COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin başlıca tələbi budur
Həm iştirakçı dövlətlərin rəsmi şəxsləri, həm də dünyanın aparıcı media orqanları tərəfindən təşkilatçılığı yüksək qiymətləndirilən COP29, iqlim dəyişmələri ilə yanaşı, bəşəriyyət üçün aktual olan bir çox problemlərin müzakirəsi baxımından da ən səmərəli platformadır. Müasir dünyanın qlobal çağırışlarının, o cümlədən ekoloji problemlərin fəsadları aparıcı iqtisadiyyatlara malik dövlətlərdən daha çox inkişaf etməkdə olan ölkələrə zərər vurur.
Onların sırasında özlərini sivil dünyanın "sütun"ları hesab edən dövlətlərin müstəmləkələrini xüsusilə qeyd etmək lazımdır. Siyasi diktə nəzarətində sərvətləri talan edilən belə kiçik ərazilər iqlim dəyişmələri kimi problemlərdən ciddi ziyan görürlər. Çünki bir tərəfdən istismar edilirlər, digər tərəfdən isə əziyyət çəkdikləri ekoloji fəsadlardan qurtulmaq üçün yardıma ciddi ehtiyacları olur.
Hədəfə varmış sammit
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi Bakı konfransında böyük rəğbətlə qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu ölkələrlə münasibətlərin daha yüksək səviyyədə olduğunu bildirdi. Onların səsinin qlobal arenada eşidilməsinə hər cür şəraitin yaradılmasının vacibliyini söylədi və belə dövlətlərə bütün maddi və texniki dəstəyin göstərilməsini vurğuladı. Bu gün elə etmək lazımdır ki, həmin ölkələr özlərini iqlim dəyişmələrindən qoruya bilsinlər. "Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik", - Azərbaycan Prezidenti sammitdəki çıxışında dedi.
Bu gün həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Dövlətimizin başçısı onu da bildirdi ki, bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etmişdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da həm sərfəli nəticələrin əldə olunmasına çağırış edilir, həm də əlçatan iqlim maliyyəsinin vacibliyi göstərilir. Bir faktı da qeyd edək ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Daha sonra dövlətimizin başçısı vurğuladı ki, biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə anlaşma memorandumu imzalanmışdır.
"Yaşıl dünya" və fəaliyyət gündəliyi
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir. Lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Onların yaşayışını pozur və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur.
Bu sahədə Azərbaycan da istisna deyil. Biz hər il çaylarda suyun səviyyəsinin azaldığının, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünün şahidi oluruq. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Ölkəmiz bu təhdidlərin öhdəsindən gəlmək üçün təbii ki, cəsarətli addımlar atır. İlk növbədə milli səviyyədə "təmiz ətraf mühit və yaşıl artım" üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Zəngin külək və günəş enerjisi potensialı bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. "Yaşıl enerji" zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.
Azərbaycan eyni zamanda neft və qaz hasilatından əldə etdiyi gəlirləri "yaşıl enerji"yə yatırır. Bu, aydın şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız "yaşıl gündəliy"i təşviq etmək istiqamətində addımlarımıza mane olmur. Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.
Sammitin təşkilindəki yüksək peşəkarlıq, istismara məruz qalan xalqların haqq səsinin ucaldılmasına münbit şəraitin yaradılması və təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin neokolonializmi, onun təmsilçilərini sərt tənqid etməsi gözlənildiyi kimi, Qərbin bəzi ölkələrində və dairələrində ciddi narahatlığa səbəb oldu. Dövlətimizin başçısının çıxışında müasir müstəmləkəçiliyin simvollarına çevrilmiş Fransa və Niderlandın kəskin tərzdə və tutarlı faktlarla tənqid edilməsi müasir reallığa əsaslanır. "Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur" - dedi Azərbaycan Prezidenti.
Fransa və Niderland kimi dövlətlər özlərini sivil dünyanın aparıcı üzvləri, demokratiyanın vətəni, insan haqlarının carçısı kimi göstərməyə çalışsalar da, bu, belə deyil: bu gün hər iki ölkəni müstəmləkəçilik baxımından Orta əsrlər Fransa və Niderlandından fərqləndirən heç bir əsas yoxdur. Ola bilsin ki, kolonial keçmişə əsaslanan müasir müstəmləkəçilik bir qədər fərqli simaya malikdir. Ancaq metodlar ənənəviliyini qoruyub saxlamaqdadır - təbii sərvətlərin mənimsənilməsi, iqtisadi ekspansiya və siyasi repressiya rejimi. Prezident İlham Əliyevin müasir müstəmləkəçilərin total tabeçiliyində olan əraziləri bir-bir sadalaması Azərbaycanın humanizm ideyaları və konfransa sahiblik edən dövlətin rəhbəri olaraq kiçik xalqların problemlərini diqqətdə saxlamasının parlaq nümayişidir: "Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları - gəlin həmin ərazidəki xalqları alqışlayaq - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır".
Kiçik xalqların problemləri dünyanın gündəmindədir
COP29 çərçivəsində uğurla keçirilmiş sammitin əsas mövzusu olan kiçik ada dövlətləri onlara nəzarət edən metropoliyalar tərəfindən təkcə siyasi sıxıntılara məruz qalmırlar. Bu ərazilərə və orada yaşayan kiçik xalqlara ciddi ekoloji ziyan da dəyir ki, bunun fəsadlarının aradan qaldırılması, yaxud təsirinin azaldılması faktiki olaraq heç kimi düşündürmür. Azərbaycanın bu istiqamətdə ciddi addımlar atmasını, Prezident İlham Əliyevin kiçik xalqların problemlərini dünyanın gündəminə gətirməsini dövlətimizin və xalqımızın bəşəriyyət qarşısındakı tarixi xidməti hesab etmək lazımdır. "1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik", - deyən dövlət başçısı haqlı olaraq vurğulayıb ki, Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyulması, 169 nəfərin yaralanması, 1700 insanın həbs edilməsi nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Buradan belə nəticəyə gəlmək olar ki, "Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır".
Yeri gəlmişkən, COP29-da təşkil olunmuş sammitdə və Azərbaycan Prezidentinin bəyanatında adıçəkilən şəxslərdən biri də Avropa diplomatiyasının rəhbəri, ermənipərəst və qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Cozep Borel olub. Sammitdə bu diplomatın ünvanına dövlətimizin başçısı tərəfindən haqlı irad bildirildi: "Əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək".
Dəstəyimiz davam edəcək
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi, Azərbaycanın bu tədbirin yüksək səviyyədə baş tutması istiqamətində səyləri və Prezident İlham Əliyevin tədbirdə iştirakı ölkəmizin kiçik xalqların müzakirə mövzusu olan problemlərinə diqqətin yönəldilməsi istiqamətində ilk töhfəsi deyil. Dövlətimiz dünyanın BMT-dən sonra miqyasca ikinci ən böyük təşkilatı - Qoşulmama Hərəkatına rəhbərliyi ərzində müstəmləkə ərazisi olan və müxtəlif problemlərdən əziyyət çəkən kiçik ölkələrin problemlərini daim diqqətdə saxlamışdır. Azərbaycanın bu həssas yanaşması özünü daha çox COVID-19 pandemiyası dövründə büruzə vermişdir. Belə ki, rəsmi Bakı pandemiyadan əziyyət çəkən və imkanları məhdud olan dövlətlərə və xalqlara həm maddi baxımdan yardım etmiş, həm də vaksinlərlə təminatına kömək göstərmişdir.
Eyni zamanda kiçik ada dövlətlərinin müstəmləkə reallıqları da dövlətimizin diqqətindən kənarda qalmamış və qalmayacaq. Müasir dünyanın acı reallığı olan neokolonializmi xarakterizə edən amillərdən biri də budur ki, Fransa və Niderland kimi dövlətlər çoxsaylı əraziləri və xalqları istibdad şəraitində saxlamaqla yanaşı, həm də müstəqil siyasət yürütmək istəyən, xalqının qayğısına qalan dövlətlərə qarşı da qarayaxma kampaniyasının əsas iştirakçılarıdırlar. Məsələn, həmin Paris və Amsterdam uzun illər boyu Azərbaycan ərazisində kök salmış aqressiv etnik separatizmi müxtəlif platformalarda dəstəkləmişlər. İndinin özündə də Fransa Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini və qanuni torpaqlarını işğaldan qurtarmasını həzm edə bilmir. Bu baxımdan, Azərbaycanın bu kontekstdəki siyasəti tək xalqımızın mənafelərinə deyil, həmçinin dünyanın əzilən xalqlarının maraqlarına cavab verir.
Sammitin panel iclaslarında kiçik ada dövlətlərinin rəhbər şəxsləri Azərbaycana minnətdarlığını ifadə etdilər, iqlim dəyişmələrinin bu ölkələrə fəsadlarından danışdılar, iqlim maliyyəsinə əlçatanlığın vacibliyini vurğuladılar. Commonwealth-in baş katibi Patrisiya Skotland Azərbaycan Hökumətinin və "Azərkosmos"un Commonwealth ilə imzaladığı 2 memoranduma görə təşəkkürünü bildirdi. Sammitin nəticəsi olaraq Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi qəbul olundu.
Bununla da aydın şəkildə bildirildi ki, XXI əsr dünyasında kolonializmə yer olmamalıdır. COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin başlıca tələbi də məhz budur.
İradə ƏLİYEVA,
"Azərbaycan"