Azərbaycan noyabrın 11-dən 22-dək hər il fərqli ölkədə keçirilən dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.
İqlim problemlərinin və onun bəşəriyyətdə yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə hər il keçirilən qlobal əhəmiyyətli COP konfranslarının növbəti müzakirə sessiyasının ölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq statusunun dəyişməsi ilə müşahidə olunur. Rəsmi Bakı bu tip mötəbər tədbirə evsahibliyi etməklə həm dünya ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll yollarının tapılmasına kömək etməyə hazır olduğunu elan edir, həm də baş verməkdə olan enerji keçidi prosesini dəstəkləməklə yeni - "yaşıl enerji" sahəsində strateji oyunçu statusunu əldə etmək niyyətində olduğunu bildirir. Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29 konfransında dünyanın inkişaf etmiş, inkişafda olan, yoxsul ölkələri arasında müzakirələrin təşkili, iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyə təminatının həll edilməsi kimi qlobal mövzularda fikir mübadilələrinin təşkili Bakı şəhərinin və Azərbaycan diplomatiyasının nüfuzunun artmasına xidmət edir.
Konfransın mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan getdikcə qlobal əhəmiyyətli müzakirələrin ev sahibinə çevrilir və bu, Azərbaycanın gələcəkdə siyasi mövqelərinin güclənməsinə xidmət edəcək.
COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. Neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl enerji" növlərinin yaradılmasını və "yaşıl enerji"nin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı "yaşıl enerji" bölgəsi adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə "yaşıl enerji" istehsalçısına və istehlakçısına çevrilə bilər. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Həmin potensial ölkədə ekoloji mühitin yaxşılaşdırılması və turizm cəlbediciliyinin artırılması ilə yanaşı, elektrik ixracı potensialının yüksəldilməsi baxımından da mühüm dividendlər vəd edir. Azərbaycanın "yaşıl enerji" sahəsində reallaşdırdığı layihələrin əsas məqsədlərindən biri də ölkədə elektrik enerjisi istehsalına sərf olunan böyük həcmdə təbii qaza qənaət olunması və Avropaya ixracın həcminin artırılmasıdır.
Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su-elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq "Cəbrayıl" qovşaq yarımstansiyası istismara verilib. Həmçinin "yaşıl enerji" strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su-elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq "Azərenerji" tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq "Qorçu" yarımstansiyasının və "Laçın" şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" Kiçik Su-Elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin "Azərenerji"nin yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli" Su-Elektrik Stansiyasının açılışında da iştirak edib. Həmçinin ötən ilin dekabr ayında isə 110 kilovoltluq "Ağdam" qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.
Bundan başqa, ötən il işğaldan azad edilən ərazilərdə "Azərenerji"nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb. Bu ilin yanvar-avqust aylarında isə Laçın rayonunda "Zabux" və "Qarıqışlaq" Kiçik Su-Elektrik stansiyaları, Zəngilan rayonunda "Zəngilan" və "Şayıflı" Su-Elektrik stansiyaları istifadəyə verilib. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edəcək su-elektrik stansiyalarının tikintisi davam edir. Göründüyü kimi, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir.
Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan regionda təmiz və "yaşıl iqtisadiyyat"ın formalaşmasına töhfə verən ölkələrdəndir.
O vurğulayıb ki, hazırda ümumi enerji istehsalında "yaşıl enerji"nin payı 17 faizdən çoxdur: "Bu da təbii ki, "yaşıl enerji" istehsalının artımı deməkdir. Azərbaycan 2030-cu ilədək bu rəqəmi 30 faizə qədər yüksəltmək niyyətindədir. Eyni zamanda "yaşıl iqtisadiyyat"ın formalaşması ilə yanaşı, karbon emissiyasının azaldılması da Azərbaycanın əsas hədəfləri siyahısındadır. Belə ki, 2030-cu ilədək Azərbaycan karbon emissiyasını 35 faizə yaxın azaltmaq niyyətindədir. 2040-cı ilədək bu rəqəm 50 faizədək yüksələ bilər".
V.Bayramov vurğulayıb ki, Azərbaycanın qlobal karbon emissiyasında payı 0,1 faizdir. "Bu ondan xəbər verir ki, Azərbaycan təmiz və "yaşıl iqtisadiyyat"ı dəstəkləyən ölkələrdəndir. Digər tərəfdən, "yaşıl enerji"nin ümumi enerji istehsalında payı artıb, həmçinin karbon emissiyasının azaldılması istiqamətində də ciddi tədbirlər görülür. Təbii ki, bütün bu və digər amillər COP29 prinsiplərinə uyğun olaraq "yaşıl enerji"nin formalaşmasına töhfəsini göstərən əsas faktlardandır. Bu da ondan xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın regional və qlobal təşəbbüslərə daha yaxından dəstək verməsi ilə yanaşı, Azərbaycanda müəyyənləşdirilmiş hədəflərin qlobal hədəflərdən üstün olması ilə əlaqədardır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan enerji sektorunda ənənəvi iqtisadiyyat strukturundan daha innovativ və təmiz iqtisadiyyata keçidi sürətlə həyata keçirir", - deyə o qeyd edib.
Beləliklə, Azərbaycan enerji keçidini dəstəkləməklə yanaşı, həm də yeni - bərpaolunan və ya digər adla "yaşıl enerji" üzrə "qlobal klubun" üzvünə çevriləcək.