Həftə Azərbaycanın iqtisadi gündəliyində sənaye istehsalının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi ilə yadda qalıb. Müxtəlif sahələrdə baş verən yeniliklər, regional tərəfdaşlıq təşəbbüsləri və beynəlxalq reytinqlərdə əldə olunan nəticələr həftənin əsas iqtisadi məqamlarını təşkil edib.
Ötən həftənin ilk günü sənaye və əczaçılıq sahəsində baş vermiş hadisə ilə yadda qalıb. Pirallahı Sənaye Parkında yeni dərman istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Layihə yerli dərman istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və əhalinin dərman vasitələrinə tələbatının yerli istehsal hesabına ödənilməsi baxımından əhəmiyyət daşıyır.
Ölkə daxilində sənaye istehsalının genişləndirilməsi istiqamətində atılan addımlarla yanaşı, Azərbaycanın beynəlxalq platformalarda iştirakı da diqqət mərkəzində olub. Parisdə keçirilən beynəlxalq standartlaşdırma toplantısında yerli qurumun təmsil olunması, Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində isə Azərbaycan alimlərinin çoxsaylı məruzələrlə çıxış etməsi ölkənin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini göstərir.
***
Oktyabrın 6-da Bakıda Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Böyük Britaniyanın Azərbaycana 39 milyard dollardan çox investisiya yatırdığı, bu ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsinin 5,5 dəfə artaraq 3,6 milyard dollara çatdığı bildirilib. Görüşün yekununda "yaşıl enerji" və nəqliyyat bağlantıları, şəhər mobilliyi, təhsil və digər sahələrdə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.
***
Beynəlxalq elmi-texnoloji əməkdaşlıq mövzusu ertəsi gün Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində də yer alıb. İki gün davam edən tədbirdə kosmik tədqiqatlar, Ay missiyaları, milli peyk layihələri və kosmik sənayenin gələcəyi müzakirə olunub.
Konqresdə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub. Ölkəmiz tədbir çərçivəsində təqdim edilən elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutaraq kosmik tədqiqatlar sahəsindəki elmi potensialını nümayiş etdirib. Həmçinin "Azərkosmos" ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulub. Əməkdaşlığın əsas istiqamətlərindən biri üzv ölkələrin iştirakı ilə birgə "CubeSat" kiçik peyk layihəsinin reallaşdırılmasıdır. Saziş türk dövlətlərinin texniki imkanlarının birləşdirilməsi və regional kosmik sənayenin inkişafı üçün yeni imkanlar yaradır.
***
Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində ötən həftə xaricdə keçirilən tədbirlər də diqqət çəkib. Oktyabrın 6-da Bakıda Alman - Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb. Orta dəhliz boyunca infrastrukturun inkişafı, "yaşıl enerji" və rəqəmsal bağlantı layihələrinin maliyyələşdirilməsi məsələlərinin müzakirə olunduğu tədbirdə Almaniya və Avropanın maliyyə, texnologiya və ekspertiza imkanlarının regiona cəlb edilməsi ön plana çıxıb.
***
Regional əməkdaşlıq gündəliyi isə Türkmənistanda davam edib. Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Prezident İlham Əliyevin iştirak etdiyi görüşdə regional tərəfdaşlığın genişləndirilməsi və ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
***
Ötən həftə Azərbaycanın kibertəhlükəsizlik sahəsində beynəlxalq uğuru ilə də yadda qalıb. Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Ceyhun Cəfərov Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən "CyberDSA 2026" tədbiri çərçivəsində təşkil olunan beynəlxalq yarışda birinci yeri tutub.
46 ölkədən gəlmiş mütəxəssislərin qatıldığı "Capture the Flag" yarışında süni intellekt sistemlərinin təhlükəsizliyi, zəifliklərin aşkarlanması və kiberhücumların qarşısının alınması üzrə praktiki tapşırıqlar yer alıb.
***
Həftənin son xəbəri dövlət maliyyə idarəçiliyi sahəsində Azərbaycanın beynəlxalq reytinqdə əldə etdiyi nəticə ilə bağlıdır. Oktyabrın 8-də açıqlanan "Chandler Yaxşı İdarəetmə İndeksi 2026" hesabatına əsasən, Azərbaycan maliyyə idarəçiliyi üzrə 133 ölkə arasında üçüncü yeri tutub. Ölkəmiz büdcə profisiti göstəricisinə görə birinci, dövlət xərclərinin səmərəliliyi üzrə 16-cı, dövlət borcu üzrə isə 26-cı sırada qərarlaşıb.
Z.NADİRQIZI,
"Azərbaycan"