Mayın 29-da Bakıda Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük tədbirdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistanın sosial təminat qurumlarının təmsilçiləri iştirak edirlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbirdə çıxış edərək bu konfransın sosial müdafiə sahəsində qlobal əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsində önəmini vurğulayıb. O bildirib ki, BPSFA-nın 2023-cü ildə keçirilmiş ümumi yığıncağında ölkəmizdən DSMF sədrinin beş il müddətinə Assosiasiyaya sədr seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti bariz göstəricisidir.
Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq son illər ölkəmizdə 5 böyük sosial islahat paketinin icra olunduğunu vurğulayıb, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan və 4 milyon nəfəri əhatə edən bu islahatların nəticəsi olaraq sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərini qeyd edən Anar Əliyev işğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış” proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı üçün görülən işlərdən bəhs edib. Həmçinin DOST konsepsiyasının üstünlükləri, nazirliyin 159 xidmətinin 90 faizindən çoxunun elektronlaşdırıldığı, o cümlədən 60-nın proaktiv qaydada təqdim olunduğu, eləcə də, DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar qeyd edilib. Nazirlik tərəfindən aparılan islahatların təkcə ötən il 116 beynəlxalq mükafatla təltif olunduğu bildirilib.
Vurğulanıb ki, əmək bazarının transformasiyası, qeyri-standart məşğulluq formalarının artması, əhali strukturundakı demoqrafik dəyişikliklər, iqlim dəyişikliyi və süni intellektin geniş tətbiqi sosial təminat sistemlərinin çevikliyinin, dayanıqlığının təmin olunmasını zəruri edir. Bu baxımdan sosial müdafiə institutlarının innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi əsas prioritetlərdən biridir.
Anar Əliyev Azərbaycanın bu istiqamətdə beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə, birgə təşəbbüslərə açıq olduğunu deyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
DSMF-nin İdarə Heyətinin və BPSFA-nın sədri Zəka Mirzəyev çıxışında assosiasiyanın fəaliyyəti çərçivəsində üzv təşkilatların fəal əməkdaşlığnın onlara sosial müdafiə sahəsində ən son tədqiqatlara, qabaqcıl beynəlxalq təcrübələrə və metodlara çıxış əldə etməyə imkan verdiyini vurğulayıb. Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetano tədbirin əhəmiyyətindən bəhs edib. O, sosial müdafiə sistemi ilə bağlı vacib mövzuların bu platformada müzakirəsinin gələcəkdə əməkdaşlıq üçün yeni imkanlar açacağını diqqətə çatdırıb.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən edilən videomüraciətdə bu konfransın ölkələrdə sosial təminat sahəsində aparılan islahatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramovun çıxışı dinlənilib.
Konfransda Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edilib. Tədbirdə həmçinin Serbiya, Özbəkistan, Qırğızıstan və Tacikistanın pensiya sistemləri, Qazaxıstanda sosial sığorta sistemi, Azərbaycanda əmək bazarının inkişafı perspektivləri və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.