BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin birləşməsindən 22, Gürcüstan hissəsinin istifadəyə verilməsindən 21 il keçir
Oktyabr ayı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin salnaməsində bir neçə hadisə ilə mühüm yer tutur. Bunlardan ikisi kəmərin Gürcüstan hissəsinə də aiddir, biri 2004-cü, digəri 2005-ci ildə olub.
Boru xəttinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi münasibətilə tədbir 2004-cü il oktyabrın 16-da Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə keçirildi. Bu iki hissənin birləşdirilməsi BTC-nin çəkilişi boyu həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi. Lakin bu, adi qaynaq deyildi. Bununla zəmanəmizin möhtəşəm layihələrindən biri, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı.
Bir də axı BTC daşıdığı iqtisadi önəmlə yanaşı, həm də ölkələri, xalqları yaxınlaşdıran, birləşdirən bir kəmərdir. Odur ki, xəttin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi həm də dostluğun, tərəfdaşlığın, qarşılıqlı inamın daha bir təsdiqi idi.
Prezident İlham Əliyev tədbirdəki çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də layihə öz töhfəsini verəcəkdir".
Bu həmin vaxt idi ki, kəmərin keçdiyi üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisində kəmərin tikinti dəhlizi tamamilə təmizlənmiş və açılmışdı. Boruların 97 faizi qaynaqlanmış və 70 faizi torpaqla örtüklənmişdi. BTC-nin qəbul edəcəyi ilk nefti "Mərkəzi Azəri" platforması verəcəkdi ki, onun da üst modulları artıq dənizdə dayaq bloku üzərində yerləşdirilmişdi. Səngəçal və Ceyhan terminallarında nefti "qarşılamaq" üçün hazırlıq işləri gedirdi və onların əsas hissəsi görülmüşdü.
Kəmərin 1760 kilometrlik marşrutu boyu 21 min insan çalışırdı. BTC uğurla irəliləyərək starta yaxınlaşmaqda idi. Beləliklə, 2005-ci il mayın 25-də Səngəçal terminalından kəmərə ilk neft vuruldu - boru xəttinin Azərbaycan hissəsi istifadəyə verildi. Növbə Gürcüstan hissəsinin idi.
Gürcüstan hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim 2005-ci il oktyabrın 12-də Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində keçirildi. Xatırladaq ki, BTC-nin 8 nasos stansiyasının 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir.
2005-ci ilin payızında kəmərin iki ölkədəki hissəsi neftlə artıq doldurulmuşdu, Türkiyə hissəsinə də neft vurulurdu. Xətti tam doldurmaq üçün 10 milyon barel neft tələb olunurdu.
BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi. Həmin vaxtdan bu il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Qeyd edək ki, bu ilin iyulundan BTC-nin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə keçib.
Bu gün BTC-nin salnaməsinə nəzər salanda 22 il əvvəl oktyabrda və 21 il əvvəl həmin ayda baş vermiş iki sözügedən hadisənin də əhəmiyyəti vurğulanmalıdır. Bu hadisələr Gürcüstanın tranzit ölkə kimi statusunu möhkəmləndirdi və daha neçə qlobal layihəyə yol açdı. Söhbət daha sonra istifadəyə veriləcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) və digər layihələrdən gedir. Bu layihələr indi bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.
Flora SADIQLI,
"Azərbaycan"