Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin tarixi çox qədimdir. Tacikistanda Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanlıların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrlərdə də Azərbaycan və Tacikistan arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.
Keçmiş ittifaq dağıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.
2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində səfirliyi təsis edilmişdir. 2007-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü açıq şəkildə göstərir. Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər sıx birləşdirir. Azərbaycan və Tacikistan arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.
Zaman keçdikcə Azərbaycanın beynəlxalq əlaqələri daha intensiv xarakter alıb. Bu, dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət başçılarının Azərbaycana səfərlərinin artmasında və eləcə də dövlətimizin başçısının mütəmadi olaraq xarici ölkə rəhbərlərinin dəvəti ilə səfərlər etməsində özünü açıq şəkildə göstərir. Tacikistan Prezidentinin Azərbaycana gəlişi də bu qəbildən olan səfərlərdən biridir. Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən Tacikistanla münasibətləri xalqlarımız arasında formalaşmış tarixi dostluq münasibətlərinə əsaslanır.
İki qardaş ölkə arasında əməkdaşlıq və görüşlər bu gün də davam edir. Mayın 22-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirilib. Prezidentlər bu görüşlərdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında əməkdaşlığın inkişafından bəhs edərək deyib: "Bu gün həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir".
Tacikistan Prezidenti Emoməli Rəhmon isə mətbuata bəyanatında iki ölkə arasındakı layihə və proqramların uğurla həyata keçirildiyindən söz açaraq deyib: "Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi".
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın zamanlarda Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirəcək. Bu gün Çindən Avropaya gedən və Mərkəzi Asiya dövlətlərinin ərazisini də əhatə edən ən qısa və təhlükəsiz tranzit daşımaları məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta dəhliz və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün də olduqca səmərəli nəqliyyat layihəsidir. Bütün bunlar Tacikistanın da Azərbaycana marağını artırır və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Əminliklə demək olar ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına xidmət edəcək.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"