Əsrlər boyu Naxçıvan bölgəsi siyasi və strateji cəhətdən olduqca əhəmiyyətli bölgələrdən biri olmuşdur. Qədim Oğuz yurdu olan bu bölgədə vahid türk mədəniyyətini, türk yaşam tərzini, türk tarixini özündə əks etdirən yüzlərlə tarixi və memarlıq abidələrinə rast gəlmək mümkündür.
Tarixin bütün mərhələlərində Şərqlə Qərbi bir-birinə bağlayan mühüm karvan yollarının keçdiyi bu bölgə zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, macəra axtaran səyyahların diqqət mərkəzində olmuş, müsəlman, qeyri-müsəlman səyyahların və coğrafiyaşünasların əsərlərinin mövzusuna çevrilmişdir.
Zaman-zaman Naxçıvan bölgəsini gəzmiş və ya bir müddət burada yaşamış səyyahlar, coğrafiyaçılar bu bölgənin tarixi və memarlıq abidələri, şəhərləri, əhalisi, adət-ənənələri və həyat tərzi haqqında maraqlı məlumatlar vermişlər. İslam coğrafiyaçılarından və səyyahlarından Əbdür-Rəşid əl-Bakuvi, Övliyə Çələbi, alman səyyahı İohan Şiltberqer, fransız Jan Şarden, Jan Babtist Tavernye, ispaniyalı diplomat Ryu Qonsales Klavixo və digərləri öz əsərlərində Naxçıvan bölgəsinin sosial-mədəni və siyasi həyatı, tarixi memarlıq abidələri və adət-ənənələri haqqında çox qiymətli məlumatlar vermişlər.
XV əsrin əvvəllərində azərbaycanlı coğrafiyaşünas Əbdür-Rəşid əl-Bakuvi tərəfindən yazılmış "Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri" adlı əsərində Azərbaycanın şəhərləri haqqında ətraflı məlumatlar verilmişdir. Müəllifin bu əsərində Naxçıvan şəhəri haqqında maraqlı qeydlərə rast gəlirik. O, beşinci iqlim qurşağına aid etdiyi Naxçıvan şəhərini və şəhərin tarixi memarlıq görünüşünü bu şəkildə təsvir edir: "Naqcuvan - divarları və içqalası olan Azərbaycanda gözəl şəhərdir. Şəhər düzənliyin ortasında yüksək yerdə bina olunub. Bu yerdən Araz çayı görünür. Bağlı-bostanlı, meşəli, meyvəli və bərəkətli yerdir. Havası təmiz, suyu şirindir. Orada məşhur binalar, mədrəsələr və xanəgahlar var. Əhalisi nəqqaşlıqda və xələnc ağacından qab-qacaq və müxtəlif əşya düzəltməkdə mahirdir. Bütün bunlar müxtəlif ölkələrə aparılır..."
Coğrafiyaşünas Naxçıvan yaxınlığında Ziya əl-Mülk körpüsü haqqında da məlumat verərək yazırdı: "Təbrizlə Marağa arasında böyük Səhənd dağı var. Dağın başında həmişə qar olur. Orada Uveys çayı axır. Ərzən ər-Rum dağlarından axan bu çayın suları çox gurdur. Bu çay çoxlu ölkələrin torpaqlarından axır və vaxtında Naxçıvan yaxınlığında Ziya əl-Mülkün körpüsünə çatır. Körpü daşdan tikilib və dünyanın möcüzələrindəndir..."
XV əsrdə uzun müddət Yaxın Şərq bölgəsini gəzmiş alman səyyahı İohan Şiltberqer də Naxçıvan bölgəsi haqqında qısa da olsa məlumat vermişdir. O yazırdı: "Naxçıvan şəhəri tufandan can qurtaran, üzərində Nuhun gəmisi dayanan Ağrı dağına gedən yolda yerləşir. Ətrafında məhsuldar torpaqlar var... Həmçinin burada Əlincə şəhəri var. Tamerlan (Əmir Teymur - M.A.) 14 illik mühasirədən sonra buranı ələ keçirmişdir..."
Naxçıvan bölgəsi haqqında məlumat verən elçi-səyyahlardan biri də ispaniyalı diplomat Ryui Qonsales de Klavixodur. O, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Səmərqəndə Teymur sarayına göndərdiyi elçilər heyətinə başçılıq etmişdir. Onun yol gündəliyində ilk maraqlı məlumat Naxçıvanın Əlincə qalası haqqındadır. Klavixo 1404-cü ildə Səmərqəndə gedərkən iyun ayının 3-də Əlincə (Alancık) qalası önünə gəldiyini yazır və qala haqqında məlumatlar verir.
Naxçıvan bölgəsinin tarixi memarlıq abidələri haqqında yazan ortaçağ səyyahlarından biri də fransız Jan Şarden olmuşdur. O, "Parisdən İsfahana səyahət" adlı əsərində bu bölgə haqqında məlumatlar vermişdir. Fransız səyyah Naxçıvan istiqamətində hərəkət edərkən gördüklərini bu şəkildə təsvir edir: " ...Gün çıxandan bir saat əvvəl (8 aprel /1673) İrivandan (İrəvan-M.A.) yola düşdüm, təpələrdən və vadilərdən keçib dörd lyö qət etdim. Keçib getdiyim ölkə şəhərciklərlə dolu idi... O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar... Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq... Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı böyük şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır... Həmin yolla, həmçinin gözəl, lakin düzənliyi az, daş və təpələrlə örtülü bir ölkə ilə dörd lyö getdik. Bütün qonşu torpaqları suvaran Arpasu adlanan çaydan keçdik. O, bu hissədə paytaxtı İrivan olan bəylərbəyliyini İrivanın digər hissəsindən ayırır. Bu hissənin paytaxtı Naxçıvandır. Beş lyö qət edib, bol bəhrəli və çox hamar düzənlikdən keçib Naxçıvana gəlib çatdıq".
Səyyah səfəvi-osmanlı müharibələri zamanı Naxçıvan bölgəsinin böyük dağıntılara məruz qalmasına baxmayaraq, bölgənin sosial-mədəni inkişafı haqqında da yazırdı: "Naxçıvanda beş karvansara, hamamlar, bazar meydanları, tütün və qəhvə verən iri mehmanxanalar və təxminən iki min ev vardır. Tarixçilər əvvəllər orada qırx min ev olduğunu təsdiq edirlər. Şəhərə kənardan baxdıqda, I Şah Abbas tərəfindən keçən əsrin sonunda osmanlıların əlinə keçməsin deyə dağıdılan çoxlu istehkamlar (qalaça) və böyük bir qalanın viranələri görünür..."
Fransız səyyah Naxçıvan bölgəsinin ətraf əraziləri haqqında da məlumat vermişdir. O, bu haqda yazır: "(13 aprel, 1673) - Naxçıvandan yola düşüb, yeddi lyö getdik. Birinci lyödə lap böyük bir körpüdən keçdik. Bu ölkənin camaatı həmin körpünün altından axan çaya Naxçıvançay deyirlər. Araz çayının kənarında gecələdik. Şərqlilər onu Aras və Ares adlandırırlar. Əski Culfaya və ya qədim Culfaya getmək üçün Arazı keçirlər... Ona görə bunu qədim Culfa adlandırırlar ki, İsfahanla üzbəüz tikilmiş başqa bir Culfadan fərqləndirsinlər..."
Şərq ölkələri haqqında geniş məlumatlar verən səyyahlardan biri də Jan Babtist Taverniyedir. XVII əsrin fransız səyyahı Jan Babtist Taverniye (1605-1689) Şərq ölkələrinə etdiyi səyahətlərdə gördüklərini, əldə etdiyi məlumatları toplayaraq kitab halına gətirmiş və nəşr etdirmişdir. Fransız səyyah 1632-ci ildə ilk səyahətində Bolu-Amasya-Ərzurum-İrəvan yolu ilə hərəkət edərək Naxçıvana gəlmiş və bu bölgə haqqında məlumatlar vermişdir. Taverniye Naxçıvan haqqında yazır: "İrəvandan Təbrizə on günlük yoldur. Naxçıvan şəhəri aşağı yuxarı yolun yarısında yerləşir... "Naksivan (Naxçıvan) dünyanın ən qədim şəhəridir. Üzərində Nuhun gəmisinin olduğu dağdan üç fərsəx uzaqdadır. Mən bu şəhərdən keçərkən şəhər Amuratın (IV Murad) ordusu tərəfindən dağıdılmışdır. Osmanlılar tərəfindən dağıdılan bir çox gözəl məscidlərin qalıqları görünür... Buranın Nuhun gəmisindən çıxıb məskunlaşmağa gəldiyi yer olduğunu deyirlər. Nuhun burada dəfn olunduğunu, həyat yoldaşının məzarının isə Təbriz yolu üzərində Mərənddə olduğunu deyirlər..." Səyyah həmçinin Naxçıvan bölgəsinin digər şəhərləri haqqında da məlumat verərək yazır: "I Şah Abbas türklərlə apardığı müharibə zamanı Culfa və ətrafındakı bütün əhalini köçürmüşdür... Arasdan bir fərsəx uzaqda yerləşən kiçik bir şəhər olan Astobad (Ordubad) özünəməxsus bir bitkisi ilə məşhurdur. Bu "ronas" bitkisidir. Onun kökü biyan kökünə bənzəyir. Qırmızı boyaq üçün istifadə edilir. Dəniz yoluyla Hind məmləkətinə göndərilən "ronas" yüklü karvanları Hörmüzə gələrkən görmək olduqca maraqlıdır. Bu kökdən yüklənmiş bir qayığın Hörmüz limanında batdığına şahid oldum. Bir neçə gün dənizin üzü qıpqırmızı oldu..."
Taverniye səyahəti zamanı şəhər karvansaraları haqqında da maraqlı məlumatlar vermişdir.
XVII əsrdə Naxçıvan bölgəsində olmuş və əsərində bölgə ilə əlaqədar geniş yazmış səyyahlardan biri də məşhur türk səyyahı Övliyə Çələbidir. Övliyə Çələbi, Azərbaycana etdiyi birinci səyahəti əsnasında Azərbaycanın əksər şəhərlərini gəzmişdir. Səyahəti vaxtı Naxçıvan bölgəsində də olmuş Övliyə Çələbi öz "Səyahətnamə"sində onun haqqında tarixi əhəmiyyət daşıyan məlumatlar vermişdir. O, öz əsərində yazırdı: "Üç kilsədən qalxıb şərqə doğru yolumuza davam edərək abad şəhərləri, məhsuldar torpaqları, dağ və uzun yolları, şoran və quraq yerləri keçdik. Naxçıvan hüdudunda bir qəsəbəyə gəldik. Şelon dağının ətəyində idi. On bir minarəsi görünürdü. Burada olan bir Bektaşi təkkəsini ziyarət edərək Şeyx Nemət Dədənin xeyir-duasını aldıq. Ertəsi gün səhər qalxıb bu sonsuz səhra içində on iki saat yol getdik. Sonra səhranın cənub tərəfində yerləşən Zəngi çayı qonağına gəldik. Çay sahilində çadırlarımızı qurduq. Burada olan əhali "Osmanlı gəlmiş!" deyə, sevinərək qonaqpərvərlik göstərdilər..."
Səyyah Naxçıvan bölgəsinin Sədərək qəsəbəsində də olmuşdur: "Sədərək qəsəbəsi Naxçıvan torpağında İmam Əli Rza vəqfidir. Bütün öhdəliklərdən uzaq, gözəl, min evli, saysız bağ və bağçası olan, havası təmiz olan bir qəsəbədir. Əhalisinin hamısı şiədir..."
Övliyə Çələbi Orta Əsrlər dövründə Naxçıvan bölgəsinin şəhərlərindən biri olan Qarabağlar haqqında da maraqlı məlumat vermişdir. O yazırdı: "Bu şəhəri ilk inşa edən Mənüçehrdir. Çox qədimdir. Naxçıvan daxilində bir sultanlıqdır..."
Məşhur səyyahın Naxçıvan haqqında verdiyi qiymətli məlumatlardan biri də Naxçıvan qalası haqqındadır. Övliyə Çələbi bu qalanın "... Əfrasiyab tərəfindən bina edildiyini, 1291-ci ildə monqolların hücumu zamanı dağıdıldığını, XVI əsrdə Azərbaycan hökmdarı Şah I İsmayıl tərəfindən təmir edildiyini..." - bildirir.
Türk səyyahı Cahanın Nəqşi adlandırdığı Naxçıvan qalası haqqında yazırdı: "Naxçıvan qalası cahanın rəngarəng naxışlı bir şəhəridir. Bəziləri Naxçıvan, bəziləri Naxşivan deyərlər. Hələ də Azərbaycan sərhəddində ayrı bir xanlıqdır ki, Xanın çox əsgəri vardır. Bu şəhəri qədim zamanlarda türk hökmdarı Əfrasiyab qurmuşdur ki, hələ də atalarının gömüldüyü qübbələr görünür... Hökmdarlığı zamanında Naxçıvan o dərəcə abad imiş ki, bu yerdə bir addım da boş torpaq yoxmuş. Sonra Moğol tayfası tamaha düşüb, yer götürməz ordu ilə gəlib bu şəhərin cahan naxışını pozaraq xarab və qalasını dağıdıb torpaq etmişdir". Səyyah bu bölgənin tarixi memarlıq abidələri haqqında da qiymətli məlumatlar vermişdir.
Övliyə Çələbi Naxçıvan bölgəsində mövcud olan digər qalaların adını çəksə də, bu qalaları ətraflı təsvir etməmişdir. Bu haqda səyyah yazır: "Naxçıvanda və nahiyələrində möhkəm qalalar vardır. İçərisində ən möhkəmi Alıncak (Əlincə) var ki, Molla Qütbəddin tərəfindən tikilmişdir. Digərləri Seran, Susimərvan qalalarıdır. Bu sonuncusunu Mərvan-i Himar tikdirdiyi üçün Susi Mərvan deyərlər..."
Ümumiyyətlə, tarix boyu Naxçıvan bölgəsinə səyahət etmiş müsəlman və ya xristian səyyahlar bu bölgənin tarixi, sosial-mədəni həyatı və memarlıq abidələri haqqında olduqca maraqlı məlumatlar vermişlər. Səyyahların yazdıqlarında bəzi qeyri-obyektiv təsvirlərə rast gəlinsə də, bölgənin sosial-mədəni həyatının öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, Naxçıvan bölgəsində səyyahların təsvir etdiyi tarixi memarlıq abidələrinin əksəriyyəti bu günümüzə qədər öz mövcudluğunu qorumuşdur.
Mübariz AĞALARLI,
tarix üzrə fəlsəfə doktoru, dosent