Bu gün dünya gözümüzün qarşısında sürətlə dəyişir. Siyasi gərginliklərin artdığı, müharibələrin baş verdiyi və rəqəmsal texnologiyaların hər sahəyə nüfuz etdiyi bir dövrdə ölkələrin təkbaşına ayaqda qalması və öz maraqlarını qoruması gündən-günə çətinləşir. Məhz belə bir zamanda Mərkəzi Asiyadan Qafqaza, oradan da Avropaya qədər uzanan böyük bir coğrafiyada Türk dövlətlərinin bir araya gəlməsi sadəcə tarixi bir arzunun gerçəkləşməsi deyil, həm də qardaş ölkələrin birliyini qlobal səviyyəyə yüksəldən strateji addımdır.
Gələcəyi müəyyən edən strateji sahələrdə vahid cəbhə
12 oktyabrda Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciəti isə bu böyük birliyin çatdığı yeni keyfiyyət mərhələsini bir daha aydın şəkildə göstərir. Əgər illər əvvəl bu əməkdaşlıq daha çox ortaq soy-kök və mədəniyyət platforması kimi qəbul edilirdisə, bu gün Bakıdan verilən mesajlar tamamilə fərqli bir reallığı ortaya qoyur. Türk dünyası artıq süni intellekt, rəqəmsallaşma, intellektual mülkiyyətin müdafiəsi və enerji təhlükəsizliyi kimi gələcəyi müəyyən edən strateji sahələrdə vahid cəbhə kimi çıxış edir. Azərbaycan bu böyük dəyişikliyin mərkəzində dayanaraq qardaş ölkələrin birliyini regional səviyyədən qlobal gücə çevirir.
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələr əsas istiqamət kimi müəyyənləşdirilib. Ölkəmizin bu yöndə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində türk dövlətləri arasında siyasi, diplomatik, mədəni əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət sahələrində də böyük uğurlar qazanılıb.
2009-cu ildə Naxçıvan Sazişi ilə təməli qoyulan Türk Şurası (hazırkı TDT) ötən dövr ərzində böyük inkişaf yolu keçib. Ölkəmiz bu təşkilatın həm ideoloji, həm də praktiki baxımdan güclənməsi üçün hər zaman ön sıralarda yer alıb.
Azərbaycan 2020-ci ildə qazandığı tarixi qələbə sayəsində həm də türk dünyasının etnosiyasi coğrafiyasını bərpa edərək qardaş ölkələr arasında birliyi daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin bu sahədəki xidmətləri TDT-nin İstanbul Zirvəsində “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması ilə yüksək qiymətləndirildi.
Bu günə qədər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin işğaldan azad edilən ərazilərimizə səfərlər etmələri də ölkələrimizin həmrəyliyinə nümunələrdir. Qardaş ölkələr Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə köməklərini göstərərək Böyük qayıdışa da dəstəklərini verirlər.
Azərbaycanın təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanmasının isə xüsusi tarixi-siyasi əhəmiyyəti oldu.
Bu Bəyannamə ilə qardaş dövlətlər “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha dünyaya bəyan etdilər.
Müasir çağırışlar
Gələcəyin qlobal rəqabətində geri qalmamaq üçün türk dövlətləri innovasiya və texnologiya sahəsində də güclərini birləşdirirlər. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciətində bu vacib məqama da diqqət çəkib: “Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”.
“Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir”, - deyən ölkəmizin başçısı vurğulayıb ki, türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.
Türk dünyasının Naxçıvanda atılan ilk tarixi addımlardan başlayan birlik yolu Qarabağ Bəyannaməsi ilə öz siyasi zirvəsinə çatdı. Prezident İlham Əliyevin 12 oktyabr Bakı müraciəti isə bu tərəfdaşlığın gələcəyin texnologiya və intellektual xəritəsini cızır. Artıq müasir dünyanın güc meyarları dəyişir. Təkcə coğrafi mövqe və ya hərbi güc deyil, elmi potensial, rəqəmsal transformasiya və mənəvi irsin qorunması ölkələrin gələcəyini müəyyən edir. Süni intellekt və yüksək texnologiyalar əsrində öz ortaq köklərinə söykənən, zəngin mədəni irsini yad təsirlərdən və təhriflərdən qoruyan, eyni zamanda elmi-innovativ potensialını bir araya gətirən türk dünyası tamamilə yeni bir inkişaf modelini ortaya qoyur.
Bu proses göstərir ki, Türk Dövlətləri Təşkilatı məkanı artıq dünyada baş verən qlobal geosiyasi və iqtisadi gedişatın sadəcə izləyicisi deyil, həmin proseslərə istiqamət verən, qaydaları müəyyənləşdirən əsas güc mərkəzlərindən birinə çevrilir. Azərbaycanın bu yolda nümayiş etdirdiyi ardıcıl siyasi iradə, uzaqgörən strategiya və səmimi qardaşlıq addımları isə vahid türk ailəsinin qlobal rəqabətdə ön sıralarda dayanmasını və tarixi zəfərlərini intellektual müstəvidə də davamlılığını təmin edən ən mühüm hərəkətverici qüvvədir.
Dövlətimizin rəhbərinin (TDT) üzv ölkələrin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünə ünvanladığı müraciətdə dediyi kimi: “Əminəm ki, Bakı görüşü zamanı aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüslər əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, türk dünyasının qlobal rəqabətdə geri qalmamasının təmin edilməsi məqsədilə hərtərəfli inkişaf üçün əlverişli mühitin formalaşmasına töhfə verəcəkdir”.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”