Yazıçı və şairlər yazdıqları əsərlərdə, rəssamlar çəkdikləri rəsmlərdə, aktyorlar tamaşa və filmlərdə yaratdıqları obrazlarda yaşayırlar. Heç vaxt unudulmur, həmişə xatırlanır və yad edilirlər.
Belələrindən biri də həmişə hörmət və ehtiramla xatırlanan, Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli yazıçı, publisist, dramaturq, tərcüməçi, yumoristik novellalar, hekayələr müəllifi Seyfəddin (Abbasov) Dağlıdır. Bu ad, bu imza bütün sənət adamları və oxucular üçün çox doğmadır.
Təəssüflər olsun ki, Seyfəddin Dağlının ömrü elə də uzun olmayıb. Cəmi 62 il yaşayıb. Bütün yaradıcılığını bu illərə sığışdırıb, bu illərdə yazıb-yaradıb. O, mənalı ömür yaşayıb. Dəyərli əsərləri ilə ədəbiyyatımıza da, mədəniyyətimizə böyük töhfələr verib.
Seyfəddin Dağlı 1921-ci il avqustun 27-də Xızıda dünyaya göz açıb. Yenicə yaşamağa başladığı ömrün 13-cü günü anası Qəməri itirib. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olduğuna görə müxtəlif bölgələrdə işləyib. Buna görə də Seyfəddin ata-babası Bəhlul kişinin ümidinə qalıb. Babası savadsız olsa da, xeyirxahlığı və səxavəti ilə tanınıb.
Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişdi. Beş yaşı olanda Seyfəddinin ailəsi Bakıya köçdü. Orta məktəbi şəhərdə oxudu. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəldi. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma nə qədər yaxşı olsa da, doğma anasının yerini vermirdi.
Seyfəddin Dağlı bədii yaradıcılığa hələ orta məktəb illərində yazdığı şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda təhsil alanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib. Gələcəyin yazıçısı əmək fəaliyyətinə tələbə ikən başlayıb. "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə işləyib. Dövlət Radio Komitəsində baş redaktor, Bakı Televiziya studiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor olub.
Müharibə başlayanda Seyfəddin Dağlı ordu sıralarına çağırılıb. Yazıçı ömrünün 15 ilini hərbi xidmətdə keçirib. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru vəzifələrində xidmət edib. 1944-1946-cı illərdə keçmiş ittifaq qoşunlarının tərkibində İranda xidmətə göndərilib. Faşizmə qarşı müharibənin davam etdiyi günlərdə yazıçının qələmə aldığı felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində dərc olunub.
Seyfəddin Dağlı 1952-cı ildə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsində təhsil almağa göndərilib. 1956-cı ildə Moskvada təhsilini başa vurduqdan sonra ordu sıralarından tərxis olunaraq doğma vətənə qayıdıb. Æurnalist, yazıçı və dramaturq kimi ədəbi fəaliyyətini davam etdirib.
Görkəmli yazıçı 1953-cü ildə Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının qızı Gülarə xanımla ailə həyatı qurub. Nümunəvi ailə başçısı olub. Asudə vaxtlarını övladlarına həsr edib. Böyük oğluna sevimli babasının adını yaşatmaq üçün Bəhlul qoyub. İkinci oğlunun adı Altaydır. Sevimli qızı Qəmərə isə anasının adını verib.
Seyfəddin Dağlı 1959-1976-cı illərdə oxucuların böyük maraqla izlədiyi "Kirpi" jurnalının baş redaktoru işləyib. Yazıçının yaradıcılığı həmin illərdə daha məhsuldar olub. O illərdə "Kirpi" respublikada çox populyar jurnal idi. Bu nəşr haqqı, ədaləti müdafiə edib, cəmiyyətdəki nöqsanları göstərib, rüşvətxorlara, əliəyrilərə, bürokratlara qarşı mübarizə aparıb. "Kirpi" Seyfəddin Dağlının rəhbərliyi altında bu vəzifələrin öhdəsindən layiqincə gəlib.
Seyfəddin Dağlı bənzərsiz üslubu ilə Azərbaycan ədəbiyyatının satirik məktəbinin görkəmli nümayəndələri Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi böyük söz ustalarının ənənələrini davam etdirib. Onun satirası, yumoru həm kəskinliyi, həm də sadəliyi və dəqiqliyi ilə seçilib. Ona görə də oxucular yazıçının əsərlərini böyük maraqla izləyib. Bu maraq isə boş yerdən yaranmayıb. Seyfəddin Dağlı jurnalistikaya 1938-ci ildə oxucuları güldürdüyü qədər düşündürən felyetonlarla gəlib. Mövzusu yaşadığı cəmiyyətin həyatından götürülmüş bu felyotonlar elə ilk cümlələrindən oxucuların diqqətini özünə çəkib. Kiçik yaşlarından bədii yaradıcılığa maraq göstərən Seyfəddin Dağlının "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı 1948-ci ildə nəşr edilib. Yazıçı bu kitabı ilə böyük ədəbiyyata doğru kiçik cığır açıb. Sonrakı illər bu cığırı "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və başqa kitabları ilə daha da genişləndirib. Onun qələmindən çıxan əsərləri oxucular rəğbətlə qarşılayıblar.
Seyfəddin Dağlının əsərləri bir çox dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə çap edilmişdi. Yazıçının əsərləri "Karyera Noqtalorova" adı ilə Moskvada "Sovetski pisatel" nəşriyyatında rus dilində nəşr olunmuşdur. "Pravda" nəşriyyatında "Biblioteka Krokodila" seriyasından S.Dağlının hekayə və felyetonları da kütləvi tirajla rus dilində kitabça şəklində buraxılmışdır.
Ürəyi, qəlbi sözlə döyünən Seyfəddin Dağlı yaradıcılığı boyu dəyərli dram əsərləri, romanlar, povestlər, çoxlu sayda hekayə, novellalar və felyotonlar yazmışdır. Belə zəngin yaradıcılığı ilə yanaşı, yazıçı maraqlı tərcümələr də etmiş, bu sahədə də bacarığını göstərmişdir.
Dramaturgiya sahəsində də qələmini sınayan S.Dağlı "Aydınlığa doğru" dramını və "Adı sənin, dadı mənim" komediyasını yazmışdır. Pyesləri Akademik Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur.
Yazıçının xalqımız qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Bu gün Azərbaycan SSR Dövlət mükafatı laureatı Seyfəddin Dağlının adına Bakıda küçə var.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişmişdir. Qızı Qəmər atası haqqında xatirələrində deyir: "Nə qədər yaxşı sözlər, yaxşı hisslər varsa, atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə, kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam idi".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"