XIII Qlobal Bakı Forumunda bu il may ayında Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı müzakirələr aparılır.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.
“Biz bu gün həm də bütün qonaqlarla Bakıda mayda keçiriləcək Şəhərsalma Forumu haqqında müzakirələr aparırıq çünki burada iqlim məsələsi çox önəmlidir. Ona görə ki, şəhərlər ən çox enerji sərf edən bir infrastrukturdur. Ən çox əhali yaşayan yerlər şəhərlərdir. Bilirsiniz, dünyada əhalinin 65 faizi şəhərlərdə yaşayır və əlbəttə ki, ən çox emissiya yaradan nöqtələr, mənbələr şəhərlərdir”, – deyə o bildirib.
Muxtar Babayev qeyd edib ki, şəhərlərin düzgün planlaşdırılması və “ağıllı şəhər” yanaşmaları iqlim gündəliyində mühüm yer tutur: “İqlim və şəhər inkişafı, şəhərin düzgün planlaşdırılması, “ağıllı şəhər” konsepsiyası, düzgün yanaşmalar, su, qaz, elektrik enerjisi, tullantılar və digər məsələlər, eləcə də şəhərlərdə daha ehtiyatlı və az tullantılı, az enerji, su və qaz tələb edən texnologiyanın tətbiqi gündəmdə olan məsələlərdir. Bunların hamısının Şəhərsalma Forumunda müzakirə olunması planlaşdırılır”.
Muxtar Babayev əlavə edib ki, WUF13 çərçivəsində Xəzər dənizinin dayazlaşması məsələsi də müzakirə olunacaq.
“Biz bu gün də bunu müzakirə etmişik. Martın 15-i ayrıca sessiyamız da olacaq. İnanıram ki, bu, mövzunun Şəhərsalma Forumunda müzakirəsi üçün bir fürsət olacaq”, – deyə o əlavə edib.