04 Iyun 2021 01:17
9963
İDMAN
A- A+

Bakı sürət yarışına hazırdır

 

Paytaxtda idman həyəcanı başlayır

 

Bakı ilk dəfə deyil ki, “Formula-1” yarışına evsahibliyi edir. Şəhər indiyədək dörd dəfə - 2016-2019-cu illərdə bolid pilotları arasında sürət mübarizəsinin şahidi olmuşdur. Birisi gün “Formula-1” üzrə 72-ci dünya çempionatının 6-cı mərhələsi - Azərbaycan Qran-prisi motoidman fanatlarının diqqətini özünə cəlb edəcək. Beləcə Odlar yurdu beynəlxalq idman ictimaiyyətinin ən çox maraqlandığı məkan olacaq.

Ölkəmiz milli müstəqilliyin bərpasından bəri evsahibi kimi mötəbər beynəlxalq idman tədbirlərinin təşkilində yetərli təcrübə toplamışdır. Beynəlxalq turnirlərə hazırlıq işləri aparılarkən səlahiyyətli orqanlar vahid komanda kimi çıxış edir, idmançıların və azarkeşlərin rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür. Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Ölkədən ayrılan qonaqlar vətənlərinə xoş xatirələr, zəngin təəssürat aparırlar. Ona görə də Avropa və Beynəlxalq Olimpiya komitələrinin, beynəlxalq federasiyaların rəhbərləri Azərbaycanın təşkilatçılıq səviyyəsini həmişə yüksək qiymətləndirir.

Bütün bunlar “Formula-1” yarışlarının təşkilinə də aiddir. “Bakı Şəhər Halqası” əməliyyat şirkəti həmişə əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş, Azərbaycan qran-prilərinin lazımi səviyyədə təşkilinə nail olmuşdur. Əməliyyat şirkəti bu dəfə də əvvəlki səviyyəni nümayiş etdirir.

Məlum olduğu kimi, mötəbər beynəlxalq turnirlər təkcə idman tədbirləri kimi özünü göstərmir.  Yarışlar həm də təşkilatçı ölkələrin beynəlxalq aləmdə tanıdılmasında, yəni reklam edilməsində, eləcə də xarici turistlərin cəlb olunması yolu ilə yerli iqtisadiyyata dividend gətirilməsində əhəmiyyətli rol oynayır. Adətən hər hansı idman tədbiri təşkil edilərkən onun xərci-borcu, iqtisadi faydası əvvəlcədən hesablanır. Yoxsa  böyük tamaşaçı auditoriyası toplayan Yay Olimpiya Oyunları, Avropa və dünya futbol çempionatları kimi idman tədbirlərinin təşkil edilməsi uğrunda ölkələr arasında az qala ölüm-dirim mübarizəsinin şahidi olmarıq.

Yarım milyardlıq tamaşaçı auditoriyasına malik olan “Formula-1” üzrə dünya çempionatı da bu qəbildən olan idman tədbirlərindəndir. Bu turniri təşkil edən başqa ölkələr kimi, Azərbaycan da pilotlar arasında sürət yarışından qazanır. İndiyədək Bakıda keçirilmiş dörd Qran-prinin ölkəyə verdiyi faydaya nəzər salmaq kifayətdir. 2016-cı ildən bəri paytaxtımızda təşkil olunmuş “Formula-1” Qran-priləri ölkəmizin tarixi yerlərinin, istirahət-kurort imkanlarının, füsunkar təbiətinin, habelə milli mədəniyyətin və yerli mətbəxin təbliğinə, xidmət sektorunun inkişafına müsbət təsir göstərmişdir.

PwC beynəlxalq audit şirkətinin hesablamalarına görə, dörd Azərbaycan Qran-prisi ərəfəsində təbliğat kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, fotoşəkil, video və xüsusi tədbirlər zamanı hazırlanmış xəbərlərin bütünlüklə oxunma və baxılma sayı  296,3 milyon dollarlıq media dəyəri yaratmışdır. Turistlərin xərcləri, bilet satışı gəlirləri, “Formula-1”də çalışan işçilərdən əldə edilən ümumi fayda, telekanallar vasitəsilə canlı baxışdan əldə olunan dəyər və digər birbaşa, yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda 500,8 milyon dollara çatmışdır. 2016-2019-cu illərdə “Formula-1” Azərbaycan Qran-prilərinin ölkəyə ümumi təsiri 797 milyon dollar olmuşdur.

“Formula-1” yarışları indiyədək ölkəmizə 506,3 milyon dollardan çox gəlir gətirmişdir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət, elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda keçirilmiş dörd Qran-prinin nəticəsi olaraq qeydə alınmış birbaşa gəlirlərin 73,8 milyon dolları məhz həmin sektorların payına düşür. Xatırlatmaq yerinə düşər ki, ölkəmizə gələn turistlərin sayı məhz 2016-cı ildə keçirilmiş birinci Qran-pridən sonra artmağa başlamışdır. Əcnəbi turistlərin sayında ilk yarışdan sonra 24 faiz, ikincisindən sonra isə 26 faiz artım qeydə alınmışdır. Azərbaycan Qran-prilərinin təşkili nəticəsində əldə olunmuş dolayı gəlirlər isə 205,7 milyon dollar olmuşdur.

Hesablamalara görə, 2019-cu ildə ölkəmizə gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3,2 milyon nəfərə çatmışdır. Onların təkcə bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyəri 745,7 milyon dollar təşkil etmişdir.

“Formula-1” həm də bir sıra sahələrdə yeni iş yerlərinin açılmasına imkan verərək illik və ya mövsümi məşğulluğun səviyyəsini artırır, yarışların təşkilinə minlərlə könüllü cəlb edərək gənclərin təcrübə toplamasına şərait yaradır. Hesablamalara görə, 2016-2017-ci illərdə 5-10 min qısamüddətli və ortamüddətli yeni iş yeri açılmışdır. 2018- 2019-cu illərdə həmin göstərici 7,5 min idi.

Doğrudur, bu il yeni tip koronavirus pandemiyası davam etdiyindən ölkəmizə əcnəbi turist axını müşahidə olunmur. Motoidman azarkeşləri beşinci Azərbaycan Qran-prisini yerindəcə izləyə bilməyəcəklər. Başqa sözlə, turnirdən əvvəlki iqtisadi faydanı gözləmək yersizdir. Bununla belə, “Formula-1” Azərbaycanı dünyada tanıtmaqdan qalmır. Fanatların gözləri üç gün ərzində yenə də Bakıya dikiləcək, yüz milyonlarla tamaşaçı televiziya vasitəsilə paytaxtımızda cərəyan edən hadisələri izləyəcək. Dünyanın 200-dən çox yaşayış məntəqəsində canlı yayımlanacaq “Formula-1” Azərbycan Qran-prisi azarkeşlərə 635 saatdan çox yayım görüntüləri təmin edəcək.

Məlum olduğu kimi, keçən il pandemiya üzündən Azərbaycan Qran-prini qəbul edə bilməmişdir. Beləliklə, ikiillik fasilədən sonra azarkeşlər televiziya vasitəsilə olsa da, yenidən Bakını görmək imkanı əldə edirlər. Telegörüntülər də çoxsaylı tamaşaçı kütləsində paytaxtımız haqqında müsbət rəy formalaşdırmağa qadirdir.

Beləliklə, Bakı dünyanın ən böyük idman tədbirlərindən birini qəbul etməyə hazırdır. Pilotlar bu gün və sabah sərbəst yürüşlər və sıralama turları keçirəcək, bazar günü isə trasa çıxıb məharətlərini nümayiş etdirəcəklər. Yarış iştirakçılarına uğurlar olsun!

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video