(sənədli hekayə)
Ziyayla Zəfər hərbi məktəbdə eyni kursda oxuyurdular. Onların bir-biriylə sözləri də, xasiyyətləri də yaxşı tuturdu. Asudə vaxtlarında söhbət edib dərdləşər, ötüb keçənlərdən danışa-danışa bir-biriləri ilə daha yaxından tanış olardılar.
Dostların xasiyyətləri kimi, dərdləri də, taleləri də oxşar idi. Ermənilər onların ikisini də kiçik yaşlarından doğma ocaqlarından didərgin salmışdılar. Zəfər Şuşada, Ziya isə Qubadlıda doğulmuşdu. İllərdən bəri düşmən işğalında qalmış el-obalarının adları dillərindən düşmürdü. Arxada qalmış günlər xatırlandıqca kövrək xatirələr ilmə-ilmə çözələnirdi.
Yaxşı əl qabiliyyəti olduğuna görə Ziya müxtəlif mövzularda rəsmlər çəkirdi. Kənddəki evlərinin şəklini də kətan üzərinə köçürüb yatdığı yerin yuxarısından asmışdı. Bacarığını nəzərə alan məktəb rəhbərliyi Ziyaya klubda otaq ayırmışdı. O, çox zaman asudə vaxtlarında bura gəlir, yaradıcılıqla məşğul olurdu. Ötən müddət ərzində təkcə Xocalı faciəsi mövzusunda iyirmidən çox əsərə həyat vermişdi. Ziya bu rəsmlərdə fırçası ilə azərbaycanlılara qarşı soyqırımı törətmiş düşmənin vəhşi obrazını çox qabarıq şəkildə verməyi bacarmışdı.
Gələcəyin zabitləri söhbət edə-edə sanki şirin sözlərlə gələcək həyatlarının cizgilərini çəkirdilər. Bəzən söhbətləri bədbin notlar üstündə də köklənirdi. Günlərin birində Zəfər dostuna dedi:
- Ziya, yaxın vaxtlarda hərəmizi bir bölgəyə göndərəcəklər, yollarımız ayrılacaq. Dörd il idi üz-gözümüz bir-birimizə öyrəşmişdi. Kim bilir, bəlkə də, uzun müddət görüşməyəcəyik. Bəlkə də nə vaxtsa eyni hərbi hissədə xidmət edəcəyik. Biləsən ki, yaddaşımda sədaqətli dost kimi qalacaqsan. Sənə bir sözüm də var. Xahiş edirəm, dediklərimi zarafat kimi qəbul eləmə. Bax görərsən, gec-tez torpaqlarımızın azadlığı uğrunda müharibə başlayacaq. Zabit kimi biz də döyüşlərdə ön sıralarda vuruşacağıq. Gəl bir-birimizə söz verək ki, müharibədə hansımız şəhid olsaq, sağ qalanımız övladına onun adını qoysun.
Ziya onu qınayıb dedi ki, sən çox bədbin olma, qardaş!
Zəfər etiraz elədi:
- Ziya, həyatda hər şey gözləniləndir. Burada çətin nə var ki? Onsuz da, inşallah, övladlarımız dünyaya göz açanda onlara ad qoymalıyıq da!
Zəfərin sözlərindən sonra Ziyanın onunla razılaşmaqdan başqa yolu qalmadı. Həmin gün bu barədə bir-birilərinə söz verdilər.
İki həftədən sonra gənc zabitlərin buraxılış mərasimləri keçirildi. Leytenant rütbəsi aldıqlarına görə həmin gün dostların sevinci yerə-göyə sığmırdı.
Ziyanın qismətinə Füzuli istiqamətində xidmət etmək düşdü. Hərbi hissə komandiri gəldiyi ilk günlərdən gənc zabiti ön xəttə göndərmədi. Ona ordu sıralarına yenicə çağırılmış əsgərlərə təlim keçməyi tapşırdı. Ziya məşğələlər zamanı şəxsi heyətə həm hərbi bilikləri öyrədir, həm də düşmənlərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri qırğınlardan danışırdı. Ermənilərin Xocalıda törətdikləri soyqırımından kədər hissi ilə söz açırdı.
Zəfər Ağdam istiqamətində xidmət edirdi. Bu, onun ürəyincə idi. Çünki Şuşaya gedən yollar buradan keçirdi. O da neçə illər idi ki, ermənilər tərəfindən möhkəm-möhkəm bağlanmışdı. Xidmət etdiyi yerlərin təkcə ərazisi deyil, havası da ona doğma idi. Zəfər hərdən uca dağlardan əsən mehdən Şuşanın qoxusunu alırdı.
Ziyanın təcrübəsinə güvənən komandanlıq altı aydan sonra onu Lələtəpə istiqamətinə göndərdi. Həmin gündən gənc zabit ermənilərlə üz-üzə olan mövqelərdə dayandı. Dayandığı yüksəklikdən kiçik təpələrin ətəyindən burula-burula axan Araz çayı əl içi kimi aydın görünürdü. Ziya onun həzin şırıltısına qulaq asmaqdan doymurdu. Bu səs ona çox doğma idi. Çünki kəndlərində olanda bu şırıltı ilə yatıb-durardı. Amma payız günlərinin birində ermənilər qəflətən onların el-obalarına hücum etdilər. Yaşadıqları gözəl günlərin üstünə qan çiləndi. Belə çətin vaxtlarda Ziya valideynləri və bacıları ilə Arazın sahilinə güclə qaça bilmişdilər. O vaxtdan onların ağrı-acılarla dolu köçkünlük həyatı başlamışdı.
Dostu Zəfər nişanlanmışdı, bu gün-sabah toyu olacaqdı. Ziya da yaxın zamanlarda orta məktəb illərindən sevdiyi ilk məhəbbəti Zülfiyyəylə ailə quracaqdı.
***
Son vaxtlar atəşkəsi pozan ermənilər tez-tez Ziyagilin postlarına təxribat qrupları göndərirdilər. Novruz bayramı ərəfəsində ermənilər atəşlərini daha da gücləndirdilər. Aprel ayının birində isə qəfildən mövqeləri üzərinə hücuma keçdilər. Dörd gün çəkən döyüşdə Ziyagil erməniləri Lələtəpə yüksəkliyindən qovub çıxartdılar.
Aprel döyüşlərinin gərginliyi sovuşandan sonra Ziya Zəfərə zəng vurdu. Dediklərindən öyrəndi ki, onun xidmət etdiyi istiqamətdə elə də genişmiqyaslı döyüş olmayıb.
Zəfərin xeyir işindən altı ay sonra payız günlərinin birində Ziyanın da toyu oldu. Ürəkdən sevgi bəslədiyi Zülfiyyəylə ailə qurdu.
Bir dəfə Zəfər Ziyaya zəng vurub övladının dünyaya gəldiyini dedi. Eşitdiyi xəbərə sevinən Ziyanın da ürəyindən keçdi ki, kaş yaxın zamanlarda onun da evindən körpə qığıltısı eşidiləydi.
Həftələr, aylar bir-birinə düyünləndikcə illər də yavaş-yavaş qatarlanıb keçirdi. Bir müddətdən sonra Zəfəri dostunun xidmət etdiyi hərbi hissəyə göndərdilər. Hər ikisinin rütbəsi də, vəzifəsi də yüksəlmişdi. Mayor idilər, bir müddət əvvəl tabor komandiri təyin olunmuşdular. Ziyanın iki, Zəfərin üç uşağı var idi. Günləri xoş keçirdi. Onları kədərləndirən yalnız illərdən bəri doğma ocaqlarının işğalda qalması idi. Bir dəfə Zəfər dedi:
- Ziya, biz qaçqın düşəndə balaca uşaqlar idik. Maşallah, indi böyümüşük. Gör illər nə tez ötüb keçdi. Deyirəm, qardaş, bu atəşkəs yaman çox uzandı ee. Səndən nə gizlədim, istəyirəm ki, yaxın vaxtlarda müharibə başlasın. Biz kişi kimi vuruşub torpaqlarımızı ermənilərdən azad edək. Müharibə bizdən ötüb uşaqlarımıza qalmasın. Övladlarımız səmasında ağ göyərçinlərin qanad çalacağı gözəl bir dünyada yaşasınlar.
Ziya da dostunun sözünə dəstək verib dedi:
- Zəfər, düz deyirsən, səninlə razıyam. Yüz faiz əminəm ki, ermənilər danışıqlar yolu ilə torpaq verən deyil. Qanla alınan torpaq, qanla da qaytarılmalıdır. Ürəyim qisas hissi ilə döyünür. Nəyin bahasına olursa olsun, torpaqlarımızı ermənilərdən azad edib, uzandıqca uzanıb gözlərə yaş, ürəklərə dərd gətirən bu həsrətə son qoymalıyıq! Daha dözdüyümüz, səbrimizi basdığımız bəs edər.
İlıq bir payız günündə hələ heç səhər gözlərini açmağa macal tapmamış işğalçılar Ziyagilin postları üzərinə hücuma keçdilər. Uzun illər susmuş silahlar bir an içində ağzını geniş açıb gurladı. Dağlar, dərələr mərmi atəşlərinin səsindən diksindi. Hava barıtın kəsif qoxusuna büründü. Bütün qüvvələr düşmən hücumunun qarşısını almağa səfərbər olundu. Ziyanın komandiri olduğu taborun şəxsi heyəti Araz çayı və Lələtəpə istiqamətindən olan hücumları dəf edirdi. Zəfərin taborunun zabit və əsgərləri isə onlardan sağ tərəfdəki yüksəkliklər uğrunda vuruşurdu. Döyüş tapşırığı alan ordu hissələri işğalçıların üzərinə yeridi. Od püskürən mərmilər, güllələr sanki havada bir-biri ilə üz-üzə gəlib didişirdi.
Ziyanın da, Zəfərin də gözlədiyi gün gəlmişdi. Uzun illər işğalda qalmış torpaqların azadlığı uğrunda müharibə başlamışdı.
Dörd saat çəkən gərgin döyüşdən sonra Ziyagil ermənilərin illərdən bəri möhkəmləndirdikləri ön mövqelərini yardılar. Düşmən səngərində xeyli silah-sursatını və meyitlərini atıb qaçmışdı. Müharibənin birinci günü, axşama yaxın Cəbrayıl rayonunun altı kəndi işğaldan azad olundu. İlk günün ilk zəfərinə hamı sevindi. Ziya zəng vurub Zəfərə deyirdi ki, döyüşlər bu sürətlə getsə, yaxın vaxtlarda ayaqlarımız Şuşanın dağlarına dəyəcək. Şuşadan əvvəl isə doğulduğum Ərikli kəndini işğalçılardan azad edəcəyik.
Geri çəkilsə də, düşmən yenə də müqavimət göstərir, əlverişli ərazilərdə möhkəmlənməyə çalışırdı. İrəliyə atılan hər addım dostları Qarabağa yaxınlaşdırırdı. Yerdən də, göydən də işğalçıların başına mərmilər, güllələr yağdırılırdı. Ağır itkilər verən ermənilər gözləmədikləri məğlubedilməz bir güclə qarşılaşdıqlarına görə mövqelərini atıb qaçırdılar. Bunları görən Ziyanın da, Zəfərin də gözlərində sevinc yaşları tumurcuqlayırdı.
Müharibənin on günü arxada qalmışdı. Uğurla davam edən döyüşlərin birində Ziya qolundan yüngül yaralanmışdı. Həkim ilk tibbi yardım göstərəndən sonra o, hospitala getməmiş, silaha sarılmış, vətəni canından əziz tutmuşdu. Artıq yavaş-yavaş Qubadlıya yaxınlaşırdılar.
İki gün ötüb arxada qaldı. Bu günlər ərzində Ziyagil xeyli irəlilədilər. Bu sürətlə getsəydilər, sabah kəndlərində olacaqdı. Uzun illər həsrətini çəkdiyi Əriklini görəcəkdi.
Günortaydı. Taborun əsgərləri qorxu bilmədən vuruşa-vuruşa işğalçıları qarşıdakı gen dərədən də qovub çıxartdılar. Artıq Ziyagilin kəndlərinə gedən yollar açılmışdı. Tabor komandiri işğalçılardan yenicə azad olunmuş dərənin üstündə dayanıb sevinc hissi ilə qonşu kəndə baxırdı. Salamat bir tikili gözünə dəymirdi.
Ziyagil ətrafda müşahidə apara-apara ehtiyatla gen dərədən aşağı endilər. Dərənin ətəyinə çatmağa az qalmış kənddə gizlənmiş düşmən onları atəşlə qarşıladı. Qəsbkarlar ciddi müqavimət göstərir, tutduqları əlverişli mövqelərdən geri çəkilmək istəmirdilər. Dirəniş göstərmələrindən hiss olunurdu ki, işğalçılar qısa vaxt ərzində burada əməlli-başlı möhkəmləniblər. Ziya vaxt itirmədən yaranmış gərgin vəziyyət barədə komandirə məlumat verdi. Polkovnik İbrahimov ona dönə-dönə tapşırdı ki, mövqelərinizdə möhkəm dayanın, sizə kömək gələcək.
On dəqiqə keçər-keçməz Zəfərin komandiri olan taborun iki bölüyü onların döyüş mövqeyinə gəldi. Zəfər Ziyagilin yanına çatan kimi Ziya ilə görüşüb yaranmış döyüş vəziyyətini yerində öyrəndi. İşğalçıların üzərinə hansı istiqamətlərdən hücum edəcəklərini müəyyənləşdirdilər.
İki təcrübəli zabit yaranmış döyüş şəraitinə uyğun hazırladıqları hücum planını ləngimədən həyata keçirtdilər. Bir an içində atəş səsləri yaxınlıqdakı evləri dağıdılmış kənddə əks-səda verdi. Ziyagil addım-addım qəsbkarları geri sıxışdırdılar. Döyüşçülər işğalçıları geri qovaraq kəndə girdilər. İki yüz addım arxaya çəkiləndən sonra ermənilər yenə də ayaq saxlayıb müqavimət göstərdilər. Dostlar yanaşı vuruşurdular. Ziya da, Zəfər də əlverişli mövqe tutub işğalçıların atəş nöqtələrini susdurmağa çalışırdılar.
Döyüşün qızğın çağında Zəfər yaralandı. Güllələr onun sinəsindən dəymişdi. Ziya Zəfərə tərəf baxanda gördü ki, dostu əlini sinəsinə sıxmış vəziyyətdə divara söykənib. Tez özünü onun yanına atdı. Başını qollarının üstünə alıb həyəcanla soruşdu:
- Zəfər, Zəfər, sənə nə oldu, qardaş?
- Şərəfsizlər məni vurdular...
- Qardaş, möhkəm dayan, bu dəqiqə həkimi çağırıram.
Ziya rabitə vasitəsilə hərbi həkimi çağırdı. Sonra əlini ehmalca dostunun yarasının üstünə qoydu. Zəfərin sinəsindən sızan qan asta-asta paltarına hopurdu.
İki-üç dəqiqə keçməmiş həkim özünü onların yanına çatdırdı. Ziya onu görən kimi həyəcanla dedi:
- Həkim, tez ol, Zəfərə yardım elə, onu hospitala çatdır, çox qan itirməsin.
- Bu dəqiqə, komandir, bu dəqiqə...
Həkim Zəfəri təhlükəsiz yerə - divarın dibindəki otu saralmış çəmənliyin üstünə uzatdı. Qanlı paltarının yaxasını açıb yarasına baxdı, ağrıkəsici iynə vurdu, başqa zəruri tibbi yardım göstərdi. Güllə dəyən yerdən sızan qan sanki Ziyanın ürəyinə axırdı.
Dəqiqələr irəli dartındıqca Zəfərin vəziyyəti ağırlaşırdı. Yarasından qan sızdıqca rəngi ağarır, gözləri qapanırdı. Bunu görən Ziya ayaqları əsə-əsə aşağı əyilib dostunun qarşısında diz çökərək dedi:
- Zəfər, qardaşım, özünü ələ al. Bu dəqiqə həkim səni hospitala çatdıracaq.
Zəfər gözlərini Ziyaya zilləyib zəif səslə dedi:
- Qardaş, deyəsən, yaram ağırdır. Məktəbdə verdiyin sözü unutmamısan ki?
- Sən nə danışırsan, Zəfər! Yox, yox, sənə heç nə olmayacaq, sən yaşayacaqsan! İndi ölmək vaxtı deyil, biz hələ torpaqlarımızın azadlığı uğrunda birlikdə çox vuruşacağıq, Qarabağı işğalçılardan azad edəcəyik!
Zəfər heç nə eşitmirmiş kimi əlini astaca sinəsinə aparıb paltarlarının altından bükülü vəziyyətdə qana bulanmış üçrəngli bayrağı çıxarıb dostuna uzadaraq dedi:
- Ziya, bilmirəm bir azdan nə olacaq, nələr baş verəcək, həkimlər həyatımı xilas edə biləcəklərmi? Müharibə başlayandan bayrağı ürəyimin başında gəzdirirdim ki, erməni işğalından azad edəndən sonra onu qoynunda dünyaya göz açdığım Şuşada, bir zamanlar gəzib-dolaşdığım Cıdır düzündə dalğalandırım. Bu, mənim Zəfər bayrağımdır. Qorxuram ki, arzum gözümdə qalsın, o günü görə bilməyim. Qanıma bulanmış bu üçrəngli Zəfər bayrağını sənə verirəm. Xahiş edirəm ki, azad olunandan sonra onu Cıdır düzündə dalğalandırarsan...
- Yox, yox Zəfər! Sənin Zəfər bayrağını biz Şuşada bir yerdə ucaldacağıq.
- Ziya, sən bayrağı götür, özündə saxla. Əgər sağ qalsam, gəlib sizə qoşularam. Zəfər bayrağını Şuşada bir yerdə qaldırarıq.
- Yaxşı, götürürəm, amma sən ölüm haqqında fikirləşmə.
Bu vaxt ermənilər yenə də onları atəşə tutdular. Divarın o üzünə düşən minaatan mərmisinin qəlpələri bir göz qırpımında dolu kimi ətrafa səpələndi. Havanı odlayan güllə və mərmilərin səsi yaxınlıqdakı dərələrdə aramsız əks-səda verirdi. Düşmən irəliləməyə, itirdiyi mövqelərə qayıtmağa can atırdı. Buna görə də Ziya Zəfərin yanında çox qala bilmədi. Dostunu həkimə tapşırıb özü əsgərlərinin yanına tələsdi.
Zəfərin yaralanması Ziyanın ermənilərə qəzəbini daha da artırmışdı. İndi o, tətiyi bayaqkından da hiddətlə çəkirdi. Yarım saatdan sonra işğalçıların müqaviməti qırıldı, əsgərlər irəliləməyə başladılar. Döyüşü idarə etməyi qərargah rəisinə tapşıran Ziya qaça-qaça dostunun yaralandığı yerə qayıtdı.
Ora çatanda Zəfərin keçindiyini gördü. Bir anlıq heykəl kimi yerində hərəkətsiz qaldı, damarlarından axan qan dondu, gözləri yaşardı. Dünyalarca sevdiyi, hər gün səsini eşitdiyi Zəfərin meyiti ilə üz-üzə qalmışdı. Həyatının ən kədərli anlarını yaşayan Ziya asta-asta irəli gəlib dostunun meyitinin böyründə diz çökdü. Onun başını qolları arasına alıb hönkür-hönkür ağladı. Gözləri yaşlı Ziya uca səslə dedi:
- Qardaşım, Zəfər! Sən torpaqlarımızın azadlığı uğrunda şəhid oldun. Son nəfəsinədək kişi kimi döyüşdün, şərəfli bir ömür yaşadın. Biz səni, sənin kimi zabit və əsgərlərin qəhrəmanlığını heç vaxt unutmayacağıq. Sən...
Kövrəldiyindən sözünü axıracan deyə bilməyən Ziya başını dostunun qanlı sinəsinə qoyub hönkür-hönkür ağladı.
Həkim qoluna girib asta-asta onu ayağa qaldıra-qaldıra dedi:
- Yoldaş mayor, başımız sağ olsun. Torpaqlarımızın azadlığı uğrunda cəsur bir zabitimizi itirdik. Zəfər yaddaşımızda igid döyüşçü, cəsur insan kimi qalacaq.
Ziya başını qaldırıb yuxarı baxanda gördü ki, divarda qanla "Zəfər" və "Qarabağ" sözləri yazılıb. Onun divara yazılanları oxuduğunu görən həkim kövrələ-kövrələ dedi ki, yoldaş mayor, həyatının son dəqiqələrində Zəfərin dili söz tutmadı. Ölməzdən əvvəl barmağını sinəsindən sızan qana sürtüb divara adını və "Qarabağ" sözünü yazdı. Ziya gözlərindən yaş axa-axa kədərli səslə dedi:
- Həkim, mənim zabit qardaşım divara öz adını yazmayıb. "Zəfər" sözünü biz döyüşçülərə mesaj kimi yazıb. Yazıb ki, biz müharibədə Zəfər qazanaq, Qarabağı erməni işğalçılarından azad edək.
İkinci Qarabağ müharibəsinin iyirmi səkkizinci günü Ziya ermənilərlə vuruşa-vuruşa böyük sevinc içində iyirmi səkkiz il həsrətini çəkdiyi kəndlərinə çatdı, evlərini gördü. Dizini yerə qoyub həyətlərinin torpağından, daşından öpdü. Uzun illərin həsrətinə son qoyuldu. İyirmi səkkiz illik ayrılıqdan sonra axır ki, Əriklinin təmiz havasını ciyərlərinə çəkdi, qulaqlarına Həkərinin şırıltısı gəldi.
Vətən müharibəsinin qırx ikinci günü Ziyagil erməniləri geri sıxışdıra-sıxışdıra Şuşanı işğaldan azad etdilər. Ziya sevinə-sevinə Cıdır düzünə gedib ən uca nöqtəyə qalxaraq şəhid qardaşı Zəfərin qanı bulanmış Zəfər bayrağını başı üzərində dalğalandıra-dalğalandıra uca səslə dedi:
- Zəfər, qardaş! Biz düşməni diz çökdürə-çökdürə Şuşanı işğaldan azad etdik. Sənin sonuncu istəyini yerinə yetirdim. Mənə əmanət etdiyin qanına bulanmış Zəfər bayrağını Cıdır düzündə dalğalandırdım. Ruhun şad olsun, qardaş, məzarında rahat uyu! Biz şəhidlərin qısasını aldıq!
Ziyanın odlu-alovlu sözləri yaxınlıqdakı başıqarlı dağlarda əks-səda verib ilğım kimi ətrafa səpələndi.
Üç aydan sonra Ziyanın oğlu oldu. İllərcə əvvəl dostuna verdiyi sözə əməl edərək uşağın adını Zəfər qoydu...
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"