02 Mart 2024 08:35
312
SİYASƏT
A- A+

Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı yaratdığı qlobal platforma

 

Bakı Təşəbbüs Qrupu əsarət altında olan xalqların azadlıq mübarizəsinə dəstək verir, fransız kolonializminin ağır fəsadlarını beynəlxalq ictimaiyyətə çatdırır

 

Fransanın Ermənistanın işğal siyasətinin, erməni separatizminin alovlu müdafiəçisi kimi çıxış etməsinin səbəbləri yalnız xristian amili və Qərbi Avropa ölkəsində böyük erməni diasporunun olması deyil. Bunlarla yanaşı, Fransanın ermənidən daha çox ermənilik etməsinin əsas səbəblərindən biri də bu ölkənin tarixən yürütdüyü müstəmləkəçilik siyasəti, planetin müxtəlif yerlərində indiyədək bir sıra xalqları əsarət altında saxlaması, onların müstəqilliklərini boğmaqla sərvətlərini talamasıdır. Məhz işğalçılıq xisləti bu iki dövləti birləşdirən ortaq amildir.

 

Fransa milyonlarla insana qarşı soyqırımı cinayəti törədib

 

Azərbaycan isə hər iki işğalçını bütün platformalarda həm ifşa, həm də darmadağın edir. Belə ki, 44 günlük müharibədə Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarını azad etdikdən sonra Azərbaycan reallıqlarla barışmaq istəməyən, davamlı olaraq ölkəmizə qarşı siyasi-hərbi təxribatlara cəhd edən Fransanın müstəmləkəçilik siyasətini qlobal səviyyədə ifşa edir. Eyni zamanda respublikamız Fransanın dünyanın bir sıra yerlərində nəzarət etdiyi ərazilərin yerli əhalisinin azadlıq mübarizələrinə yaxından dəstək verir.  Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda keçirilən "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı qlobal platformaya çevrilib. Beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir.
Fransa Orta əsrlərdən başlayaraq Afrika, Asiya, Amerika və Okeaniyada həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi kimi müxtəlif xalqlara, milyonlarla insana qarşı soyqırımı cinayətləri törədib, onların azadlıqlarını əllərindən alıb, dövlətçiliklərini məhv edib. Faktlara nəzər salıb Fransanın müstəmləkəçilik siyasətinin nəticələrini öyrənəndə insanı sadəcə heyrət bürüyür.
Əsrlər keçsə də, Fransada dövlətçilik təfəkkürü hələ də dəyişməyib. Bu ölkə Orta əsrlərdə yaranmış müstəmləkəçilik siyasətini bu gün də davam etdirməkdə israrlıdır. Belə bir siyasət kolonializmin müxtəlif utancverici metodları ilə hələ davam etməkdədir. Yeni Kaledoniyada, Korsikada müstəmləkəçiliyə qarşı etirazların qarşısı Fransa təhlükəsizlik qüvvələri tərəfindən qəddarcasına alınır, yerli əhaliyə olmazın divanlar tutulur. Ölkələrin müstəqilliyi uğrunda mübarizə aparanlar ya həbs edilir, ya da öldürülürlər.

 

Azərbaycan Fransanı ifşa edir

 

Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqların səsi qlobal səviyyədə indiyədək eşidilməyib. Yaxud qlobal səviyyədə həmin xalqların etirazlarına laqeyd yanaşılıb. Lakin indi Azərbaycanın liderliyi və təşəbbüsləri ilə Fransanın müstəmləkəçilik və kolonializm siyasəti qlobal səviyyədə sürətlə ifşa edilir. İndiyədək respublikamızda bununla bağlı keçirilən beynəlxalq konfranslar Fransanın əsarətində olan  xalqların azadlıq mücadilələrinə böyük təkan verir. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına göndərdiyi məktubunun BMT-nin rəsmi sənədi kimi yayılması isə göstərir ki, Azərbaycanın Fransa müstəmləkəçiliyini ifşa etməsi qlobal səviyyədə mühüm siyasi dəstək qazanır. 
Bakı Təşəbbüs Qrupu da Fransa müstəmləkəsi altında olan xalqların mübarizəsini qlobal ictimaiyyətə çatdırılması istiqamətində uğurlara imza atır. Son aylarda bu qurum tərəfindən bir neçə beynəlxalq konfrans keçirilib və artıq Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar bu platforma vasitəsilə səslərini dünyaya çatdıra bilirlər. Dünya ictimaiyyəti Bakı Təşəbbüs Qrupunun vasitəsilə Fransanın müstəmləkəsi altında olan regionlarda baş verən hadisələrdən, fransız kolonializminin ağır fəsadlarından xəbər tutur. 
Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlara hüquqi müstəvidə də dəstək verir. Belə ki, təşkilatın təşəbbüsü ilə bir neçə gün əvvəl İstanbulda keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilir ki, Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində Kanaki - Yeni Kaledoniyaya dəstək verəcək. 

 

Proses əsarətdəki xalqlar azad olunana qədər davam etdiriləcək

 

Fransa müstəmləkəsi altında olan xalqların azadlığı əllərindən almaqla yanaşı, həm də onların maddi və mənəvi sərvətlərini də talan edir.  Hazırda Fransa muzeylərində təkcə Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış və talan edilmiş 90 mindən çox mədəni sərvət nümayiş olunur. Fransızların Sahara regionu ölkələrindən oğurladıqları tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.
İstanbul konfransının ardınca Bakı Təşəbbüs Qrupu vətəndaş cəmiyyəti təşkilatları adından Fransanın Afrikadan oğurladığı maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılmasını tələb edən petisiya da başladıb.
Xatırladaq ki, Fransa prezidenti Makron hələ 2017-ci ildə afrikalı gənclərlə görüş zamanı bildirmişdi ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir. Makron o zaman söz vermişdi ki, 5 il müddətində hər bir mədəni, tarixi əşya geri qaytarılacaq. Lakin indiyə qədər həmin əsərlərin heç biri Afrika xalqlarına qaytarılmayıb və bu, bir daha Makronun riyakarlığını və onun simasında Fransa dövlətinin işğalçı və talançı siyasətdən əl çəkmək istəmədiyini göstərir.
Bütövlükdə, Azərbaycanın liderliyi və təşəbbüsləri ilə Fransa müstəmləkəçiliyinin ağır nəticələri bütün dünyaya çatdırılır, bu dövlətin dövrümüzə qədər davam edən kolonializm siyasəti, xalqların müstəqilliklərini əllərindən alması, onların sərvətlərini talan etməsi tam ifşa olunur. Tarix boyu heç vaxt Fransanın müstəmləkəçilik siyasətinə belə zərbə vurulmamışdı. Azərbaycan bu prosesi Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqların öz müstəqilliklərinə qovuşana qədər davam etdirəcək. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video