XIX əsrin ən maraqlı kəşflərindən biri olan kino yarandığı gündən insanların dünyagörüşünü formalaşdırmaqla bərabər, hər bir xalqın tarixini, milli adət-ənənələrini yaşadır, həyatın bütün sahələrinə nüfuz edir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Onun digər bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Kino yalnız incəsənət deyil, həm də faktların və hadisələrin sənədləşdirmə vasitəsidir. Kinematoqrafiya öz əsərlərində həyat həqiqətlərini konkretliyi ilə əks etdirir və qoruyub saxlayır. O, tarixi keçmişi öyrənmək üçün də qiymətli mənbədir.
1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərindən daha çox insanların diqqətini çəkdi. O zamana qədər fonoqraf, fotoqraf, kinetoskop kimi cihazlar yaradılsa da, onların cəmindən yaranan sinematoqraf bütün dünyanı təəccübləndirdi. Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını desələr də, həyat bu ehtimalı təkzib etdi.
Ən təəccüblü və sensasiyalı hadisə
1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları çəkdikləri qısametrajlı filmlərin nümayişini ilk dəfə Parisin Kapusin bulvarında yerləşən balaca kafedə təşkil etmişdilər. Onların arasında 46 saniyəlik "Fəhlələrin Lümyer fabrikindən çıxması" filmi də var idi. Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və ona maraq tezliklə sönəcək. Lakin gözlədiklərinin əksinə oldu. Bu kino seansı tamaşaçıların o zamana qədər gördüyü ən təəccüblü və sensasiyalı hadisə idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü.
Lümyer qardaşlarının çəkdikləri səssiz kadrlar ilk vaxtlar böyük maraq doğursa da, təsvirlər hərəkət edən fotoları xatırladırdı. Məsələn, tarladan qayıdan qadınlar, top oynayan uşaqlar, fabrikdən çıxan fəhlələr və s. Belə kadrların içərisində süjet xətti olanlar tamaşaçıların diqqətini daha çox cəlb edirdi. Bunun fərqinə varan Lümyer qardaşları məzmunlu kadrları ekranlaşdırıb müxtəlif ölkələrdə nümayiş etdirməyə başladılar. Filmlərə baxış parklarda, restoranlarda və yarmarkalarda təşkil olundu.
Əsasən burjua cəmiyyətinin maraq dairəsini əhatə edən, problemləri ələ salan və bədii zövqü olmayan süjetlər tədricən tamaşaçıları bezdirməyə başladı. Lümyer qardaşları insanların marağına səbəb ola biləcək məzmunlu, real faktlar çəkməyi qərara aldılar. Qardaşlar 1897-ci ildə bir neçə kinooperator hazırlayaraq müxtəlif ölkələrə süjet çəkməyə göndərdilər. Operator sənəti də məhz belə yarandı.
Müxtəlif ölkələrə səfər edən operatorlar rejissor və aktyor olmadan çəkdikləri real həyat kadrlarını kinoteatrlarda nümayiş etdirirdilər. Uzaq ölkələri yaxınlaşdıran kadrlar bir müddət maraq doğursa da, tamaşaçılar ekranda cərəyan edən hadisələrin mahiyyətinin tamamlanmadığını sezirdilər. Bu da kinematoqrafçıları bədii yaradıcılıq axtarışına sövq etdi. Onlar artıq tamaşaçını təəccübləndirə biləcək, informasiya xarakterli süjetlər çəkməyə başladılar. Bununla sənədli, tədricən bədii kinonun özülü qoyuldu. Beləliklə, kommersiya mənbəyi kimi meydana gələn kino tədricən incəsənətə xidmət etməyə başladı.
124 yaşlı Azərbaycan kinosu
Uzun və zəngin yaradıcılıq yolu keçmiş, böyük tarixə malik kinematoqrafiyamız dünya kino sənətinin ayrılmaz bir hissəsidir. Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanmasına xidmət etmişdir.
Uzun illər Azərbaycan kinosunun tarixi 1916-cı ildən, yəni yazıçı İ.Musabəyovun eyniadlı əsəri əsasında ekranlaşdırılmış ikiseriyalı "Neft və milyonlar səltənətində" bədii filminin mayın 14-də ilk dəfə yayımlandığı gündən hesablanmışdır. Lakin ötən əsrin 90-cı illərinin ikinci yarısından sonra Azərbaycan kinosunun ilk dəfə 1898-ci ildə ekranlaşdırıldığı müəyyənləşdirilmişdir.
1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film olan "İlişdin" nümayiş olunub. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetlərdən ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə həmin gün, yəni 2 Avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bakıda yaşayan Mişon dünyanın diqqətini çəkən "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kadrlarını 1898-ci ildə Fransada keçirilən dünya sərgisində nümayiş etdirmək üçün aparmışdı. Lümyer qardaşlarının diqqətini çəkən unikal kadrlar Fransa kino arxivində qorunub saxlanılmışdı. Həmin xronikal kadrlar Dövlət Film Fondunun təşəbbüsü ilə 2001-ci ildə Fransadan Azərbaycana gətirilib.
Heydər Əliyevin 1998-ci il 19 avqust tarixli fərmanı ilə Azərbaycanda "Kinematoqrafiya haqqında" qanun qəbul olunmuşdur. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülmüş, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar.
Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır - kino aləmdir...
Son illər Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda, xüsusilə Beynəlxalq Kann Kinofestivalında təmsil olunub. Yeni filmlərimizin beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görülməsi onu deməyə əsas verir ki, bu sahədə həyata keçirilən islahatlar öz nəticəsini verir.
Prezident İlham Əliyev 2007-ci il fevralın 23-də "Kino sənətinin inkişafı haqqında", 2008-ci il avqustun 4-də isə "Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur.
İndiyədək milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri də Qarabağla bağlı olmuşdur. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil etmişdi. Müstəqillik dövründə çəkilmiş "Fəryad", "Ağ atlı oğlan", "Ümid", "Arxada qalmış gələcək", "Biz qayıdacağıq", "Xoca", "Dolu" və digər filmlər bu qəbildəndir.
Qarabağ haqqında filmlərin çəkilişi davam edəcək. Lakin bu filmlər artıq 44 günlük Zəfər müharibəsi, Böyük qayıdış haqqında olacaq.
Bu gün ölkədə kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurəti, eləcə də aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair layihələr hazırlanır.
Azərbaycanda kino sənayesinin böyük potensialı var və mütərəqqi ənənələri qoruyaraq, kino sənayesinin inkişafını təmin etməklə, milli kinomuzun şöhrəti özünə qaytarılmalıdır. İnanırıq ki, Azərbaycan kinosu yenidən layiq olduğu yüksək zirvələrə ucalacaq.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"