08 Sentyabr 2023 09:10
1201
SİYASƏT
A- A+

Azərbaycanın milli dövlət ideologiyasının müəllifi

 

XXI əsrin tarixi ideologiyaların cəmiyyət həyatındakı rolunu əhəmiyyətsiz göstərməyə çalışan, xalqların ideologiyasız dövrə daxil olduqlarını əsaslandırmaq üçün bir sıra müddəalar irəli sürən, "ideologiyaların sonu"nun çatdığını elan edən alimlərin öz baxışlarında haqsız olduqlarını göstərdi. Reallıqlar sübuta yetirdi ki, heç bir cəmiyyət ideologiyasız yaşaya bilməz. Dünyanın hansı qütbündə məskun olmasından, hansı məqsədlərə can atmasından asılı olmayaraq, hər bir xalqın siyasi, hüquqi, əxlaqi, estetik, dini, fəlsəfi baxışlar və ideyalar sisteminə ehtiyacı var. Bu sistemin ümumi adı ideologiyadır. 
Sağlam ideologiya cəmiyyətdə milli vəhdəti təmin edən, xalqın ali məqsədlər uğrunda irəliyə doğru hərəkətinə təkan verən gücdür. Bu da bir həqiqətdir ki, güclü ideologiyaları güclü liderlər yaradır, onun dayaqlarını həm əməli fəaliyyətləri, uğurla reallaşdırdıqları inkişaf proqramları, həm də müəyyən etdikləri baxışlar sistemi, yüksək dəyərləri ilə möhkəmləndirirlər. Bu baxımdan müstəqil Azərbaycanın milli dövlət ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. 

 

Bərabərlik

 

Ulu Öndər müstəqilliyinin ilk illərində zamanın ağır sınaqları ilə üzləşmiş Azərbaycan dövlətini təlatümlərdən, məhv olmaq təhlükəsindən çıxararaq, onun gələcəyinə yön verdi. Əbədi istiqlalı, milli birliyi, dünyəvi prinsiplərə malik sivil demokratik dövlət qurmaq arzusunu, vətəndaş cəmiyyətinin formalaşdırılmasını özünə strateji məqsəd seçmiş xalqımız üçün azərbaycançılıq ideologiyasını müəyyənləşdirdi. Azərbaycançılıq etnik mənsubiyyətindən, dilindən, dinindən, yaşadığı məkandan asılı olmayaraq Azərbaycanı özünə vətən bilən bütün insanların hüquqlarının bərabərliyi ideyasıdır, Vətənin onu sevən bütün bu insanlara eyni şəkildə qucaq açmasıdır. 
Azərbaycançılıq XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış böyük maarifçilərimizin təməlini qoyduqları ardıcıl xətdir. Belə bir dəyərlər sisteminin formalaşmasını və Azərbaycan insanlarının onun işığında bir araya gətirilməsini mütəfəkkirlərimiz çox arzulayır, bu məqsəd uğrunda fədakarlıqla çalışırdılar. Lakin tarixi təcrübə onu da göstərir ki, istənilən ideologiya birdən-birə, qısa müddət içində yaranıb formalaşmır. Onun davamlı təkamül yolu keçməsi, özünü doğrultması, cəmiyyətdə dayaqlar tapması üçün müəyyən zaman lazımdır. Heydər Əliyevin böyüklüyü ondadır ki, mütəfəkkir maarifçilərimizin təməlini qoyduqları, təxminən 70 il sürən sovet rejimi dövründə də yeni elementlərlə zənginləşmiş bu xətti müstəqil Azərbaycan dövləti üçün güclü bir ideologiya halına gətirməyi bacardı.  Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevirdi. 

 

Milli vəhdət

 

Bu tarixi nailiyyət, Ümummilli Lider Heydər Əliyev üçün bəlkə ona görə mümkün qədər asan başa gəldi ki, o, belə bir istiqamətlə hələ sovet Azərbaycanına rəhbərliyi illərindən ciddi şəkildə məşğul olurdu. Müxtəlif vasitələrin köməyi ilə, elmin, ədəbiyyatın, mədəniyyətin, incəsənətin və s. verdiyi imkanlarla azərbaycançılıq məfkurəsini hansısa yolla gündəmə gətirirdi. Onun dünyanın müxtəlif qütblərində yaşayan soydaşlarımız arasında yayılmasından ötrü məqsədyönlü iş aparırdı. O zaman hələ azərbaycançılıq ideologiyası kimi öz adına qovuşmamış bu düşüncə sisteminə geniş ictimai dəyər qazandırırdı. 
Ulu Öndərin sovet Azərbaycanına rəhbərliyi illərində ədəbiyyatımızda, musiqimizdə, kinomuzda, rəssamlıqda, memarlıq və digər sənət sahələrində meydana gələn yeni meyillər, milli ruhumuzu, tariximizi, milli-mənəvi dəyərlərimizi göstərən maraqlı təzahürlər bununla bağlı idi. Tarixi şəraitin verdiyi imkanlar çərçivəsində həmin illərdə Heydər Əliyev ölkə kənarındakı azərbaycanlıların təşkilatlanması, diaspor kimi təsirli gücə çevrilməsi məqsədilə də müəyyən addımlar atırdı.  
1993-cü ildə xalqın təkidli tələbi ilə ali rəhbərliyə qayıdaraq Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu missiyasını öz üzərinə götürdükdən sonra isə Ümummilli Lider bu siyasəti dövlətimiz üçün əsas prioritetlərdən birinə çevirdi. Tarixboyu müxtəlif xalqların təmsilçilərinin dinc, mehriban şəraitdə yaşayıb zəngin mədəniyyət yaratdıqları, böyük tolerantlıq ənənələrinə, fərqli mədəniyyətlərə hörmət ruhuna malik Azərbaycanda milli vəhdəti təmin etdi. Azərbaycançılığın əsas təməllərindən olan milli-mənəvi dəyərlərimizə sahib çıxdı. Qloballaşma dövründə yad təsirlərin dəyərlərimizi aşındırıb bizi öz kimliyimizdən uzaqlaşdırmaması üçün məqsədyönlü tədbirlər gördü. Gənc nəslin bu ruhda tərbiyələnməsi üçün ardıcıl addımlar atdı. Azərbaycan gəncliyini müstəqilliyin ilk illərindəki xaos dövründə meydanı boş görüb sərhədlərimizi adlamış ziyanlı ideologiyaların, qeyri-sağlam düşüncələrin təsirlərindən qorudu. Onlara düzgün istiqamət verdi, yol göstərdi. 
Heydər Əliyev xalqımızın adət-ənənələri, milli-mənəvi dəyərləri ilə ictimai-siyasi proseslər, ölkəmizin konstitusiya sistemi, dövlət quruculuğu mexanizmi arasında qırılmaz bağlılığı təmin etdi. Bununla mükəmməl bir örnək ortaya qoydu. Azərbaycançılıq təlimi ilə bütün dünyaya göstərdi ki, bizim niyyətimiz aşırı millətçiliyə köklənmək, müasir dünyamızın bəlasına çevrilmiş etnik, dini ayrılıqlar salmaq, bir mədəniyyəti digərindən üstün tutub insanları ayrı-seçkiliyə məruz qoymaq deyil. Əksinə, hər kəsin xoşbəxt, rifah içində, tam güvənli şəkildə yaşaya biləcəyi, bütün məqamları ilə özünə aid bildiyi güclü bir dövlət qurmaqdır. Ümummilli Lider azərbaycançılıq məfkurəsini hər hansı millətçilik təzahürləri üzərində deyil, məhz vətəndaşlıq dəyəri üzərində bərqərar etdi. Bununla çoxmillətli Azərbaycanda xalqın milli birliyi, demokratik inkişafı üçün zəmin yaratdı. Nəticədə Azərbaycanın müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin etdi. 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"

 

Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-da keçirilən I qurultayında Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". 
Ulu Öndərin bu sahədəki ən böyük tarixi addımlarından biri də Azərbaycanda dünya azərbaycanlılarının I qurultayının təşkilinə nail olması, soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, xaricdə yaşayan azərbaycanlıların diaspor şəklində təşkilatlanması və yaşadıqları ölkələrdə öz hüquqlarını, tarixi vətənin milli maraqlarını beynəlxalq miqyasda müdafiə edə bilmələri üçün strateji proqram irəli sürməsidir. Böyük rəhbərin qurultaydakı nitqi azərbaycançılığın tarixi proqram sənədi idi: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…" Dahi şəxsiyyət Heydər Əliyev böyük ideoloq və dövlət xadimi olmaqla yanaşı, həm də cəmiyyətin gedişatını xüsusi fəhmlə, uzaqgörənliklə təyin edən ən böyük azərbaycanlı idi.  
Bu qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna dərəcədə misilsiz rol oynadı. Ulu Öndərin iftixarla, qürurla  söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı da həmin qurultaydan nəsillərə yadigardır. 
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük fərəhlə qeyd etdiyimiz əlamətdar günün ideya müəllifi də məhz Ümummilli Liderdir. Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, 1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün  hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. 
Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə hazırkı Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini bütün dünyada təbliğ edirdi. 
Heydər Əliyevin böyük zəhmət bahasına illərlə formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqımızın zəngin mənəvi sərvətidir. Vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması, dövlətçilik əsaslarımızın illərlə daha da möhkəmləndirilməsi üçün bu ideologiya sarsılmaz siyasi əsas rolunu oynayır. Ulu Öndər müstəqil Azərbaycanda dövlət quruculuğunun elə bir konsepsiyasını, dövlətçilik ideologiyasının elə bir məzmununu müəyyənləşdirə bilib ki, burada dövlətçilik dəyərləri Azərbaycanın dövlət qurucularının, maarifçilərinin bir neçə nəslinin ortaya qoyduqları milli ideallar sistemi ilə ahəng yaradır. Burada ideyalar, elmi-fəlsəfi baxışlar düşüncə müstəvisindən əməli siyasət müstəvisinə keçid edir. Ona görə də Heydər Əliyevin dövlətçilik konsepsiyasında, yaratdığı Azərbaycançılıq ideologiyasında "Kitabi-Dədə Qorqud" ərənlərindən, Babəkdən, Cavanşirdən, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Füzulidən, Şah İsmayıl Xətaidən, Nadir şahdan Mirzə Fətəli Axundzadəyə, Həsən bəy Zərdabiyə, Sabirə, Mirzə Cəlilə, Cümhuriyyət qurucularımıza, Nəriman Nərimanova, Hüseyn Cavidə, Səməd Vurğuna qədər xalqımızın bir çox görkəmli xadimlərinin həyat və fəaliyyətindəki dəyərləri, ali məqsədləri görüb hiss etmək olur. 
Məhz Heydər Əliyevin formalaşdırdığı bu konsepsiya, bu ideologiya sayəsində Azərbaycan xalqının əsrlərboyu yaratdığı fikir dünyası, sağlam düşüncə aləmi bu gün müstəqil dövlətimizin xidmətindədir və yeni nailiyyətlərə yol açır. 
     

Mənəvi bağ

 

Ümummilli Liderin müəyyən etdiyi inkişaf kursu ilə ölkəmizi tarixinin ən qüdrətli çağlarına yetirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə də Heydər Əliyev ideyalarına sadiqdir. Dünya azərbaycanlılarının birliyi, güclənməsi, Azərbaycanın güclü diaspora malik olması, diaspordan lobbiyə çevrilməsi, dünyadakı türk diasor təşkilatları ilə birgə fəaliyyəti yönündə işlər indi də məqsədyönlü şəkildə davam etdirilir. İllər boyu qazanılmış uğurların sırasına yeniləri də əlavə olunur. Xarici ölkələrdəki soydaşlarımızın tarixi vətənlə əlaqələri genişlənir. Ən əsası isə regionun lider dövləti kimi getdikcə qüdrətlənən müstəqil Azərbaycan bu gün beynəlxalq aləmdəki layiqli yeri, mövqeyi, nüfuzu ilə dünya azərbaycanlıları üçün böyük bir qürur mənbəyi formalaşdırır. Belə bir vətənə aidliyin, bu nailiyyətləri yaradan xalqa mənsubluğun iftixarını yaşadır. Azərbaycançılıq ideologiyası işığında vətəndə və dünyada azərbaycanlı adı ilə qürur duyan yeni nəsillərimiz formalaşır. Bu nəslin nə qədər böyük bir güc sahibi olduğuna, Azərbaycan sevgisinin hüdudsuzluğuna, hünərinə, cəsarətinə, əzmkarlığına 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. Vaxtilə Ulu Öndər Heydər Əliyevin, sonradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ideologiya işığında yetirdiyi gənclik misilsiz bir igidliklə torpaqlarımızı düşməndən azad etdi. Azərbaycan dövlətinin ərazi bütövlüyünə nail oldu. Yurd həsrətimizə son qoydu. 
44 günlük Vətən savaşında milli mənsubiyyətindən, dilindən, dini inancından asılı olmayaraq bütün qəhrəman övladlarımızın vahid  bir vətən, vahid bir məqsəd uğrunda  vuruşması, canını Azərbaycan yolunda fəda etməsi, xalqımızın Vətən müharibəsinə qədər də, savaşların getdiyi tarixi günlərdə də, zəfərimizdən sonra da nümayiş etdirdiyi sarsılmaz milli birlik azərbaycançılıq ideologiyasının təntənəsidir.
Azərbaycançılıq hüquqi kimliyimizdir, milli dəyərlərimizin məcmusudur. Onun fərdlər arasında yayılması, düzgün anlaşılması və səfərbəredici gücünü qoruması üçün hər zaman təbliğinə, aydın izahına ehtiyac var. Bu məsələdə mətbuatın da üzərinə çox böyük işlər düşür. Qürur duyuruq ki, vətənimizin adını daşıyan "Azərbaycan" qəzeti bunu özünün əsas vəzifələrindn biri kimi müəyyənləşdirib. Qəzet azərbaycançılıq ideologiyasının ayrı-ayrı məsələlərinə daim öz səhifələrində geniş yer ayırır. Oxucuları maraqlandıran suallara aydınlıq gətirir, müəyyən edilmiş vəzifələri, görməli olduğumuz işləri diqqətə çatdırır. İllərboyu bu sahədə qazanılmış nailiyyətlərə işıq salır. Azərbaycançılıq ideologiyasının anlaşılması, nəsillərdən-nəsillərə ötürülməsi üçün zəngin mötəbər mənbə rolunu oynayır. "Azərbaycan" qəzeti bu mənada Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ideologiyanın şərəf salnaməsi, milli yaddaş, azərbaycançılıq ideologiyasını yaşadan nəsillər arasında qırılmaz mənəvi bağdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video