"Enerjinin səsi". Bu, Azərbaycanda hasil və istehsal olunan enerjinin səsidir ki, bütün dünyaya yayılıb. Əks-sədası isə dönüb yenidən səslənərək Bakı Enerji Həftəsində bir daha eşidildi.
"Enerjinin səsi"ni hər yana çatdıran həm də mətbuatdır. İstər özümüzə, istərsə də digər ölkələrdəki insanlara mətbuat bu nailiyyətlərdən xəbər verən səsdir. "Bakı-Ekspo Mərkəzi"ndə Bakı Enerji Həftəsi çərçivəsində düzənlənən tədbir də məhz belə adlanırdı: "Enerjinin səsi".
Panel iclas şəklində keçirilən tədbirə "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban moderatorluq edirdi. O, sözü "Caspian" jurnalının baş redaktoru Eldar Ağamalova verdi. E.Ağamalov 1994-cü ildə keçirilən ilk sərgini xatırladı. Orada çıxış edən Ulu Öndər Heydər Əliyevdən aldığı müsahibəni yada saldı. Bütün bunların sonralar jurnalda necə yerləşdirildiyini söylədi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ildən-ilə böyüdü və şaxələndi. Bu, Prezident İlham Əliyevin önəm verdiyi və dəstəklədiyi möhtəşəm bir tədbirdir. Bu barədə "Caspian Energy Club"un sədri Telman Əliyev danışdı.
Ulu Öndər Heydər Əliyevin dəyərli yadigarı olan bu möhtəşəm sərginin ötən 30 il ərzində respublikamızın rəsmi mətbuatında öz əksini necə tapması barədə suala "Azərbaycan" qəzetinin timsalında həmin qəzetin İqtisadiyyat şöbəsinin redaktoru Flora Sadıqova cavab verdi.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın çıxışı isə neftlə incəsənətin bir-birinə bağlılığı barədə idi.
Sonda "Caspian Event Organisers"in icraçı direktoru Bəhruz Hidayətzadə tədbirin iştirakçılarına təşəkkürünü bildirdi və onlara sertifikatlar təqdim etdi.
Fotolar İlham BABAYEVİNDİR,
"Azərbaycan"