04 Oktyabr 2023 12:05
241
CƏMİYYƏT
A- A+

Bu gün Ümumdünya Heyvanlar Günüdür  

 

Hər il oktyabrın 4-də bütün dünyada Ümumdünya Heyvanlar Günü və ya Ümumdünya Heyvanların Mühafizəsi Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən Təbiət Dəstəkçilərinin Beynəlxalq Konqresində təsis edilib və bəşəriyyətin diqqətini planetin digər canlı sakinlərinin problemlərinə cəlb etmək məqsədi daşıyır. Oktyabrın 4-ü tarixi heyvanların himayəçisi sayılan katolik müqəddəs Assisi Fransiskinin anım günü ilə əlaqədar seçilib.

Heyvanları mühafizə cəmiyyətləri hər il bu günə həsr olunmuş müxtəlif ictimai tədbirlər təşkil edirlər.

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, Yer kürəsində hər saatda üç növ heyvan yoxa çıxır, planetin 70 flora və fauna növü hər gün yox olur. Belə getsə, yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddəbiri yoxa çıxacaq. 1970-2016-cı illər arasında məməlilərin, quşların, suda-quruda yaşayanların, sürünənlərin və balıqların populyasiyaları orta hesabla 68 faiz azalıb.

Üstəlik, bu gün təkcə vəhşi heyvanların deyil, həm də ev heyvanlarının qorunmasına aiddir. Çünki onlara qarşı qəddarlıq nümunələri son illərdə getdikcə çoxalır. Bir çox Qərbi Avropa ölkəsində ev heyvanları ailənin bir hissəsi hesab olunur və digər ailə üzvləri ilə eyni hüquqlara malikdir.

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatıb.

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb.

Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. Bu ilin mayında çap olunan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Təəssüf ki, “Qırmızı kitab”a düşən növlərin sayında artım var. Buna səbəb antropogen təsirlərlə yanaşı, iqlim dəyişiklikləri və fauna növləri haqqında məlumatın kitab çap olunana qədər kifayət qədər olmamasıdır. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, onlardan 35 növü onurğasızlar, 25 növü isə onurğalılardır. Əvvəlkilərdən fərqli olaraq çəhrayı siyahı da tərtib edilib. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər. 42 fauna növü çəhrayı siyahıya salınıb. Üçüncü nəşrə 35 həşərat növü daxil edilib, ikinci nəşrdən 25 növ həşərat isə çəhrayı siyahıya keçirilib. Suda-quruda yaşayanlarda dəyişiklik edilməyib, 6 növ olduğu kimi qalıb. Sürünənlərdən isə dörd növ əlavə olunaraq ümumiyyətlə 18 növ daxil edilib. Quşlardan 10 növ çəhrayı siyahıya keçirilib, 10 yeni növ son nəşrə daxil edilib. Məməlilərdən isə 6 növ çəhrayı siyahıya əlavə edilib, üç yeni növ isə sonuncu nəşrə salınıb.

“Qırmızı kitab”ın üçüncü nəşrinin ən mühüm tərəflərindən biri də həmin nəşrdə azad edilmiş ərazilərin də nadir fauna və flora növləri haqqında məlumatın yer almasıdır. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növləri uzun illərdən sonra tədqiq olunsa da, minalanmış sahələrin çoxluğundan geniş araşdırmalar aparmaq mümkün olmadı. Gələcəkdə ərazilər minalardan təmizləndikdən sonra Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması planlaşdırılır. Hazırlanacaq kitabda həmin ərazilərə xas olan endemik növlər də yer alacaq. Son nəşrin daha bir özəlliyi Naxçıvanın flora və faunasının daha geniş təsvir edilməsi ilə bağlıdır.

Azərbaycanda 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması ilə bağlı layihə həyata keçirilir. Layihələr çərçivəsində ceyranların, bəbirlərin, zubrların reintroduksiyası həyata keçirilib. Nəcib maral, bezoar keçiləri, tirəndaz, Şərqi Qafqaz turu, köpgərin də təbii areallarının bərpası istiqamətində işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video