə Azərbaycan tərəfinin
104 min avro pul ödəməsini qət etmişdir.
Hərbçi V.T.-nin
valideynləri və bacısı AİHM-ə müraciət edərək 2016-cı ilin Aprel döyüşlərindən
sonra humanitar təşkilatların dəstəyi ilə erməni hərbçilərinin meyitlərinin
tapılaraq ailələrinə qaytarılmasını, lakin bəzi meyitlərdə başın, əllərin və
digər orqanların aşkar olunmadığını bildirmişlər. Onların dediyinə görə, guya
hadisədən bir il sonra internet resurslarında azərbaycanlı hərbçilər olması
ehtimal edilən şəxslər tərəfindən kəsilmiş insan başı nümayiş etdirilmiş, həmin
şəklin V.T-yə aid olduğunu yaxınları AİHM-ə bildirmiş, sonuncu adıçəkilən məhkəmə
qərar çıxararkən əsas sübut kimi məhz bu xüsusatı daha “mötəbər” hesab
etmişdir. Meyitin erməni qüvvələri tərəfindən tapılaraq götürüldüyündən belə
bir cinayətin həqiqətən baş verməsinin araşdırılması üçün Azərbaycan tərəfinin
real imkanının olmadığını isə məhkəmə, ümumiyyətlə, nəzərə almamışdır.
Məhkəməyə təqdim edilən erməni tərəfinin arqumentlərindən
birinin olduğu başın fotoşəklinin məhkəməyə inandırıcı görünməsi ilə bağlı qeyd
etmək lazımdır ki, bu yanaşmanın nə qədər ədalətsiz, qərəzli və qeyri-obyektiv
olması barədə qənaətə gəlmək üçün elə də xüsusi biliyə malik olmaq lazım deyil.
Ən azından bədənin həmin hissəsinin kiçicik də olsa, nümunələrinin olacağı
halda və bu nümunələrin bədəndən zəruri komponentlər götürülməklə (ekshumasiya
yolu ilə əldə edilməklə) müqayisəli şəkildə DNT analizi vasitəsilə dürüstləşdirildikdən
sonra bədənin konkret hissələrinin eyni şəxsə məxsusluğu barədə əsaslandırılmış
fikir söyləmək və yalnız bundan sonra hansısa hüquqi nəticəyə gəlmək olardı.
Əks halda bir o qədər də uzaq olmayan tarixi
keçmişimizdə erməni millətçilərının hansı təxribatlarla siyasi niyyətlərinə cəhd
etmələrinə dair coxsaylı nümunələr sadalamaq olar. Məsələn, 1988-ci
ilin 27-28 fevralında Sumqayıt şəhərində baş vermiş kütləvi iğtişaşlar zamanı
erməni və digər millətlərin nümayəndələrinin, o cümlədən 6 azərbaycanlının qətlə
yetirilməsi ilə bağlı ovaxtkı SSRİ Prokurorluğunun istintaq qrupu müəyyən
etmişdi ki, həmin hadisələrin əsas təşkilatçısı məhz milliyyətcə erməni Eduard
Qriqoryan olmuşdur. Ermənilərin əksəriyyəti bu hadisələr barədə qabaqcadan məlumatlı
olmaqla yerli Əmanət Bankından milyon manata yaxın (həmin dövrdəki pulla) vəsait
çıxarmışdır. Ermənilər tərəfindən əvvəlcədən bu hadisələrin videoçəkilişi üçün
tədbirlər görülmüş və sonrakı günlər həmin çəkilişlər qərəzli şərhlərlə dünya
ictimaiyyətinə çatdırılmışdır. E.Qriqoryan məhkəmə
hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdir. Bu fakt ermənilərin Azərbaycanı
sivil dövlət kimi nüfuzdan salmaq, siyasi institutlarımıza sarsıdıcı zərbə
vurmaq niyyətindən xəbər verir. Bu yerdə yada salmaq yerinə düşərdi ki, Osmanlı
imperiyasının süqutunun səbəblərindən biri də Türkiyədə yaşayan erməni milliyyətçilərinin
təxribatları və törətdikləri terrorlar olmuşdur.
Bunları sadalamaqla Aprel döyüşlərində erməni hərbçilərinin
bədən hissələrinin kəsilməsini elə erməni separatçılarının özlərinin həyata
keçirmələrini, məqsədlərinin isə həmin dövrdə dünya ictimaiyyətində Azərbaycan
dövləti haqqında kəskin neqativ imic yaratmaq və özlərinin qondarma “artsax
respublikası”na Avropa siyasi dairələrində dəstək almaq olmasını qabartmaq istərdik.
Avropa siyasətçiləri erməni millətçisi Zori Balayanın
Xocalı hadisələri ilə bağlı yazdığı “əsər”ləri ilə azca tanış olsaydılar,
separatçı rejimdə hansı iyrənc metodların olduğuna dair şübhələri qalmaz və bəlkə
də AİHM-in qeyd edilən qərarlarına daha obyektiv yanaşardılar. Hər bir halda məhkəmə
artıq qərar qəbul edib və dövlətimiz beynəlxalq hüquqi prosedurlar çərçivəsində
bu ədalətsiz, qərəzli qərara münasibətini sərgiləyəcək. Çünki:
- həmin cinayət hadisələrində dövlətin və hərbçilərin
nümayəndələrinin iştirakına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməyib;
- həmin hadisələr zamanı aktiv döyüş şəraiti mövcud
idi və Azərbaycan dövləti həmin ərazidə kriminogen hadisələrə müdaxilə etmək
imkanında olmayb;
- döyüş şəraitindən ötən 10 il ərzində bu məsələ
qaldırılmayıb, hansısa cinayət faktı barədə Azərbaycan tərəfinə müraciət edilməyib;
- meyitin təhqir olunması erməni sepatatçılarının özləri
tərəfindən gələcək siyasi məqsədlər üçün reallaşdırıla bilərdi;
- AİHM-in qərarı ağlabatan və mötəbər sübutlar olmadan
qəbul edilib, məhkəmənin belə şəraitdə qərar verməsi səlahiyyəti isə hüquqi
mübahisə mövzusudur.
Bunlardan əlavə, Avropa Şurası Parlament
Assambleyasında Azərbaycanın indiki mərhələdə səs hüququnun olmaması da AİHM-in
qərarlarının icrasından imtina edilməsi üçün müəyyən əsaslar verir.
Göründüyü kimi, Avropa siyasi institutları Azərbaycana
qarşı qərəzli mövqeyini hər addımda davam etdirir ki, bu da dövlətimizin həm
hüquq-mühafizə, həm də siyasi strukturlarının ayıq-sayıqlıqlarını itirməməyi,
işğal olunmuş torpaqlarımızın tam azad edilməsi ilə barışmaq istəməyən bəzi
xarici revanşist və siyasi qüvvələrə qarşı hüquqi və siyasi prosedurlar çərçivəsində
qətiyyətli mövqe sərgiləməyə fokuslanmasının zəruriliyini
ön plana çəkir.
Müqəddəs SULTANOV,
Azərbaycan Respublikası Milli Məclisi
Aparatı rəhbərinin Məhkəmə hakimiyyəti orqanları ilə
əlaqələr
sektorunun müdiri