10 Fevral 2026 08:17
329
SİYASƏT
A- A+
Hüququn Zəfəri, tarixi ədalətin bərpası

Hüququn Zəfəri, tarixi ədalətin bərpası


Tarix göstərir ki, ədalət geciksə də, heç vaxt unudulmur. Müharibələrin, işğalların və qanlı terror aktlarının arxasında dayanan hərbi canilər zaman-zaman özlərini məğlubedilməz və cəzasız qalacaqlarını düşünüblər. Tarix müxtəlif mərhələlərdə  sübut edib ki, insanlığa qarşı törədilən cinayətlər nə zamanın axarında itir, nə də xalqın  yaddaşından silinir. Nürnberq məhkəmələrindən bu günə qədər qurulan beynəlxalq və milli məhkəmə prosesləri bir həqiqəti təsdiqləyir: hərbi cinayət törətmiş şəxslər gec-tez ədalət qarşısında cavab verməli olurlar. 

Erməni terrorçularına qarşı aparılan və artıq başa çatmış məhkəmələr də məhz  tarixi ədalətin bərpasına xidmət edir. Bu proseslər təkcə konkret cinayətkarların yalnız cəzalandırılması deyil, həm də insanlığa qarşı törədilmiş vəhşiliklərin hüquqi-siyasi qiymətini alması, qurbanların haqq səsini ədalət tribunasından dünyaya çatdırmaq üçün olduqca vacib mərhələdir.

Beynəlxalq hüququn fundamental sənədləri - 1949-cu il Cenevrə Konvensiyası,  əlavə edilmiş  protokollar, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu mülki əhaliyə qarşı zorakılıq, girov götürmə, işgəncə, etnik təmizləmə və terror aktlarını ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi təsnif edir. XX və XXI əsrlərdə Yuqoslaviya, Ruanda, Syerra-Leone və digər beynəlxalq tribunal təcrübələri göstərdi ki, milli mənsubiyyətindən asılı olmayaraq bu cür cinayətlər törədən şəxslər fərdi qaydada məsuliyyət daşıyır və "əmr yerinə yetirmişəm" kimi bəhanələr hüquqi əsas sayılmır. Erməni terrorçularının məhkəməsi də məhz bu universal hüquqi yanaşmaya söykənərək aparılıb. Mülki şəxslərin qəsdən hədəfə alınması, terror üsullarından sistemli istifadə edilməsi və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması konkret sübutlar əsasında qiymətləndirilib. Bu məhkəmələr beynəlxalq presedentlərlə müqayisədə eyni hüquqi məntiqi təsdiqləyir - insanlığa qarşı cinayətlər nə zamana, nə də coğrafiyaya bağlıdır və ədalət bu cür əməlləri mütləq şəkildə hüquqi müstəvidə cavablandırır.

Bu məhkəmələrin əsas gücü təkcə hökm oxunan zalda deyil, ortaya qoyulan həqiqətlərin miqyası ilə ölçülür. İllər boyu təhrif edilən faktlar, səsləndirilməsi mümükün olmayan  şahid ifadələri və gizlədilən cinayət izləri məhkəmə prosesi zamanı hüquqi sübut statusu alır. Bu məhkəmədə cinayətkarın adı, rütbəsi və ya arxasında dayanan ideoloji çətir heç bir rol oynamadı - həlledici olan törədilmiş əməlin mahiyyəti və onun insan həyatına vurduğu sağalmaz zərbə idi. Erməni terrorçularının məhkəməsi göstərdi ki, müasir dövrdə ədalət yalnız qisas anlayışı üzərində deyil, hüquqi məsuliyyət, sübut və beynəlxalq norma əsaslı qərarlarla formalaşır. Bu proses bir tərəfdən qurbanların yaddaşına hörmətin ifadəsi, digər tərəfdən isə gələcək üçün verilən  açıq mesajdır: terror və insanlığa qarşı cinayətlər nə siyasi manipulyasiya ilə ört-basdır edilə, nə də zaman keçdikcə unudula bilər.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə təkcə hərbi-siyasi qələbə əldə etmədi, eyni zamanda xalqımıza qarşı insanlığa və beynəlxalq humanitar hüquqa zidd cinayətlər törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla hüquqi ədalətin bərpasına nail oldu. Müasir tarixdə nadir nümunələrdən biri kimi Azərbaycan heç bir xarici hərbi müdaxilə və ya himayə olmadan öz gücünə torpaqlarını azad etdi, paralel olaraq müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etdi. Təbii ki, bu proses özü heç də asan başa gəlmədi: mühakimə olunanların cinayət ortaqları və xarici havadarları müxtəlif siyasi, informasiya və diplomatik təzyiq mexanizmlərindən istifadə edərək ölkəmizə təsir göstərməyə çalışdılar. Lakin bütün bu cəhdlər ölkəmizin hüququn aliliyinə söykənən mövqeyini sarsıda bilmədi. 

Azərbaycan bu mərhələdə gücün hüquqa tabe olduğu, ədalətin isə təzyiqlərlə dəyişdirilmədiyi bir dövlət modelini nümayiş etdirərək göstərdi ki, suverenlik yalnız torpağa sahib olmaq deyil, eyni zamanda tarixi ədaləti təmin etmək iradəsidir. Aparılan  məhkəmələr Azərbaycan dövlətçiliyinin mahiyyətini müəyyən edən mühüm bir xətti aydın şəkildə ortaya qoydu: güc ədalətdən üstün tutulmur, qələbə hüquqla tamamlanır. Dövlət öz tarixi məsuliyyətini yalnız silahlı mübarizə ilə deyil, hüquqi mühakimə yolu ilə də yerinə yetirdiyini nümayiş etdirdi. Bu proses gələcək nəsillər üçün aydın hüquqi presedent formalaşdırdı - müharibə şəraitində belə insanlıq əleyhinə cinayətlər cəzasız qalmır və dövlət öz vətəndaşlarının haqqını məhkəmə zalında qorumaq iradəsinə malikdir. Eyni zamanda bu məhkəmələr gənc nəsillərə dövlətin yalnız əraziyə deyil, dəyərə, hüquqa və tarixi həqiqətə sahib çıxdığını göstərən canlı dərs oldu. Azərbaycan bu yanaşma ilə dövlətçilik ənənəsini gücləndirdi, ədaləti müvəqqəti siyasi maraqlardan üstün tutan bir hüquqi yaddaş yaratdı və gələcək üçün dəyişməz mesaj verdi: cinayət törədənlər unudulmur, hüquq isə zaman aşımına məruz qalmır.

Məhkəmələr eyni zamanda beynəlxalq ictimai rəyə ünvanlanan açıq və prinsipial mesajdır: ədalət selektiv deyil və siyasi konyunkturaya tabe olmur. Dünya tarixində bunun bariz nümunələrindən biri İsrail təcrübəsidir. Vaxtilə yəhudi xalqına qarşı soyqırımı və insanlığa qarşı cinayətlərdə iştirak etmiş faşist canilər müharibə bitdikdən illər, hətta onilliklər sonra müxtəlif ölkələrdə aşkar edilərək mühakimə olundular və layiqli cəzalarını aldılar. Bu fakt sübut etdi ki, zaman cinayəti unutdurmur, məsuliyyəti aradan qaldırmır. Azərbaycan da eyni hüquqi və mənəvi xətti əsas götürərək göstərdi ki, xalqımıza qarşı amansız cinayətlər törədənlər gec-tez ədalət qarşısında dayanacaqlarını dərk etməlidirlər. Çünki müasir dünyada cinayətkar üçün ən ağır hökm yalnız cəza deyil, qaçılmazlıq hissidir - harada gizlənməsindən, kimlərin himayəsinə sığınmasından asılı olmayaraq, bir gün onun üçün də məhkəmə qurulacağı gerçəyinin olacağını düşünməsidir.

Bu proses yalnız hüquqi sənədlərdə qalan bir fakt deyil - bu, həm də ədalətin sonda öz yerini tapdığına inamın gücləndiyi bir məqamdır. Azərbaycan məhkəmələri təkcə ümumi prinsipləri təsdiqləməklə kifayətlənmədi, konkret şəxslərin ədalət mühakiməsi qarşısında dayanmalarını təmin etdi. Məhkəmənin hökmü ilə işğalçı rejimin sabiq rəhbəri Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, qondarma rejimin parlament sədri Davit İşxanyan, "müdafiə ordusu"nun komandanının müavini Davit Manukyan və "müdafiə ordusu"nun komandiri Levon Mnatsakanyan kimi şəxslər ömürlük azadlıqdan məhrum edildilər. Digər separatçı "liderlər", o cümlədən Arkadi Qukasyan, Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar. Bu adlar tarixə siyasətçi kimi deyil, törətdikləri əməllərə görə hüquq qarşısında cavab verən şəxslər kimi düşdülər.

Aparılan məhkəmə prosesi, hüquq sistemimizin yalnız qanunları tətbiq etmək gücünü nümayiş etdirmir, eyni zamanda gələcək nəsillərə bir mesajdır: cinayətkarlar heç vaxt qanunsuzluğun kölgəsində gizlənə bilməzlər və insanlığa qarşı törədilən cinayətlər zamanla yox, ədalətlə ölçülür. Ədalət bərpa olunub və bu, yalnız bugünkü qələbənin deyil, gələcək üçün dönməz hüquqi dəyərin təminatıdır.

Məhkəmə bir daha sübut etdi ki, ədalət yalnız hökm oxunan günün deyil, tarixin qarşısında verilən qərardır. Azərbaycan bu proseslə həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verdi ki, qanunun dili emosiyadan uzaqdır. Verdiyi qərarlar xalqların yaddaşına yazılır. Bu gün oxunan hökmlər təkcə keçmişin hesabı deyil, gələcəyin xəbərdarlığıdır! Zorakılıq üzərində qurulan ideologiyalar gec-tez hüququn sərt divarına çırpılaraq ədalətin divanı qarşısında durmağa məhkumdur. Azərbaycan bu tarixi mərhələdə ədalətin yanında dayanaraq bir daha göstərdi ki, suveren dövlət olmaq yalnız torpağa sahib çıxmaq deyil, həqiqəti qorumaq və haqqı hüquqla bərpa etmək iradəsidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!