19 Yanvar 2024 10:15
2031
SİYASƏT
A- A+

Böyük Zəfərlə 20 Yanvar şəhidlərinin də qisası alındı

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən xalqımıza qarşı törədilən qətliam göstərir ki, istiqlaliyyət yolumuz nə qədər ağrılı-acılı, faciələrlə dolu olub. Bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının sarsılmazlığını dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə də əsas amillərdən biri oldu.

 

Heydər Əliyev ermənilərin və Qorbaçovun  məkrli əməllərinin qarşısını almışdı

 

Faciəyə gedən yol onun törədilməsindən xeyli əvvəl, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın himayədar tapmışdılar. Nə qədər ki Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Elə buna görə Qarabağ məsələsinin Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosundan istefa verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılmamalıdır. O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürmüş, "Humanite" qəzetindəki bəyanatında Moskvanın buna razılığının olduğunu bildirmişdi. 
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda anti-Azərbaycan və antitürk ruhlu mitinqlər genişləndi.
Məhz bundan sonra erməni "Qarabağ Komitəsi" və onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı olan "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat formalaşdırıldı. 
Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə silsilə mitinqlər keçirildi. SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi müqavimət görməyən və bundan daha da ruhlanan ermənilər DQMV Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail oldular. 

 

Ermənistanda və  Qarabağda etnik təmizləmə siyasəti həyata keçirildi

 

Azərbaycanın ovaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir və bununla xalqın taleyinə biganə yanaşırdı. Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi. 
Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şəhəri Sumqayıtda iğtişaşlar yaratmaq siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi. Bu məsələdə sovet DTK-sının da özünəməxsus rolu oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə yer tutanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətlərini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu teleoperatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş, ssenarisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda elə bir mühit yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə soydaşımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular. 
Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və bu işdə yenə əsas rol oynayan tərəf Azərbaycan rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi kimi istiqamətləndirən Kreml təmsilçiləri idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman Azərbaycandan olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar da eyni hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçov və onun ətrafının Ermənistan üçün yaratdığı yeni imkan demək idi. 
İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Azərbaycanın siyasi rəhbərliyi isə sözügedən qurumun yaranmasını böyük uğur kimi qiymətləndirir və ona çox böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarə olunması mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin siyasətini davam etdirdi və azərbaycanlılar daha da sıxışdırıldı. 
Ümumiyyətlə, 20 Yanvar faciəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi. 
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Moskvanın marionetkası olaraq həm Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını almaq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə etmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülürdü. 
1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi. Milli-azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis tərk-silah edildi, əvəzində daxili qoşun hissələri şəhərə gətirildi. 1990-cı il yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıqlar üçün əsas oldu və iki gün ərzində Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərəfindən düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan hazır ssenari üzrə aparılırdı. Elə bu səbəbdən də ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Vəzirov isə yaranan vəziyyətdən istifadə edərək sovet qoşunlarının müdaxiləsinə şərait yaratmağa, bununla həm də xalq hərəkatını boğmağa çalışırdı. 
Yanvarın 14-də Azərbaycan KP MK-nın Bürosunda vəziyyət müzakirə olundu və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziyyət elan edilməsi, lazım gələrsə, mərkəzdən kömək göstərilməsi haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq Qarabağ və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi. Həmçinin SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağa saatlarının tətbiq edilməsini və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR Ali Sovetinə təklif etdi. 

 

Müdhiş gecə...

 

Bu dövrdə mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına rəhbərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə vəziyyəti düzgün qiymətləndirmək əvəzinə şəhərin ətrafında, o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa başladı. Yük və minik maşınlarından, avtobus və trolleybuslardan, eləcə də başqa vasitələrdən istifadə etməklə barrikadalar quruldu, piketlər düzəldildi. Lakin yanvarın 20-də bu düzgün olmayan taktikadan bəhrələnən sovet ordusu çoxlu sayda dinc əhalinin qırılmasına, yaralanmasına rəvac verdi. 
20 Yanvar hadisələri ərəfəsində Moskva SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakovu və Sov.İKP MK katibi Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qanadları ilə görüşüb apardığı danışıqlar heç bir nəticə vermədi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü. 
Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman imzaladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozurdu. 
Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın ozamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Tanklar və ZTR-lər Bakı küçələrində hər şeyi əzir, hərbçilər qarşılarına çıxanları amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Gözlərini qan tutmuş hərbçilər hətta yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Həmin gecə Bakıda və respublikamızın regionlarında həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi. 

 

20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı

 

Qanlı Yanvar hadisələri Azərbaycanda milli kimliyin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalqımız öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyini bərpa etməsində gördü. Bu hadisədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi və tezliklə xalqımız dövlət müstəqilliyini bərpa etdi.
Sovet hakimiyyəti dövründə məlum səbəblərdən 20 Yanvar faciəsinə əsl qiyməti vermək mümkün deyildi. Lakin Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə böyük cəsarətlə Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymətin verilməsinə nail oldu. Lakin Ulu Öndərin hələ totalitar rejimin dövründə başlatdığı bu işi müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar dövlət səviyyəsində davam etdirmədilər. Belə ki, hələ sovet dövründə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu, iqtidarda olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün cəhd belə göstərmədi. 1993-cü ilin yayına qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyət sükanının arxasına keçən Ulu Öndərin sayəsində 20 Yanvar faciəsi dərindən araşdırıldı. Heydər Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Milli Məclisin 1994-cü il martın 
29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
20 yanvar faciəsindən 34 il ötür. Bu illər ərzində çox dəyişikliklər baş verib. Hələ 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə 20 Yanvar şəhidlərinin uğrunda canlarından keçdikləri milli ideya reallığa çevrilib. 44 gün müharibədə qazandığımız Zəfər, ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızda erməni separatizminə son qoyulması nəticəsində isə həm də 20 Yanvar şəhidlərinin qisası alındı.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video