Azərbaycan müasir tarixdə uğura imza atmış nadir dövlətlərdəndir. Ölkəmiz həm öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa edib, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail olub. Bu, yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda, hüquqi və mənəvi qələbədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O qeyd edib ki, bu tarixi nailiyyətin əsas memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı hər zaman qətiyyətli mövqe nümayiş etdirib, xalq qarşısında verdiyi sözlərə sadiqliyini əməli fəaliyyəti ilə sübut edib. Hələ müharibədən əvvəl Prezident İlham Əliyev Xocalı soyqırımını və digər ağır cinayətləri törədən şəxslərin mütləq şəkildə məsuliyyətə cəlb olunacağını, günahsız qurbanların qanının yerdə qalmayacağını bəyan etmişdi. Bu gün həmin vədlər reallığa çevrilib.
“Azərbaycan heç bir xarici hərbi yardım almadan, bütün siyasi və diplomatik təzyiqlərə baxmayaraq, öz gücü və iradəsi hesabına torpaqlarını işğaldan azad etdi. Bununla yanaşı, işğal və müharibə cinayətlərinə görə məsul şəxslərin mühakiməsinə nail oldu. Bu, beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən nümunədir. Məhkəmə prosesi ilə əlaqədar Azərbaycana qarşı xaricdən əsassız siyasi təzyiqlər göstərilsə də, bu cəhdlər Prezident İlham Əliyevin prinsipial mövqeyinə heç bir təsir göstərmədi. Dövlətimizin başçısı ədalətin təmin olunmasını prioritet məsələ kimi qəbul edərək, milli maraqları hər cür xarici təsirdən üstün tutdu”, - deyə Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərə Bakı Hərbi Məhkəməsində hökm oxunması ədalətin təntənəsidir. Tarix göstərir ki, bir çox münaqişə və müharibələr başa çatsa da, mülki əhaliyə qarşı ağır cinayətlər törədən şəxslər məsuliyyətdən kənarda qalırlar. Bu isə münaqişələrin natamam həlli deməkdir. Bu baxımdan İsrailin təcrübəsi diqqətəlayiqdir. Faşist rejiminin əsas cinayətkarları illər sonra belə tapılaraq mühakimə olunub. Lakin onların hamısı layiqli cəza almayıb. Keçmiş Yuqoslaviyada da müharibə cinayətkarlarının bir hissəsi beynəlxalq ictimaiyyətin səyləri nəticəsində məsuliyyətə cəlb edilib. Azərbaycan isə bu prosesi öz gücü ilə həyata keçirdi.
“Bakı Hərbi Məhkəməsindəki prosesdə təqdim olunan faktlar və ifadələr Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa iştirakını və məsuliyyətini açıq şəkildə ortaya qoydu. Məhkəmədə səsləndirilən ifadələr Ermənistan hakimiyyətinin işğal siyasətinin təşkilatçısı və əsas icraçısı olduğunu təsdiqləndi. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan açıq etiraf edib ki, qondarma rejimin silahlı qüvvələri müstəqil struktur olmayıb, Ermənistan ordusunun ən böyük hərbi birləşmələrindən biri olub. Ordu rəhbərliyinə təyinatlar İrəvanda təsdiqlənir, təminat isə Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Bu faktlar Ermənistanın işğalçı siyasətinin sistemli və dövlət səviyyəsində aparıldığını sübut edir. Məhkəmədə Arayik Harutyunyanın hərbi xidmətdə olması, Bako Sahakyanın Şuşanın işğalında iştirakı ilə bağlı yayımlanan materiallar da Ermənistanın birbaşa rolunu təsdiqləyən mühüm sübutlardır. Proses zamanı aydın oldu ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə “qondarma rejim” yaradıb, işğal siyasətini bu qurumun arxasında gizlətməyə çalışıb. Qondarma rejimin rəhbər şəxsləri isə Ermənistanın tapşırıqlarını Qarabağda icra edən əsas vasitəçilər olublar”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, açıq keçirilən məhkəmədə təqdim olunan sübutlar, zərərçəkmişlərin ifadələri və təqsirləndirilən şəxslərin etirafları Ermənistan silahlı qüvvələrinin işğala, soyqırımına, urbisidə və ekosidə görə məsuliyyət daşıdığını birmənalı şəkildə ortaya qoyub. Bu proses bir daha sübut edir ki, Azərbaycan təkcə hərbi meydanda deyil, hüquqi müstəvidə də qalib gəlib. Dövlətimiz vətəndaşlarına qarşı törədilmiş cinayətlərin cəzasız qalmamasını təmin edib, beynəlxalq hüququn əsas prinsiplərini bərpa edib.
“Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyət münaqişələrin və müharibələrin ədalətli həlli üçün nümunəvi modeldir. Bu model göstərir ki, ərazi bütövlüyünün bərpası ilə yanaşı, cinayətkarların cəzalandırılması da mümkündür və vacibdir. Bu yol həm ədalətin, həm də davamlı sülhün əsas təminatıdır”, - deyən M.Məmmədli fikirlərini yekunlaşdırıb.