Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistanla ticarət əməliyyatlarını bərpa edib. Eyni zamanda, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Amma bütün bunlara baxmayaraq, biz Ermənistanın sülh gündəliyinə qeyri-səmimi münasibətini müşahidə edirik. Bu da təbii ki, birmənalı şəkildə regional layihələrin reallaşmasına təsir göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, TRIPP layihəsinin də inşaatının yubanması məhz bu kontekstdən qiymətləndirilməlidir: “Nəticə etibarilə bu, Qafqazda dayanıqlı sülhün formalaşmasına, eyni zamanda, Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpasına neqativ təsir göstərir. Bununla belə təbii ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır və bu istiqamətdə mümkün səyləri və fəaliyyətləri həyata keçirir. Burada vacib məqamlardan biri Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlıdır, söhbət TRIPP yolundan gedir. Ermənistan TRIPP yolu ilə bağlı öhdəlik götürüb və bu öhdəlik 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanan birgə anlaşmada öz əksini tapıb. Amma bütün bunlara baxmayaraq təəssüf ki, sözügedən yolun çəkilişi hələ də yubanıb. Təbii ki, Azərbaycan hazırda beynəlxalq yükdaşımalarda alternativ yollardan, o cümlədən Gürcüstan üzərindən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə edir və bu da Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına birmənalı şəkildə təsir göstərib”.
Deputat qeyd edib ki, bu ilin səkkiz ayında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 10 faizdən çox artım qeydə alınıb: “Zəngəzur dəhlizinin reallaşması isə zaman məsələsidir. Bu, daha tez baş verərsə, bundan qazanan tərəflərdən biri də Ermənistan olacaq. Çünki bu, Ermənistana həm də iqtisadi əlaqələrini genişləndirmək baxımından vacibdir. Amma çox təəssüf ki, Ermənistanın revanşist yanaşması və regionda düzənin dəyişə biləcəyinə ümid etməsi layihələrin reallaşmasına təsir göstərir. Hər halda ümid edək ki, rəsmi İrəvan TRIPP-in və Zəngəzur dəhlizinin reallaşması ilə bağlı daha real addımlar atacaq. Çünki bu, bütövlükdə dayanıqlı sülhün əldə edilməsi baxımından vacib hesab olunur”.