20 May 2026 08:25
138
CƏMİYYƏT
A- A+
Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə


Respublikamızın həyata keçirdiyi yenidənqurma və məskunlaşma layihələri beynəlxalq səviyyədə böyük maraq doğurur


Azərbaycan uzun müddətdir genişmiqyaslı və qlobal xarakterli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Prezident İlham Əliyevin strateji yanaşması nəticəsində qlobal miqyasda narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli şərait yaradılıb. BMT çərçivəsində keçirilən COP29-un və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda baş tutması klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, dövlətimizin artan nüfuzunun və beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricilərindəndir.

WUF13-ə qatılan iştirakçıların geniş coğrafiyanı əhatə etməsi də bunu təsdiqləyir. 182 dövlətdən 45 mindən çox müxtəlif peşə və səlahiyyət sahiblərindən ibarət nümayəndə heyəti Bakıdadır. Bu maraq eyni zamanda tədbirlərin keçirildiyi məkana - Bakıya olan etimadın göstəricisidir. Paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə Azərbaycanın bu sahədə güclü bir mərkəzə çevrildiyini nümayiş etdirir.

Xüsusilə qeyd edilməlidir ki, Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə Azərbaycanın artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq məkanına çevrildiyini göstərir.

Dünya miqyasında belə bir etimad formalaşıb ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün həm təhlükəsiz, həm də yüksək səviyyədə təşkilati imkanlara malik platforma təqdim etmək iqtidarındadır. Bu yanaşma göstərir ki, Azərbaycan yalnız milli səviyyədə problemlərin həlli ilə məşğul olmur, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və təcrübə mübadiləsinə açıqdır. Bununla yanaşı, müxtəlif sahələr üzrə aidiyyəti qurumların prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır. Bu mənada müxtəlif mövzularda çoxsaylı assambleyaların baş tutduğu WUF13 bunun bariz nümunəsidir. 

Forumun tarixi 2001-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərara gedib çıxır. Tədbirin ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilib. O vaxtdan etibarən forum iki ildən bir təşkil olunur və urbanizasiya məsələlərinə həsr edilir. Bu mənada Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üçün yüzlərlə böyük şəhər arasında məhz Bakının seçilməsi təqdirəlayiqdir. 

Bəs urbanizasiya niyə bu qədər aktual və narahatedici mövzu hesab olunur? Bunun əsas səbəbi dünya əhalisinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsidir. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. BMT-nin rəsmi proqnozlarına görə, yaxın 25 il ərzində bu göstərici 68-70 faizə çatacaq. Bu isə şəhərlərin daha da yüklənməsi, kənd yerlərinin boşalması, təchizat zənciri və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərinin dərinləşməsi deməkdir.

Digər mühüm məqam isə sənaye ilə bağlı məsələləri əhatə edir. Şəhərlərdə böyük konqlomeratların, iri sənaye müəssisələrinin cəmləşməsi də urbanizasiyanın yaratdığı problemləri daha da dərinləşdirir. Belə ki, dünya ölkələrinin ümumi daxili məhsulunun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Bununla yanaşı, ətraf mühitə atılan karbon qazı emissiyalarının da təxminən 70 faizi şəhərlərin payına düşür. Digər tərəfdən ətraf mühitə atılan karbon qazının 34 faizi qlobal səviyyədə tikinti sektoru və tikililərin istismarının payına düşür. Bu səbəblərdən urbanizasiya, iqlim dəyişikliyi, infrastruktur, nəqliyyat və dayanıqlı inkişaf məsələləri kompleks şəkildə qlobal gündəliyin əsas mövzularına çevrilib. 

Bu müəssisələrin əksəriyyəti şəhərlərdə və ya onların ətrafında yerləşdiyi üçün ətraf mühitə təsir artır, emissiyalar yüksəlir və ekoloji tarazlıq pozulur. 1990-2020-ci illəri əhatə edən dövrdə şəhərlərin fiziki genişlənməsi əhali artımını üstələyib ki, bu da plansız urbanizasiya risklərini artırır. Şəhərlərdə yaşıl zonaların payı 1990-cı ildə 19,5 faizdən 2020-ci ildə 13,9 faizə düşüb. 2025-ci ilin statistikasına əsasən, dünyada təxminən 1 milyard insan ciddi daşqın riski olan ərazilərdə yaşayır və onların yarısı şəhərlərdədir. 

Hazırda dünyada 8 milyarddan çox insan yaşayır. Lakin bu insanların böyük bir hissəsi qeyri-qənaətbəxş mənzil şəraitində həyat sürür. Təxminən 2,8 milyard insanın yaşayış şəraiti normal standartlara və tələblərə cavab vermir. 300 milyon insanın, ümumiyyətlə, daimi yaşayış yeri, mənzili yoxdur. Təxminən 1,1 milyard insan isə gecəqondularda, infrastruktur baxımından zəif yaşayış məntəqələrində məskunlaşıb. Bu rəqəmlər urbanizasiya probleminin nə qədər ciddi miqyas aldığını göstərir. Çünki yaşayış şəraitinin aşağı olması insanların yalnız mənzil problemi ilə üzləşməsi demək deyil. Bu, eyni zamanda səhiyyə, təhsil, ərzaq təhlükəsizliyi, sanitariya və sosial rifahla bağlı çoxsaylı problemləri də özü ilə gətirir. 

Hətta nəqliyyatla bağlı statisitika da həyəcan doğurur. 2023-cü ilin məlumatlarına görə, dünya üzrə şəhər əhalisinin yalnız 60 faizi rahat ictimai nəqliyyata çıxış imkanına malikdir. Ən az inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 40 faizdir.

Məhz sadalanan səbəblərə görə, BMT urbanizasiya, təhlükəsiz və dayanıqlı məskunlaşma məsələlərini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İki ildənbir keçirilən WUF sessiyalarında bu məsələlər geniş şəkildə müzakirə olunur. Bu ilin forumunda da əsas diqqət təhlükəsiz və dayanıqlı şəhərlərin, yaşayış məskənlərinin formalaşdırılmasına yönəlib.

Bununla yanaşı, BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədindən biri də məhz dayanıqlı şəhərlər və icmaların qurulması ilə bağlıdır. Bu məqsəd insanların təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış mühitində yaşamasını təmin etməyə hesablanıb. Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi çərçivəsində uzun illərdir əməkdaşlığını davam etdirir və bu istiqamətdə milli səviyyədə müxtəlif proqramlar həyata keçirir. Ölkəmiz bu məqsədləri qəbul etməklə yanaşı, hətta milli səviyyədə əlavə olaraq 18-ci Dayanıqlı İnkişaf Məqsədini də irəli sürüb. Bu məqsəd humanitar minatəmizləmə ilə bağlıdır. Belə ki, bu gün Azərbaycan ərazilərinin 13 faizə yaxını yüz minlərlə mina və digər partlamamış hərbi sursatla çirkləndirilmiş vəziyyətdədir. 

Azərbaycan hazırda BMT və digər beynəlxalq platformalarda fəaliyyət aparır ki, humanitar minatəmizləmə ayrıca bir Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilsin. Bu, olduqca vacib və aktual təşəbbüsdür. Çünki təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının əsas şərtlərindən biri məhz insanların mina təhlükəsindən uzaq, təhlükəsiz ərazilərdə yaşamasıdır. Ümumiyyətlə, Azərbaycan qlobal çağırışlara cavab olaraq beynəlxalq səviyyədə qəbul edilən təşəbbüsləri milli şəraitə uyğunlaşdıraraq tətbiq edir. Bu istiqamətdə dövlət proqramları, hökumət layihələri həyata keçirilir və ölkənin öz təcrübəsi ilə bu proses daha da zənginləşdirilir. Humanitar minatəmizləmə ilə bağlı irəli sürülən 18-ci məqsəd də bunun ən uğurlu nümunələrindən biridir.

Azərbaycan münaqişələrin və müharibələrin yaratdığı problemlərə xüsusi diqqət çəkir. Hazırda dünyada onlarca aktiv münaqişə ocağının sayı ilə bağlı müxtəlif statistikalar təqdim olunur, amma 50-dən artıq olması daha geniş yayılmış statistik göstəricidir. Bu münaqişələr yalnız humanitar böhran yaratmır, eyni zamanda ətraf mühitə ciddi zərər vurur, karbon emissiyalarını artırır və iqlim dəyişikliklərinə mənfi təsir göstərir.

Digər mühüm problem isə məcburi köçkünlük və qaçqınlıq məsələsindən irəli gələn məsələlərdir. Bu problem də dövlət və cəmiyyət olaraq bizə yaxından tanışdır. Son illərin statistikasına görə, dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Problem ondadır ki, bu insanların da 60 faizi məhz şəhərlərdə məskunlaşıb. Ekspertlərin proqnozlarına əsasən, əgər münaqişələr davam edərsə, 2040-cı ilə qədər bu rəqəmə daha milyonlarla insan əlavə oluna bilər. Bu isə urbanizasiya, şəhərlərin yüklənməsi və sosial problemlərin daha da dərinləşməsi deməkdir.

Azərbaycanın milli səviyyədə qazandığı təcrübənin qlobal miqyasda təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. Məsələn, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı məskunlaşma və yenidənqurma proqramları həyata keçirilir. Bu proses əsasən Azərbaycanın milli resursları hesabına maliyyələşdirilir. Təkcə son beş il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Ötən il keçirilən büdcə müzakirələri zamanı isə bu istiqamət üzrə 2026-cı il üçün əlavə 3,5 milyard manatın ayrılması təsdiqlənib. Nəticədə artıq on minlərlə keçmiş məcburi köçkün 40 yaşayış məntəqəsində məskunlaşıb. Qarşıdakı 10 il ərzində isə 200-dən çox yaşayış məskəninin yenidən qurulması və dirçəldilməsi hədəflənir.

Bu rəqəmlər Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq işlərinin miqyasını açıq şəkildə göstərir. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğal dövründə 300-dən çox yaşayış məntəqəsi və 9 böyük şəhər tamamilə dağıdılıb. Bu ərazilərin sıfırdan yenidən qurulması, eyni zamanda müasir, ekoloji təmiz şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə bərpa olunması artıq Azərbaycanın formalaşdırdığı unikal təcrübə hesab olunur. Çünki urbanizasiya problemlərinin kökündə dayanan əsas amillərdən biri münaqişələr və onların dağıdıcı nəticələridir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Hər iki məsələ təchizat zəncirinə, yaşayış mühitinə, iqtisadi və sosial proseslərə ciddi təsir göstərir. Azərbaycan isə həm işğalın nəticələrinin aradan qaldırılması, həm də postmünaqişə dövründə sülh quruculuğu və genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi baxımından mühüm və nümunəvi təcrübə formalaşdırır.

Bütün bunlar göstərir ki, urbanizasiya və şəhərsalma diplomatiyası yalnız tikinti məsələsi deyil. Bu mövzu təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa əlaqəlidir. Məhz buna görə də "UN-Habitat" təşkilatının rəhbəri Anaklaudia Rossbax Bakıda keçirilən tədbirlər zamanı iki mühüm məqamı xüsusi vurğulayıb. Birincisi, Azərbaycanın BMT səviyyəli tədbirləri yüksək təşkilatçılıqla keçirmək bacarığıdır. İkincisi isə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və məskunlaşma təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurmasıdır. WUF13-ün mayın 18-də keçirilən açılış mərasimində Prezident İlham Əliyevin nitqində vurğuladığı kimi, "Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən hansısa dəyəri əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq".


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı, 

siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal iqlim dəyişikliyi təbiətin ritmini pozur

08:50
20 May

Ermənistanda seçki rəqabəti: ritorika sərtləşir

08:45
20 May

Sərvətdən sənətə

08:40
20 May

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!