Görkəmli mütəfəkkir və sufi alimi Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın Bakıda keçirilməsi onun irsinin müsəlman və Türk dünyasında tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
Bunu Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Londonda və İslamabadda yerləşən “Muslim Institute” analitik tədqiqat mərkəzinin proqram rəhbəri Sahibzadə Sultan Bahadur Əziz AZƏRTAC-a müsahibəsində deyib.
“Əvvəla, təşkilatçıları, xüsusilə şeyxülislamı belə yüksək səviyyədə tədbir keçirməsi münasibətilə təbrik etmək istəyirəm. Fikrimcə, bu, çox mühüm təşəbbüsdür”, – deyə o qeyd edib.
Sahibzadə Sultan Bahadur Əziz vurğulayıb ki, görkəmli mütəfəkkir Seyid Yəhya Bakuvi bütün müsəlman dünyasında, xüsusilə türk regionunda tanınmış şəxsiyyət olub: “Onun sufizmə, İslama, sülhə və harmoniyaya töhfəsi böyük əhəmiyyət daşıyır. Bir çox insan onu tanımır. Lakin Türkiyədə və bu regionun ölkələrində onu yaxşı tanıyırlar. Bu konfrans onun irsinin tanıdılması baxımından böyük təsir göstərəcək və daha çox insan onun töhfəsindən xəbərdar olacaq. Mən bu təşəbbüsü, həqiqətən. yüksək qiymətləndirirəm”.
O, gənc nəsillə işləməyin vacibliyini də vurğulayıb: “Gənc nəslimiz bizim ən böyük sərvətimizdir. Buna görə də İslam və təsəvvüf haqqında bilikləri onlara ötürmək vacibdir. İslam sülhdür. İslam sülhə, harmoniyaya və bərəkətə çağırır”, - deyə Sahibzadə Sultan Bahadur Əziz diqqətə çatdırıb.
Onun sözlərinə görə, Mövlanə Rumi, Seyid Yəhya Bakuvi və Yunus Əmrə kimi görkəmli sufi və din xadimləri gənclər üçün nümunə ola bilərlər:“Belə konfranslar keçirsək, bu, gənc nəslə böyük töhfəmiz olacaq”.