25 May 2023 09:30
305
İQTİSADİYYAT
A- A+

Bakı Enerji Həftəsinin işə başlamasına bir həftə qalır

 

31 may-3 iyun tarixlərdə paytaxtımız üç əhəmiyyətli tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə evsahibliyi edəcək. Buraya  28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power", eləcə də 28-ci Bakı Enerji Forumu daxildir. Hər iki sərgi "Bakı-Ekspo" Mərkəzində, forum isə Bakı Konqres Mərkəzində keçiriləcək. 
Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinin keçirilməsi  bu dəfə  Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə eyni vaxta düşür. Bu da tədbirin əhəmiyyətini daha da artırır. Çünki  Beynəlxalq   Xəzər Neft və Qaz Sərgisi ilk dəfə 1994-cü ilin mayında Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmişdi. Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bu bir daha vurğulanmış və qeyd edilmişdir ki, Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Liderin rolu heç vaxt unudulmur. Ona görə də "Heydər Əliyev İli"nin təqvimdə olan bütün sərgilərin, o cümlədən  Bakı Enerji Həftəsinin proqramlarında öz əksini tapması təsadüfi deyil.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib. Burada Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiya  təmsil olunacaq. Həmişə olduğu kimi, yüksəkrütbəli qonaqların iştirakı da   gözlənilir. 
Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının ildən-ilə genişlənən tərkibi də təsdiqləyir. Belə ki, bu dəfə baş sponsor SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti),  sponsorlar isə "AbuDhabi Port", "ACWA Power", "Ansaldo Energia", AZEL SYSTEMS, "Azeri M-I Drilling Fluids", AZFEN, "Baku Steel Company", bp, "Caspian Drilling Company", "Caspian Marine Services", "Equinor", "EP Absheron", "Intertek", "Global Energy Azerbaijan", GL, "Inpex", "KOLIN Construction", MASDAR, "Tekfen", "Total Energies", "Turkish Petroleum", "Uniper", "Ural  Steel" şirkətləridir. 
Sözügedən mətbuat konfransında "İteca Caspian"  şirkətinin səlahiyyətli nümayəndələrinin vurğuladığı kimi, "Caspian Oil&Gas" sərgisi artıq 27 ildir neft, qaz və enerji sektorunda möhkəm əməkdaşlıq platformasına çevrilib. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı  bu sərginin yüksək statusunu bir daha təsdiqləyir. Sərgiyə, adətən, ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin rəhbərləri də öz təbrik məktublarını göndərirlər. 
Təşkilatçılar bildirdilər ki, "Caspian Oil&Gas" sərgisində Xəzər regionunun əsas neft-qaz layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin  nəqli, hasilatı və emalı, boru kəmərlərinin təhlükəsizliyi, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir. 
Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power"in gündəmində isə xarici və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər, bununla bağlı təkliflər öz əksini tapacaq. Sərgidə günəş, külək və nüvə enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar, eləcə də digər mövzular müzakirə olunacaq. 
Sərgi çərçivəsində mətbuat pavilyonu da fəaliyyət göstərəcək. Burada neft-qaz sahəsində ixtisaslaşan bir neçə tanınmış nəşriyyat, jurnal, qəzet və informasiya agentlikləri, o cümlədən internet portallar nümayiş etdiriləcək. Artıq 7 ölkədən yayım və media sektorunda çalışan şirkətlər bu tədbirə informasiya dəstəyi verirlər. 
Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda  həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu haqqında söhbətlər  aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş "dəyirmi masa"da qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə ediləcək. Bundan əlavə, diqqət mərkəzində Xəzər regionunun bərpaolunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, müvafiq infrastrukturunun inkişafı, "yaşıl enerji" layihələrinin həyata keçirilməsi mövzusu da dayanacaq. 
Bu il  Bakı Enerji Həftəsi çərçivəsində  Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. 
Xatırladaq ki, Bakı Enerji Həftəsinin təşkilatçısı "Iteca Caspian", Caspian Event Oraganisers"  şirkətləri və onların beynəlxalq tərəfdaşları - "ICA Events", CEM FZ LLC şirkətləridir. Bakı Enerji Həftəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR rəsmi dəstək göstərirlər. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video