09 Iyun 2024 08:00
662
SİYASƏT
A- A+

Böyük yolun başlanğıcı

 

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı fəlakətlərdən xilas etdi

 

Tarixi xalqlar yaradır. Dövrün axarını müəyyənləşdirənlərsə böyük şəxsiyyətlərdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, siyasi irsi tükənməz xəzinədir. İki əsrin ən qüdrətli tarixi şəxsiyyəti üçün zamanın və taleyin ən böyük mükafatı xalqın ona göstərdiyi etimad, insanların inamı idi. Heydər Əliyev bütün həyatını bu etimadı doğrultmaq üçün yaşadı. Bu inama layiq olmağı ömrünün mənası bildi. Ulu Öndərin siyasi lider, dövlət qurucusu kimi ən böyük uğur sirri də elə bunda idi.

 

Bir istefadan sonra başlanan faciələrimiz

 

Azərbaycan xalqı ötən əsrin sonlarında güclü təzyiqlərə məruz qaldı, böyük sınaqlardan keçdi. Bu dövrdə dövlət müstəqilliyimizin bərpasına nail olsaq da, belə bir nailiyyət bizə asanlıqla başa gəlmədi. Sıralarımızdan minlərlə qurban verdik. Xalqımız üçün hər cəhətdən böyük itkilərə gətirən, müstəqil dövlətimizi illərlə geri salan işğalla, müharibə vəziyyətilə, sosial-iqtisadi böhranla, çox ağır keşməkeşlərlə üz-üzə qaldıq. 
O dövrün reallıqlarına şahidlik edənlər bilirlər ki, ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-nin dağılması labüd proses idi. Çünki yol əvvəldən düzgün seçilmədiyindən və zamanın çağırışları nəzərə alınmadığından belə nəhəng imperiyanın çöküşü əvvəl-axır baş verəcəkdi. Faciə onda oldu ki, bu prosesin ən həlledici və qanlı-qadalı mərhələsi məhz Azərbaycanda başlandı və böyük itkilərlə nəticələndi. Əsas səbəbsə həmin təlatümlü anlarda taleyimizin əsl liderin deyil, yaranmış vəziyyəti fürsət bilib meydana çıxan təsadüfi adamların əlində olmasında idi.
Azərbaycan xalqının ötən əsrin 80-ci illərinin sonlarına doğru üzləşdiyi böyük faciələr məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasından sonra başlandı. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttin yanlış olduğunu, keçmiş ittifaqda bir araya gəlmiş xalqları və dövlətləri necə böyük faciələrə doğru apardığını müdrikliklə görürdü və özünəməxsus qətiyyətlə buna etirazını bildirirdi. Bu isə Ümummilli Liderin bədxahlarında qəzəb yaradır, ona qarşı məkrli planlar qurulurdu. Nəhayət, Ulu Öndər keçmiş imperiya rəhbərliyinə etiraz olaraq 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycana qarşı mənfur planların icrasına başlamaq üçün onillərlə əlverişli fürsət gözləyən, yalnız Heydər Əliyev şəxsiyyətinin gücündən çəkinərək real addımlar atmağa ehtiyat edən ermənilər hərəkətə keçdilər. Ümummilli Liderin istefasından cəmi iki həftə sonra sovet iqtidarındakı himayədarlarının dəstəyi ilə o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırıldı. Bununla da xalqımızın faciəli günləri başlandı. 

 

İyun hadisələri - xaos, başıpozuqluq, hakimiyyətsizlik

 

1991-1993-cü illərin böhranlı günləri, ölkədə ictimai xaosun, siyasi hakimiyyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoyurdu. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qeyri-qanuni silahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Dövlət sükanının xalqın milli maraqlarına zidd siyasət yürüdən və idarəçilikdən baş çıxarmayan qüvvələrin əlində olması ölkəni ağır fəlakətlərə sürükləyirdi. Azərbaycan vətəndaş qarşıdurmasının bir addımlığında idi. Ölkədə hansısa xarici qüvvələrin təhriki ilə separatçı meyillər baş qaldırırdı, yeni münaqişə ocaqlarının təməli qoyulurdu. 
1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, gələcək taleyini təhlükə altına alırdı. Azərbaycan ən həlledici anlarını yaşayırdı. Düşmənlə ölüm-dirim savaşının gərgin çağlarında, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən və  hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirən AXC-Müsavat iqtidarının ölkəyə rəhbərliyindən cəmi bircə il ötmüşdü. Amma ictimai-siyasi proseslərin respublikanı böhran vəziyyətinə çatdırması, parçalanmaya, vətəndaş müharibəsi təhlükəsinə, müstəqilliyin itirilməsinə gətirib çıxarması üçün elə bu bircə il də kifayət etmişdi.
Vaxtilə Azərbaycana qarşı işğal cəhdlərinin qarşısını almaq üçün xalqın birliyinin təcəssümü kimi meydana gələn, vətənpərvər ziyalıların dəstəyini qazanan Azərbaycan Xalq Cəbhəsi artıq öz məqsədlərindən xeyli uzaq düşmüşdü. AXC vəzifə uğrunda didişmələrin əsas mərkəzinə çevrilmişdi. Bu təşkilata üzv olmaq kifayət edirdi ki, müəyyən bir kürsüyə sahib olasan. Ölkənin siyasi hadisələr burulğanından təsadüfi olaraq hakimiyyətə gəlmiş ovaxtkı rəhbərlik unudurdu ki, hakimiyyətin mənbəyi xalqdır və dövlət institutlarının formalaşdırılmasında, idarə olunmasında yalnız fərdlərin maraqlarının nəzərə alınması, məsələlərin hüquq normalarından daha çox şəxsi münasibətlər zəminində formalaşdırılması dövlət üçün böyük fəlakətlərə gətirə bilərdi.
AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu o bir ildə ölkə parlamentinin iclaslarında, tribunada, ali toplantılarda tez-tez sözləri çəpləşib əlbəyaxaya çıxan, televiziyanın canlı efirinə müdaxilə edən, proqramın qonaqlarını təhqirlərə məruz qoyan, milyonlarla tamaşaçıya hörmətsizlik edən, jurnalistləri yazdıqları sözə görə döyüb alçaldan və başqa belə əməlləri ilə indi də yaddaşımızda olan hakimiyyət təmsilçiləri demokratiya adı altında qaydalara zidd, çirkin ənənələr formalaşdırırdılar. Kriminal ünsürlər isə ölkənin hər yerində at oynadırdılar. Hər siyasi təşkilatın özünün ayrıca qeyri-qanuni silahlı dəstələri vardı. Qətllər, o cümlədən sifarişli qətllər az qala gündəlik həyat hadisələrinə çevrilmişdi. Heç kimin həyatı təminat altında deyildi. Tez-tez küçələrdə, qələbəlik yerlərdə atışmalar baş verir, əhali təhdid altında qalırdı.
Paytaxt Bakıda isə hakimiyyət uğrunda didişmələr səngimirdi. Bu didişmələr, dava-dalaşlar, həm də düşünülməmiş qərarlar cəbhədə yüzlərlə Azərbaycan igidinin qanı bahasına başa gəlirdi. 
Ordu quruculuğu işi, demək olar ki, kiminsə yadına düşmürdü. Nizami ordu yaradılmamışdı. Həlledici hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən işlənib hazırlanmırdı və çox zaman da ağır itkilərlə tamamlanırdı. Cəbhə bölgəsindəki hərbi birləşmələr arasında koordinasiya, vahid komanda ruhu yox idi. Onlar bir-birinə lazımi dəstəyi vermir, güvənmir, bəzənsə bu qrupların rəhbərlərinin şəxsi prinsiplərinə görə həlledici anlarda qarşılıqlı təxribatlara belə gedirdilər. 
Fərarilik halları da çox geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir görmürdü. Ölkə üçün hərbi cəhətdən həlledici bir dövrdə müdafiə nazirləri bir-birini əvəz edirdi. 

 

Sosial-iqtisadi vəziyyət ağır durumda idi

 

Ölkə böhran məngənəsində idi. Sosial-iqtisadi vəziyyət hətta böhran həddinə çatmışdı. Bu sahəyə də təcrübəsiz, səriştəsiz insanlar rəhbərlik edirdilər. Onlar çaşqınlıq içində xaotik addımlar atır, sistemsiz qərarlar verir, uğursuz eksperimentlər aparır və bütün bunlar isə əks nəticə yaradırdı. Xalqın həyat şəraiti xeyli aşağı düşmüşdü. Küçə-meydan eyforiyası ilə yaşayanlar özlərini xalqın gözündən tamam salmış, sosial dayaqdan məhrum olmuşdular. Ona görə də 1993-cü ilin əvvəllərindən hakimiyyət böhranının dərinləşməsi gözlənilən idi. İqtidarın böyük yanlışları nəticəsində fəallaşan daxili dağıdıcı və xarici qızışdırıcı qüvvələrin fəal əməkdaşlığı nəticəsində Azərbaycanın parçalanmasına zəmin yaranmışdı. Hakimiyyətin yanlış şəkildə apardığı siyasət, tarixən çoxmillətli ölkə olan Azərbaycanda insanlar arasında milli ayrı-seçkiliyin qoyulması etnik separatizm və vətəndaş müharibəsi təhlükəsini daha da gücləndirirdi. 
1993-cü ilin aprelində Kəlbəcərin işğalı ölkədə vəziyyəti daha da dramatikləşdirdi. Ardınca isə Gəncə hadisələri baş verdi. Ölkənin ovaxtkı rəhbərinin milli qəhrəman adı ilə təltif etdiyi, Birinci Qarabağ müharibəsinin ən gərgin vaxtlarında cəbhə bölgəsində xüsusi nümayəndə təyin etdiyi Surət Hüseynov az sonra hakimiyyətdəki müxtəlif şəxslərin onu zərərsizləşdirmək üçün qurduqları planlara, həyata keçirdikləri təxribatçı addımlara cavab olaraq AXC-Müsavat hakimiyyətinə qarşı çıxdı. AXC-Müsavat başbilənləri bir neçə gün içində qəhrəmana çevirdikləri bu şəxsi indi də xəyanətkar kimi təqdim etməyə başladılar. Gəncədə qardaş qanı töküldü. Azərbaycanın müstəqilliyini gözü götürməyən,  inkişafımızı əngəlləmək istəyən xarici qüvvələr də bu məqamı fürsət bilib müxtəlif müdaxilələrlə vəziyyəti qızışdırmağa başladılar. O cümlədən işğalçı Ermənistan yaranmış vəziyyətdən istifadə edərək torpaqlarımızı ələ keçirirdi. Cəbhə bölgəsindəki hərbi birləşmələrin mühüm hissəsi geri çəkildiyindən rayonlarımız işğal olunmağa başladı. 
Müstəqilliyini yenicə qazanmış ölkənin bu ağır bəlanı adlayacağı çox çətin görünürdü. AXC-Müsavat hakimiyyəti yaranmış vəziyyətin həlli yolunu düzəltmək iqtidarında deyildi. Onlar ən təhlükəli fikirlər ortaya atır, müxtəlif fərziyyələr irəli sürürdülər. Fakt bu idi ki, hakimiyyətin yarıtmaz və xəyanətkar siyasəti ölkəni dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinin bir addımlığına gətirmişdi. 

 

Xalq Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsini israrla tələb edirdi

 

Belə bir ağır vaxtda xalqın böyük əksəriyyətinin, Azərbaycanın gələcəyinə görə məsuliyyət hissi duyan milyonlarla insanın nəzərləri Naxçıvanda idi. Hamı Azərbaycan dövlətini və xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar gözündə  məhz Heydər Əliyevi görürdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzminə güvənirdi. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasındakı çıxışı Gəncə hadisələrinə düzgün tarixi qiymət oldu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı, vəziyyəti yerində öyrənmək üçün Gəncəyə səfəri proseslərin daha gərgin məcrada inkişafının qarşısını aldı.
Heydər Əliyevin fədakarlıqla gördüyü işlər vəziyyəti müsbətə doğru dəyişdi. Həmin günlərin ağır reallıqları şəraitində müəyyən kompromislər tapmaq mümkün oldu. Ulu Öndər Heydər Əliyev o dövrün Azərbaycanı haqqında danışarkən deyirdi: "Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".
Heydər Əliyev ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində ciddi islahatlar apardı. Böyük rəhbərin səyləri nəticəsində Azərbaycanda silahlı müxalifətçilik ənənələrinə son qoyuldu, iqtisadiyyatda böyük dəyişikliklər baş verdi, xarici ölkələrlə münasibətlər qarşılıqlı maraqlara xidmət edən praqmatik prinsiplər əsasında tənzimlənməyə başladı.
Hər zaman xalqın yanında olan və insanların arzularının reallaşdırılmasına çalışan Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıdışı xalqın ümidlərini özünə qaytardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə Ümummilli Lider Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi.
Ulu Öndər dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin". Heydər Əliyev fenomeninin böyüklüyü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Böyük şəxsiyyət qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə dövlətimizi tarixinin ən qüdrətli dönəminə yetirdi. Tarixin ən güclü Azərbaycanı 1993-cü ilin o təlatümlü iyun günlərində xalqın verdiyi qərarın, etdiyi seçimin nə qədər düzgünlüyünün, Heydər Əliyevə inamının doğrulmasının möhtəşəm tarixi təcəssümüdür.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video