05 May 2023 09:00
1642
SİYASƏT
A- A+

Azərbaycanın şərəf tarixini yaradan fenomen

 

"Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Tarixin və tanrının bəxşişi

 

Həqiqətən də, sadəcə yaşadığı dövrün deyil, özündən sonrakı tarixin də müəllifinə çevrilmiş dünya miqyaslı siyasətçi, dahi şəxsiyyət, həyat amalı xalqına xidmət olan xilaskar və qurucu müdrik dövlət xadimi, müstəsna dühası və misilsiz fədakarlığı ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin zaman və məkan anlayışına sığmayan bənzərsiz və mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Zəmanəmizin ən böyük azərbaycanlısının vətəni, milləti qarşısında qurtuluş və inkişaf missiyasının, unikal dövlətçilik fəaliyyətinin nəticəsidir ki, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan bu böyük insan hələ gənc yaşlarından fitri istedadı, bacarığı və ən əsası xarakterində və fəaliyyətində doğma xalqına, onun milli-mənəvi dəyərlərinə bağlılığı və təəssübkeşliyi, qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edir, onu tanıyan hər bir kəsin rəğbətini qazanırdı. 
Geniş dünyagörüşü, ali əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, təşəbbüskarlığı, mübarizliyi, nümunəvi xidməti və prinsipiallığı ilə 1969-cu il iyulun 14-də ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan qətiyyətli və işgüzar Vətən oğlunun yüksəlməsi Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoymuşdur.
Zəngin dövlətçilik ənənələri olan xalqımıza və gələcək nəsillərimizə tarixin və tanrının bəxşişi olan Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmaqla milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kosmopolit ruhlu kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılaraq minlərlə gənc mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar önəmli dövlət vəzifələrinə irəli çəkildilər.
Ulu Öndər öz çıxışlarında həmin dövrə münasibət bildirərkən demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm".

 

"Qoy ədalət zəfər çalsın!"

 

Özünün təkmil dövlətçilik konsepsiyasında qanunun aliliyini və hüquq qaydalarının təminatını önə çəkən, "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" deyən Ümummilli Liderin hələ sovet dövründə başlatdığı cinayətkarlığa, rüşvətxorluğa qarşı barışmaz münasibəti və mübarizəsi, yüksək çinli məmurların cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması ittifaq səviyyəsində böyük əks-səda doğurmuşdur.
Qədim Çin filosofu və islahatçısı Van Anşi yazırdı ki, şəxsiyyətin dahiliyi çoxluğun görmədiyi həqiqəti iti fəhmi, bəsirət gözü ilə dərk etməsindədir. Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdən biri idi. 
Zamanın fövqündə yaşayan liderin sovet dövründə "Literaturnaya qazeta"ya verdiyi 18 noyabr 1981-ci il tarixli "Qoy ədalət zəfər çalsın!" adlı müsahibəsi əbədiyaşar rəhbərin bütün işlərinin mahiyyətini nümayiş etdirməklə həmin dövrdə SSRİ-də bütün hüquqşünaslar üçün proqram xarakterli sənəd kimi qəbul olunmuş, zamanın ictimai postulatına çevrilməklə cəmiyyətin mənəvi-psixoloji mühitini müəyyən etmişdir.
Sovetlər dövründə hüquq sahəsində ümumittifaq  xarakterli bütün aparıcı dövlət tədbirlərinin və elmi praktiki konfransların məhz Bakı şəhərində keçirilməsi müdrik rəhbərin hansı dərəcədə hüquq-mühafizə orqanlarının və prokurorluğun fəaliyyətinə önəm verməsinin bariz nümunəsi idi.
İctimai-siyasi sabitliyin və davamlı inkişafın təminatında dövlətin hüquq-mühafizə orqanlarının peşəkarcasına fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayan Ulu Öndər hüquqşünas kadrların hazırlanmasında da yaranmış durğunluq və geriləməni, cəmiyyətdə hökm sürən hüquqi nihilizmi uzaqgörənliyi və qətiyyəti hesabına aradan qaldırmışdır.
Xüsusən "imtiyazlı" təbəqənin inhisarında olan Bakı Dövlət Universitetinin  Hüquq fakültəsinə qəbul zamanı yol verilən nöqsanların qarşısı alınmaqla bilik yeganə meyar kimi qorunmuş, sadə ailələrdən çıxan istedadlı gənclərin yolunu bağlayan sədlər aradan qaldırılmışdır. 
Böyük Öndərin 1970-80-ci illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına göstərdiyi qayğı sayəsində peşəkar hüquqşünas kimi hazırda respublikamızda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı işinə töhfəsini verən insanlar öz talelərinə, peşə və karyeralarına görə məhz Heydər Əliyevə minnətdarlıqlarını ifadə edirlər. 
Ümummilli Lider həmin hüquqşünasların, xüsusən prokurorluq orqanları işçilərinin müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: "Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir".

 

Nəhəng dövlətin bacarıqlı və işgüzar rəhbəri

 

Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm quruculuq işləri, müstəsna idarəçilik qabiliyyəti və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt ittifaqa başçılıq edənlərin diqqətini cəlb etməyə bilməzdi.
Fitri istedad sahibinin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması xalqımız üçün də qürurverici və önəm daşıyan hadisə olmuşdur. 
Dahi şəxsiyyət bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrlə dərindən məşğul olaraq artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar rəhbər kimi tanınır, beynəlxalq aləmdə böyük nüfuz sahibi olaraq sovet nümayəndə heyətinin başçısı qismində çoxsaylı ölkələrə xarici səfərlərə gedir, qlobal miqyasda böyük hörmətlə qarşılanırdı. 
Dünyanın fövqəlgüc dövlətində siyasi elitanın zirvəsinə yüksələn, ümumittifaq miqyaslı nəhəng yükü öz çiyinləri üzərinə götürən Ulu Öndərin doğma xalqına bağlılıq və təəssübkeşliyi burada da özünü göstərmiş, artan nüfuzunun imkanlarından istifadə edərək, ittifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltməklə Azərbaycanın keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilməsinə nail olmuşdur.
Yeni vəzifənin öhdəsindən xüsusi peşəkarlıqla gələn görkəmli dövlət xadiminin uğurları, getdikcə möhkəmlənən mövqeyi ittifaq rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin ona qarşı qısqanclıq hisslərini gücləndirir, nəticədə gizli və məkrli planların, dahi şəxsiyyəti gözdən salmaq üçün haqsız və əsassız proseslərin, böhtançı təbliğat işinin həyata keçirilməsinə başlanılır.
Məhz həmin dövrdə Ulu Öndərin hakimiyyət strukturlarından uzaqlaşdırılması xalqımızın ağır və məhrumiyyətli günlərlə, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qalmasına,  əzəli torpaqlarımıza yönələn absurd və uydurma ərazi iddialarının meydana atılmasına səbəb olmuşdur.
Siyasi fəaliyyətinə qadağa qoyulduğu, cəmiyyətdən təcrid edildiyi, qarayaxma və təqiblərə məruz qaldığı dövrdə belə Heydər Əliyevin öz xalqına, xalqının isə Heydər Əliyevə inamı, etimadı və etibarı daha da artmışdır. 
Bu baxımdan xalqımızın böyük oğlunun sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdiyi qanlı Yanvar faciəsinin ertəsi günü oğlu İlham Əliyevlə birlikdə həyatlarını təhlükədə qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi xalqımıza bir dayaq, bir təsəlli olmuşdur. 

 

Liderlik və xilaskarlıq missiyası

 

Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev respublika rəhbərliyinin xəyanətkarlığı və üzüdönüklüyündən Bakıda yaşamaq imkanı tapmayaraq Naxçıvana - doğmalarının və həmyerlilərinin yanına qayıtmağa məcbur oldu.
Ulu Öndərin burada gerçəkləşdirdiyi misli görünməmiş tədbirlərlə blokada şəraitində yaşayan Naxçıvan işğaldan xilas edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı və ilk dəfə olaraq sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı.
Xüsusi qeyd edilməlidir ki, böyük siyasi qrossmeysterin Naxçıvana rəhbərliyi dövründə Azərbaycanın üçrəngli dövlət bayrağının, digər milli rəmzlərin dövlət atributları kimi qəbul edilməsi, ordu quruculuğuna başlanılması milli dövlətçiliyimizin formalaşdırılmasında və inkişafında müstəsna əhəmiyyətə malik olmuşdur.
Dövlətçiliyin itirilməsi təhlükəsinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə Heydər Əliyev xalqın təkidli tələbi ilə rəhbərliyi üzərinə götürərək, öz qətiyyəti və müdrikliyi sayəsində ölkəni həmin vaxt real olan hissələrə bölünmək təhlükəsindən qorumaqla Azərbaycanda dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə başlamışdır. 
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdaraq müstəqil dövlətçiliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, öz həyatını belə təhlükəyə ataraq meydana atılan böyük ürəkli Vətən oğlunun xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi. 
Ölkəmizin düşdüyü belə bir ağır dövrdə Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və çətin vəzifələri həll etmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, cinayətkarlığa şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etməklə insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək. 
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olmaqla xalqımızın yaddaşında bütöv və milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gələrək sözün həqiqi mənasında Milli Qurtuluşa nail olmuşdur.
Təsadüfi deyildi ki, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer vurğulayırdı: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər". Bəli, dahilik və əbədilik simvolu olan Heydər Əliyev dünyanın nadir tarixi şəxsiyyətlərindəndir ki, olduqca mürəkkəb siyasi şəraitdə öz dövlətinə sabitlik, xalqına isə əmin-amanlıq gətirdi. 

 

Sosial-iqtisadi dirçəliş və davamlı tərəqqinin əsasının qoyulması

 

Məşhur fransız mütəfəkkiri Volterin "dövlətin xilası üçün bir dahi insan kifayətdir" kəlamının ən uğurlu nümunəsi hesab edə biləcəyimiz Ümummilli Liderin tarixə "sabitliyə və inkişafa nail olunma" dövrü kimi düşən 1993-2003-cü illər ərzindəki müdrik fəaliyyəti Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması ilə nəticələnmişdir. 
Ulu Öndərin müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli, prinsipial mövqeyi və dəmir iradəsi sayəsində ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara,  hərc-mərcliyə və xaosa birdəfəlik son qoyulmaqla ictimai-siyasi sabitlik tam bərqərar edildi.
Müharibədən yenicə çıxmış, humanitar böhranla üz-üzə qalmış ölkəmizin iqtisadi inkişafında müstəsna rolu olan, Ulu Öndərin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilən, "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması Heydər Əliyev dühasının düşünülmüş və uzaqgörən diplomatiyasının parlaq uğuru idi. 
Vaxtında atılan bu addımlarla bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir.
Dünyaşöhrətli böyük qırğız yazıçısı və diplomat Çingiz Aytmatov çox haqlı olaraq qeyd edirdi ki: "Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir".
Fitri istedadı və yüksək intellekti hesabına müstəqilliyimizin möhkəmləndirilməsinin qarantı, qurucusu və memarı olan Heydər Əliyev öz parlaq siyasi zəkası və müstəsna idarəçilik qabiliyyəti sayəsində dövlətin və cəmiyyətin resurslarını ümummilli məqsədlər naminə böyük ustalıqla səfərbər edərək ölkəmizin 10 il ərzində əsrə bərabər inkişaf yolu keçməsinə nail olmuşdur.
Milli potensialı doğru yönləndirməyi bacaran böyük təşkilatçı rəhbər kimi bir çoxları üçün əlçatmaz, hətta mümkünsüz görünən layihələri, strateji inkişaf proqramlarını reallığa çevirən Ulu Öndər yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və ideal gələcəyə aparan kursu müəyyənləşdirmişdir.

 

Zəfər yolunun qurucusu

 

Ulu Öndərin dərin və mənalı ömür yoluna nəzər saldıqda, xalqımızın və tariximizin müdriklik zəkasından qaynaqlanan Heydər Əliyev ideyalarının dövlətçilik və azərbaycançılıq prinsiplərini ifadə edərək milli mentalitetimizin bütün atributlarını və prioritet məsələlərini əhatə etdiyini görərik. 
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 
Sovet hökumətinin ən sərt dövründə müdrik rəhbərin böyük hünər tələb edən təşəbbüsü nəticəsində gənclərimizin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların bu istiqamətdə hazırlanması üçün son dərəcə vacib olan Bakıda Hərbi Liseyin yaradılması dahi şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi.
Qüdrətli dövlət xadiminin suverenliyin bərpasından dərhal sonra inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasi kursu Azərbaycanın iqtisadi müstəqilliyini tam təmin etməklə ölkənin maliyyə imkanlarının genişlənməsinə və paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunmasına gətirib çıxardı.
Böyük siyasətin sirlərinə dərindən bələd olan Ulu Öndər bilirdi ki, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və hər cür təhdidlərə cavab vermək üçün ordu quruculuğunda köklü islahatların aparılması, müasir standartlara cavab verə bilən güclü Silahlı Qüvvələrin yaradılması lazımdır. 
Bu məqsədlə, yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılmasına, maddi-texniki təchizatının gücləndirilməsinə və hərbi-sənaye kompleksinin qurulmasına start verildi.
Sürətlə möhkəmlənməkdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-aşkar artması və işğal olunmuş torpaqları geri qaytarmaq üçün ölkəmizin keçirdiyi ilk uğurlu əməliyyatlar Ermənistan ordusunu atəşi dayandırmağa məcbur etməklə atəşkəs müqaviləsinin imzalanmasına imkan verdi.
Atəşkəs sonralar Azərbaycanın görünməmiş sürətlə inkişafı, qüdrətli dövlətə çevrilməsi və İkinci Qarabağ savaşında möhtəşəm qələbəsi üçün müstəsna önəmə malik olmaqla, zaman bir daha Heydər Əliyevin nə qədər böyük siyasətçi, strateq, uzaqgörən və tədbirli dövlət başçısı olduğunu tarixi zəfərimizlə sübuta yetirdi.
Bu məqamda Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevitin siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə dediyi "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir" kəlmələri taleyüklü məsələləri həll etmək bacarığına, yenilməz iradəyə və genişmiqyaslı təfəkkürə malik Ulu Öndərin "siyasi portreti"nin əsas cizgisini təcəssüm etdirir.

 

Beynəlxalq müstəvidə qazanılmış uğurlar

 

Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər etdi. 
Çağdaş tariximizin yaradıcısı özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra çox mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini Azərbaycan diplomatiyasının qarşısında məqsəd kimi qoymuşdu. 
Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq  işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq beynəlxalq aləmin dəstəyini qazanmaqdan və informasiya blokadasını yarmaqdan ibarət idi. 
Ümummilli Liderin bənzərsiz diplomatik bacarığı, qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş, o cümlədən ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeşt, Lissabon və İstanbul görüşlərində Azərbaycanın ərazi bütövlüyünün tanınması və bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Qarışıq və təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerin, oynadığı rolun, həmçinin ölkəmizin dünya üçün strateji önəminin düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə olduqca çevik və müxtəlif gedişli xarici siyasət kursu yeridən Heydər Əliyevin strategiyası Azərbaycana beynəlxalq aləmdə nüfuz və hörmət qazandırmışdır.
Təsadüfi deyildir ki, Ümummilli Liderin atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ilə ətrafdakıları heyrətləndirmiş, görkəmli dövlət xadimləri Ulu Öndərin siyasi fəaliyyətini, dövlət idarəçiliyindəki zəngin təcrübəsini, diplomatik uğurlarını çox yüksək qiymətləndirmişlər. 
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buşun Heydər Əliyev haqqında danışarkən onu "uzun illər cənubi Qafqaz kimi mürəkkəb regionun ən əsas siyasətçisi" adlandırması, Böyük Britaniyanın sabiq baş naziri, dəmir ledi Marqaret Tetçerin "müasir zəmanəmizin görkəmli siyasi xadimi", Fransanın sabiq prezidenti Jak Şirakın "qeyri-adi şəxsiyyət" kimi xarakterizə etmələri Ulu Öndərin hadisələrin fövqündə dayanmış siyasi lider imicini bir daha nümayiş etdirir.

 

Dövlətçilik salnaməsinin parlaq dövrü

 

İctimai-siyasi sabitliyi bərqərar edilmiş, iqtisadiyyatı yenicə tərəqqiyə başlamış Azərbaycan 1995-ci ildən sonra daha dinamik inkişaf yoluna qədəm qoymağa başladı ki, bunun da ilk rəsmi ifadəsi müstəqilliyinin əsas atributlarından olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması hesab edilə bilər. 
Hüquqi dövlətin bütün baza prinsiplərini - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarətinin təsbit olunduğu, insan haqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edildiyi bu ali sənəd məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "yeni vəsiqə"si idi.
Yüksək erudisiyaya malik müdrik siyasi xadimin şah əsəri olan, Azərbaycan xalqı və dövlətinin gələcəyi ilə bağlı fundamental məsələləri təsbit edən, tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş Əsas Qanunun qəbulu müstəqil ölkənin iqtisadi əsaslarını gücləndirmək, dövlətin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara, liberal iqtisadiyyata transformasiya proseslərinə də təkan verdi.
Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olmuşdur.
1998-ci il oktyabrın 11-də Ulu Öndərin yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın qəlbində əbədi heykəlini qoyduğu liderinə olan sonsuz etimadı, məhəbbəti və inamını bir daha sübut edirdi.
Əminliklə deyə bilərik ki, Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illər dövrü bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi şəxsiyyətin adı ilə bağlıdır. 

 

İnsan hüquq və azadlıqlarının qorunmasında yeni mərhələ

 

Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac vermişdir ki, hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.
Gərgin fəaliyyət nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunvericilik aktları qəbul edildi və bu, beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən də yüksək dəyərləndirildi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Qeyd edilməlidir ki, demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Ümummilli Liderin rəhbərliyi ilə aparılan çoxşaxəli hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək, 2000-ci ildən yeni - insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.
Beləliklə də, ölkəmizin hüquq sistemi beynəlxalq səviyyədə sınaqdan çıxmış mütərəqqi sistemlərə uyğunlaşdırıldı və son nəticədə ədalət mühakiməsinə etimadın artması və insan hüquq və azadlıqlarının daha etibarlı təmini üçün zəmin yarandı. 

 

Müasir prokurorluğun yaradıcısı

 

Hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə dərindən bələd olan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə hüquq qaydalarının bərqərar olmasını daim diqqət mərkəzində saxlamışdır. Onun "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə" kəlamı dahi liderin bu sahəyə nə qədər həssas yanaşdığının bariz nümunələrindən biridir.
Bu baxımdan müstəqil Azərbaycana rəhbərliyinin ilk dövrlərindən, eləcə də müstəqilliyini, suverenliyini itirmək təhlükəsi olan Azərbaycana qayıdışından sonra Ulu Öndər ölkə üçün son dərəcə vacib olan hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını prioritet məsələ kimi qarşıya qoymuşdur.
Tarixi şəxsiyyətin 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratmış, eyni zamanda hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramını müəyyənləşdirmişdir.
Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük önəm verən Ümummilli Liderin prokurorluq orqanlarının da təkmilləşməsində müstəsna rolu olmuş, qurumun fəaliyyətində səmərəliliyin artırılması, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır.
Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin "Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir" sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir. 
Təsadüfi deyil ki, 1995-ci il Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.
Dahi rəhbərin oktyabrın 1-ni respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan etməsi, şəxsi təşəbbüsü və rəhbərliyi altında qurumun  yaradılmasının 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi həmin tədbirdə "Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" söyləməsi bu gün də hər bir prokurorluq işçisi tərəfindən böyük iftixar hissi ilə yad edilir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında beynəlxalq hüquq norma və prinsiplərinə uyğun hazırlanmış "Prokurorluq haqqında" qanun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi prokurorluğun fəaliyyət istiqamətlərinin demokratik dəyərlərə uyğunlaşdırılmaqla qanunun aliliyinin real təminatçısına çevrilməsini təmin etdi.
Xüsusi qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi müstəsna əhəmiyyətə malik görüşü Azərbaycan Prokurorluğunun demokratik məzmunda yenilənməsinə və qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkilinə təminat yaratmışdır.
Həmin müşavirədəki nitqində müdrik və uzaqgörən rəhbərin "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir" sözləri ilə ehtiva olunan tələb və tövsiyəsi hər bir prokurorluq işçisi üçün həyat və fəaliyyət meyarı olmuşdur. 
Prokurorluq orqanlarının yenilənməsi istiqamətində gənclərin potensialının lazımınca qiymətləndirilməsini önə çəkən Ulu Öndərin fərmanı ilə hüquq-mühafizə orqanları arasında ilk dəfə məhz prokurorluqda müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr tərkibinin şəffaf prosedurlar əsasında hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır.
Prokurorluğa olan xüsusi diqqət və qayğının təzahürüdür ki, bu gün Heydər Əliyev prokurorluq orqanlarında aparılmış mütərəqqi islahatların banisi kimi hər bir prokurorluq əməkdaşının, təqaüddə olan veteranlarımızın qəlbində yaşayır,  xüsusi minnətdarlıq və dərin rəğbətlə yad edilir.
Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prokurorluğu tərəfindən silsilə tədbirlər, konfranslar, "dəyirmi masa"lar keçirilir, mediada çıxışlar edilir, idman yarışları, xeyriyyə tədbirləri, qanvermə, ağacəkmə aksiyaları təşkil edilməklə ölməz liderin əziz xatirəsinə əbədi ehtiram ifadə olunur. 

 

Müstəqil dövlət quruculuğunu uğurla təmin edən siyasi varislik

 

Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyəti, onun proqram xarakterli çıxışları, nitq və məruzələri çağdaş tariximizin sistemli-müqayisəli formada öyrənilməsi baxımından çox zəngin tarixi mənbədir.
Yüksək mənəvi insani keyfiyyətləri və dəyərləri özündə birləşdirən gözəl ailə başçısı həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı.
Canından artıq sevdiyi xalqına müraciətində müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərən Ümummilli Liderin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" sözlərinə hər bir vətəndaşın  tərəddüd etmədən dəstək verməsi həm də qurtuluşdan başlanan möhtəşəm zəfər yolunun uğurla davam etdirilməsi anlamına gəlirdi.
Çağdaş tariximizin ictimai-siyasi və dövlətçilik tarixinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi, suverenliyin bərpası istiqamətində bir çox yarımçıq qalmış məsələlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. 
Dünya miqyaslı siyasət xadiminin ən böyük istəyi, mübarizəsinin baş hədəfi və fəaliyyətinin əsas məqsədi hansı yolla olursa-olsun, əzəli-əbədi torpaqlarımızın işğaldan azad edilməsi idi. 
Ali Baş Komandanın "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır" sözləri Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsinə olan inamının və uzaqgörən seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiq edir. 
Bu gün qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmizin Avropada etibarlı tərəfdaş,  regionda lider dövlət kimi qəbul edilməsi, İlham Əliyevin siyasi varislik missiyasının təntənəsini nümayiş etdirən amillərdəndir.
Ölkəmizin qazandığı uğurlardan danışarkən xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələri, xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti mütləq qeyd olunmalıdır. 
Məhz Mehriban xanım müstəqil Azərbaycan dövlətində birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə   bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. 

 

Əbədiyaşarlıq zirvəsi

 

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olmaqla Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. 
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərbi birləşdirən etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 
Ulu Öndərin 100 illiyini qeyd edərkən biz hamımız dünya miqyaslı nəhəng siyasətçinin, görkəmli dövlət xadiminin, böyük nurlu insanın, dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq əziz xatirəsini ehtiramla yad edir, onun xalqı və vətəni üçün gördüyü nəhəng işlərin, misilsiz xidmətlərinin mühüm əhəmiyyətini hədsiz minnətdarlıq hissi ilə dərk edirik. 
Dövr və zaman keçdikcə bu anlam daha da güclənir, Heydər Əliyev irsinin, onun ideya və tövsiyələrinin xalqımızın və ölkəmizin bu günü və gələcəyi üçün dəyəri və əhəmiyyəti yüksəlir. 
Heydər Əliyevin misli olmayan dahiliyi eyni zamanda özünü onda göstərmişdir ki, o həm sovetlər dönəmində, həm də müstəqillik  dövründə Azərbaycana rəhbərlik edərək xalqın əbədi yaddaşına xilaskar və qurucu dövlət xadimi, tarixin inkişafını öncədən görərək ona təsir edə bilən görkəmli şəxsiyyət, insanları inandırmağı bacarmaqla onları düzgün istiqamətləndirən və işıqlı gələcəyə aparan şəksiz lider kimi birdəfəlik həkk olunmuşdur. 
Şübhə yoxdur ki, xalqımız hələ sağlığında əfsanələşən, siyasi olimpin zirvəsini fəth etmiş nadir şəxsiyyət, bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevi qəlbində əbədi yaşadacaq, onun əziz və unudulmaz xatirəsini həmişə yüksək ehtiramla yad edəcəkdir.

Kamran ƏLİYEV,
Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video