Ömrünün ən xoş günlərində belə unutmadığı bir dərdi, nisgili vardı. Xalq artisti Qəndab Quliyeva yetmiş beş il qabaq - 1949-cu il avqustun 10-da dünyaya gəldiyi Füzuli rayonunun Dilağarda kəndini yenidən görməyin, yurduna baş çəkməyin xiffətini çəkirdi.
Qəndab Quliyeva Füzuli rayonuna gedəndə Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları doğma yurduna həsrətlə baxırdı. Və bir gün "Qarabağ şikəstəsi"ni erməni işğalçılarından azad edilmiş ərazilərdə oxumağını arzulayırdı...
Q.Quliyeva 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində oxudu. 1991-1996-cı illərdə isə təhsilini Azərbaycan Dövlət İncəsənət Universitetində (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) davam etdirdi. İlk muğam müəllimi Nəriman Əliyev oldu. O, həmçinin Vahid Abdullayevin muğam sinfində oxudu.
Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi 1981-ci ildə fəaliyyətə başladı. Həmin teatrın səhnəsində bir sıra aparıcı qadın rollarını ifa etdi. Opera səhnəsində "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Vaqif"də Xanəndə qız oldu. Bu rolların istedadlı ifaçılarından biri kimi müğənni, aktrisa Qəndab Quliyeva öz bənzərsiz səsi və aktyorluq məharəti ilə tamaşaçıların qəlbinə yol tapdı.
Azərbaycan muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlardan biri olan Qəndab Quliyeva "Şahnaz", "Çahargah", "Bayatı-Şiraz", "Qarabağ şikəstəsi", "Mahur-Hindi", "Heyratı" və digər muğamları məharətlə ifa etdi. Onun repertuarında muğam dəstgahları, təsniflər, xalq mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının mahnıları da geniş yer tuturdu.
Xanəndənin ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları Azərbaycan televiziyasının fondunda qorunur. Qəndab Quliyevanın oxuduğu "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edildi.
Səsinin, ifasının gözəlliyi yalnız Azərbaycan musqisevərlərini heyran etmədi. Qəndab Quliyeva bir çox xarici ölkələrdə qastrol səfərlərində oldu. Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda, Avstraliyada, Əfqanıstanda, Tunisdə, Əlcəzairdə çıxış edərək Azərbaycan muğamlarını və mahnılarını təbliğ etdi.
İstedadı və zəhməti diqqətdən kənarda qalmadı. Qəndab Quliyeva 1992-ci ildə Xalq artisti fəxri adını aldı. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü.
Azərbaycanın zəngin musiqi sənətini, ecazkar muğamlarını Qəndab Quliyeva gənclərə də öyrətmək arzusu ilə pedaqoji fəaliyyətlə məşğul oldu. O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamatdan dərs dedi.
Qəndab Quliyeva 2017-ci ilin əvvəllərində infarkt və üç dəfə insult keçirdi və həmin ilin 26 iyununda vəfat etdi. Vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında, anasının məzarı yanında dəfn olunub.
O, bahar ruhlu sənətkar idi.
Vaxt gəldi, Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru düşməndən azad etdi. Xalq artisti Qəndab Quliyevanın könlünün qaldığı doğma yurd yeri də Ermənistan silahlı qüvvələrinin əsarətindən qurtuldu. Ancaq otuz ilə yaxın davam edən işğal illərində neçə-neçə azərbaycanlı həsrət, nisgil içində gözlərini əbədi yumdu. Xalq artisti Qəndab Quliyeva da bu günləri görməyin intizarı, ümidi və arzuları ilə əbədiyyətə köçdü...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"