22 May 2024 08:05
580
SİYASƏT
A- A+

Azərbaycanla Tacikistan arasında əlverişli biznes və investisiya mühiti yaradılır

 

Azərbaycanın Tacikistanla da iqtisadi əməkdaşlığı getdikcə inkişaf edir. Bu ilin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. İki ölkə arasında əlverişli biznes və investisiya mühiti yaranıb. İstər idxal-ixracın genişlənməsi, istərsə də bir sıra sahələrdə əməkdaşlıq qurulması üçün potensial daha böyükdür.
Azərbaycan və Tacikistan dövlətləri rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Keçən il Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti İmoməli Rəhmonun qarşılıqlı səfərləri iki ölkə arasında hərtərəfli əməkdaşlığın, o cümlədən iqtisadi münasibətlərin inkişafına böyük təkan verib. Bu günlərdə Bakıda Azərbaycan-Tacikistan biznes-forumunun təşkil olunması da bunu göstərir. Həm forumda, həm də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşündə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsi vurğulanıb, bir çox sahədə birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub. 
Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, nəqliyyat-logistika potensialı, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub.
Bir sözlə, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün imkanlar çoxdur. Təsadüfi deyil ki, sözügedən forumda iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
Tacikistanın Orta dəhlizdən istifadə etməsi nəql olunan yüklərin həcminin artmasına və mənzilbaşına vaxtında çatdırılmasına imkan verir. Cari ilin ötən 4 ayı ərzində Tacikistanın Orta dəhlizlə yükdaşımalarının həcmi 86 faiz artıb. Ötən il isə Tacikistan Orta dəhlizlə 2,4 milyon ton yük ixrac edib. Nəqliyyat, sənaye, o cümlədən yüngül, kimya və dağ-mədən sənayeləri, kənd təsərrüfatı, tranzit sahələrində əməkdaşlıq etmək üçün də böyük potensial mövcuddur.
Tacikistanla Azərbaycan dağ-mədən yataqlarının işlənməsi sahəsində əməkdaşlıq üçün imkanlardan geniş istifadə edə bilərlər. Tacikistanlı mütəxəssislər azərbaycanlı həmkarlarına bu sahədə birgə layihələrin hazırlanmasını təklif edirlər. Qeyd edək ki, dost ölkənin dağ-mədən sektorundakı 800 filiz yatağından yalnız 100-ü istismar olunur. Razılaşdırma Azərbaycan və Tacikistan şirkətlərinə bu sahədə konkret layihələr icra etməyə zəmin yaradacaq.
Digər bir məsələ isə iqlim dəyişikliyi ilə bağlıdır. Belə ki, bu məsələ Tacikistan üçün də aktualdır. Bu ölkədə elektrik enerjisinə tələbatın 95 faizi su-elektrik stansiyalarında istehsal olunan enerji hesabına ödənilir. Alternativ enerji istehsalı üçün Tacikistanın böyük potensialı var. Ölkənin təbiəti günəş və külək enerjisinin əldə olunmasına geniş yol açır. Azərbaycan şirkətləri bu sahələrə də investisiya yatıra bilərlər.
Həmçinin qida məhsullarının idxal-ixracını artırmaq mümkündür. Qeyd edək ki, iki dövlət arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır. Bu, əlbəttə, azdır. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. Qida məhsullarının ticarətinin artırılması bu işə təkan verə bilər.
Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes-forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənədin imzalanması ilə iki ölkənin iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Xatırladaq ki, sənədlərdən biri "Talko" ASC ilə "Azəralüminium" ASC arasında imzalanan Anlaşma Memorandumudur. Digəri isə Tacikistan hökuməti yanında İxrac Agentliyi olan "Tajaqropromeksport" Dövlət Unitar Müəssisəsi və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Sazişdir. Bununla yanaşı, "Lesinvest" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıq yağının satışı və tekstil istehsalında təcrübə mübadiləsi sahəsində, "Vodii Zarrin Aqrar Alyansı" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində, "Marmari" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində, "Sir-Daryo" MMC (Tacikistan) ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında ixrac-idxal əməliyyatları sahəsində, "Bolluq" (Tacikistan) və "Qanç 2000" (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında, Tacikistanın "OBI - FAYZOBOD" şirkəti ilə Azərbaycanın "Universal Trade" şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video