28 Dekabr 2024 02:09
189
ELANLAR
A- A+
Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI 

Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI 


Möhtərəm Prezident cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində 2024-cü ildə də ölkədə makroiqtisadi sabitlik qorunmuş və iqtisadi artım davam etmişdir. Cari ilin iqtisadi nəticələri 2025-ci ilə makroiqtisadi sabitlik göstəriciləri üzrə nikbin proqnozlara əsas yaratmışdır.  

Azərbaycan Respublikası Mərkəzi Bankı 2024-cü ildə qiymətlər sabitliyinə yönəldilmiş pul siyasəti həyata keçirmişdir. Pul siyasəti qərarları inflyasiyanın dinamikası və ortamüddətli dövr üzrə inflyasiyanın risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Cari ildə illik inflyasiya hədəf diapazonuna (4±2%) qayıtmışdır. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və bununla faiz kanalının ötürücülüyünün gücləndirilməsi üzrə islahatlar davam etdirilmişdir. 

2025-ci ilin pul siyasətinin əsas istiqamətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə uyğun olaraq işlənərək ictimaiyyətə açıqlanır.   

2025-ci ildə də Mərkəzi Bankın pul siyasəti inflyasiyanın aşağı və stabil səviyyədə saxlanılmasına yönəldiləcəkdir. Pul siyasəti qərarları yenilənmiş makroiqtisadi proqnozlar, ortamüddətli dövrə inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi əsasında veriləcəkdir.  

Əvvəlki illərdə olduğu kimi, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. 


I. 2024-cü ildə həyata keçirilən pul siyasəti və onun nəticələri

2024-cü ildə  pul siyasəti monetar şərait (maliyyə bazarlarının göstəriciləri olan faiz, məzənnə və s.) vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilmişdir. Pul siyasəti alətləri pul siyasətindən kənar (avtonom) amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin noyabrında 12 aylıq inflyasiya 4,4% olmuşdur. Noyabr ayında ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınmış, qeyri-ərzaq məhsulları 2,2% bahalaşmışdır. İllik xidmət inflyasiyası isə bu dövrdə 6% təşkil etmişdir. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiyası noyabrda 3,9% təşkil etmişdir. 

İllik inflyasiyaya cari ildə bir sıra xarici və daxili amillər təsir etmişdir. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın pik səviyyələrlə müqayisədə düşməsi, eləcə də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsinin davam etməsi inflyasiyaya azaldıcı təsir etmişdir. 2024-cü ilin 11 ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 7,1% bahalaşmışdır. İnflyasiyanın azalmasına hökumətin və Mərkəzi Bankın qiymətlər sabitliyinin təmin edilməsi istiqamətində son illər həyata keçirdiyi siyasət də öz töhfəsini vermişdir. 

2024-cü ildə də valyuta bazarında sabitlik olmuş, 11 ayda Mərkəzi Bankda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə 87 valyuta hərracı baş tutmuşdur. Bu hərraclarda bazarın xarici valyutaya tələbatı tam ödənilmişdir. 2024-cü ildə Mərkəzi Bankın valyuta bazarında satışları əsasən dövlət layihələri və xarici valyutada öhdəliklərin azaldılmasından irəli gələn strateji əhəmiyyətli dövlət xərclərinin icrasına dəstək məqsədilə həyata keçirilmişdir.  

2024-cü ildə pul siyasətinə dair qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi və risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ilk 3 iclasında uçot dərəcəsinin 8%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8,25%-ə, dəhlizin aşağı həddinin isə 6,5%-dən 6,25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilmişdir. Son 5 iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmışdır. Edilən dəyişikliklər mərkəzi uçot dərəcəsi olan simmetrik dəhlizin formalaşmasına gətirib çıxarmışdır.  

2024-cü il ərzində pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilmişdir. Pul siyasəti hədəflərinə nail olmaq üçün açıq bazar əməliyyatları, daimi imkan alətləri və məcburi ehtiyatlardan istifadə olunmuşdur. Açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar davam etdirilmişdir. Açıq bazar əməliyyatları üzrə kəmiyyət parametrlərinə dair qərarlar likvidliyin monitorinqi və proqnozlaşdırılması əsasında verilmişdir. Profisitli dövlət büdcəsi şəraitində hökumət hesablarının dəyişiminin bank sistemindəki likvidliyə azaldıcı təsirlərini nəzərə alaraq Mərkəzi Bank sterilizasiya əməliyyatlarının həcmini azaltmışdır. Noyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 300 mln. manat təşkil etmişdir ki, bu da 2023-cü ilin sonunda olan portfelin həcmi (1320 mln. manat) ilə müqayisədə 4.4 dəfə azdır. Məcburi ehtiyat normalarında hesabat dövründə dəyişiklik edilməmişdir. Bununla belə ötən ilin sonlarından tətbiqinə başlanılan yeni differensiallaşdırma meyarları ilə bağlı anlayışların izahları, onların hesablanması ilə bağlı müvafiq qaydalarda dəqiqləşmələr aparılmışdır. 

Monetar əməliyyatlar banklar tərəfindən likvidliyin effektiv idarə olunmasına, banklararası bazarda aktivliyə və gəlirlilik əyrisinin formalaşmasına müsbət təsir etmişdir. Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik müşahidə olunmuşdur. 11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 94,4 mlrd. manat məbləğində 3365 əqd bağlanmışdır. Bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olmuşdur. Bu dövrdə banklararası REPO bazarında 10,3 mlrd. manat həcmində 630 əqd bağlanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Blumberq platformasında bağlanılan əməliyyatların həcmi 3,4 dəfə,  banklararası REPO bazarındakı əməliyyatların həcmi isə 2,3 dəfə artmışdır.

Təminatsız pul bazarında faizlər dövr ərzində faiz dəhlizinin dəyişiminə reaksiya vermiş, orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmışdır. 2024-cü ilin noyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,66% təşkil etmişdir. Qeyd edək ki, hesabat dövründə banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülmüşdür. 

Təhlillər göstərir ki, pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyü tədricən yaxşılaşmaqdadır. Belə ki, banklararası faizlərlə bəzi depozit növləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Eyni zamanda banklararası pul bazarındakı faizlər müxtəlif müddətli qiymətli kağızların da gəlirliliyinə təsir edir.  

2024-cü ilin 11 ayında manatla pul bazası 1,4%, manatla geniş pul kütləsi (M2) isə 2,1% azalmışdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də hökumət hesabları qalıqlarının dəyişimi pul təklifinə təsir edən mühüm amillərdən biri olmuşdur. Dövr ərzində Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının həcminin azaldılması pul təklifinə artırıcı təsir etmişdir.  

2024-cü ildə Mərkəzi Bankda təhlil və proqnozlaşdırma işinin təkmilləşdirilməsi davam etdirilmiş, model çantası genişləndirilmiş, əvvəlki illərlə müqayisədə daha çox tədqiqat işi yerinə yetirilmişdir. Pul siyasətinin transmissiya kanallarının tədqiqi genişləndirilmişdir. 

Pul siyasətinin effektiv kommunikasiyası hesabat dövründə də diqqətdə saxlanılmışdır. Pul siyasəti qərarlarına dair press-relizlər müvafiq analitik şərhlərlə dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Canlı yayımlanan mətbuat konfranslarında başlıca makroiqtisadi göstəricilərin proqnozları və faktiki inflyasiyanın amillər üzrə bölgüsü açıqlanmışdır. 2024-cü il üzrə son hesabat dövründən başlayaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla "Pul siyasəti icmalı"nın strukturunda və məzmununda bir sıra yeniliklər edilib. Dəyişikliklər əsasən makroiqtisadi proqnozlar bölməsinin əlavə olunmasını və monetar sferada gedən proseslərin daha ətraflı təhlilini əhatə edir. Gəlirlilik əyrisinin həftəlik əsasda qiymətləndirilməsi və yayımlanması təmin edilmişdir. Sahələrarası maliyyə axınlarının təhlilinə dair rüblük hesabatlar və 2023-cü ildə yerinə yetirilmiş tədqiqat işləri rəsmi saytda yerləşdirilmişdir. Pul siyasəti qərarları və onların əsaslandırmaları rəsmi internet səhifəsi ilə yanaşı, sosial şəbəkələr vasitəsilə infoqrafiklər formasında da paylaşılmışdır. Maliyyə sektorunun nümayəndələri, eləcə də müstəqil iqtisadçı ekspertlərlə görüşlər davam etdirilmişdir. Geniş auditoriyaya video formasında əhatəli materiallar təqdim edilmiş, aktual məsələlərlə bağlı bir çox müsahibələr verilmişdir. Mərkəzi Bankın bəzi tədbirlərinin ictimailəşdirilməsi pul siyasəti mesajlarının ötürülməsinə müsbət təsir etmişdir. Media nümayəndələri üçün maarifləndirici tədbirlər davam etdirilmişdir. Media mənsubları üçün keçirilən təlimlər pul siyasəti qərarları, tədiyə balansı, pul siyasəti alətləri, pul siyasətinin transmissiyası kimi mövzuları əhatə etmişdir.  


II. 2025-ci ildə pul siyasəti


2.1. 2025-ci ildə pul siyasətinin  məqsədi və çərçivəsi

2025-ci ildə pul siyasəti Mərkəzi Bankın başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcəkdir. Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. 

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaqdır. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır. 

Mərkəzi Bankın son (oktyabr 2024) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8% ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaqdır. Eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcəkdir. 

Qiymətlər sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.  

2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaqdır. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcəkdir.    

Növbəti ildə də Mərkəzi Bankın faiz dəhlizi iqtisadiyyatda monetar şəraitə təsir göstərən əsas vasitələrindən biri kimi istifadə ediləcəkdir. Faiz dəhlizinə dair qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimindən, habelə yenilənmiş makroiqtisadi proqnozlardan asılı olaraq qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən müəyyən edilmiş qrafikə uyğun müzakirəsi nəzərdə tutulur. 

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və dərinliyi artırılacaqdır. Alternativ statistik məlumat bazalarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət təşkilatları  və özəl qurumlarla əməkdaşlıq davam etdiriləcəkdir.    

Növbəti ildə yeridilən pul siyasətinin kommunikasiyasının institusional əsaslarının gücləndirilməsi davam etdiriləcəkdir. Aydınlıq, ardıcıllıq, şəffaflıq və öngörüləbilənlik pul siyasətinin kommunikasiyasının əsas prinsipləri olacaqdır. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaqdır. Həyata keçirilən pul siyasəti ilə bağlı hesabatlarda ölkədəki makroiqtisadi vəziyyət və onun perspektivləri üzrə Mərkəzi Bankın qiymətləndirmələri barədə məlumatlar tam və operativ şəkildə açıqlanacaqdır. 2025-ci ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri müvafiq analitik şərhlərlə dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Rüblük əsasda analitik icmalların açıqlanması davam etdiriləcəkdir. Mərkəzi Bankın fəaliyyəti rəsmi internet səhifəsi, habelə "Youtube", "X", "Instagram", "Linkedin" və "Facebook" sosial şəbəkələri vasitəsilə mütəmadi işıqlandırılacaqdır. Müxtəlif hədəf qrupları ilə görüşlər və maarifləndirici tədbirlər davam etdiriləcəkdir. Kommunikasiyanın təkmilləşdirilməsində beynəlxalq təşkilatların tövsiyələrindən də istifadə ediləcəkdir.    

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, o cümlədən maliyyə sabitliyi üzrə siyasətlərlə uzlaşdırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillər olacaqdır. Monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də "yaşıl keçid"dən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcəkdir. COP29 ərəfəsində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən "Yaşıl Taksonomiya" perspektivdə zəruri hallarda "yaşıl keçid"ə pul siyasəti ilə də dəstək vermək üçün əsas yaradır.  

2025-ci ildə də məcmu tələbin ölkənin istehsal potensialına adekvat şəkildə artmasını təmin etmək üçün xüsusilə fiskal və monetar siyasət arasında effektiv koordinasiya mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinin iqtisadi siyasətin müxtəlif istiqamətləri ilə koordinasiyasının gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir. Təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində İqtisadi Şura mühüm rol oynayacaqdır. 


2.2. 2025-ci ildə pul siyasətinin əməliyyat hədəfləri və alətləri

2025-ci ildə Mərkəzi Bank pul siyasəti hədəflərinə nail olmaq üçün sərəncamında olan alətlərdən fəal istifadə edəcəkdir. Alternativ pul siyasəti lövbərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. 

2025-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir. Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər.  

2025-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin alternativ əməliyyat hədəfi olaraq istifadə olunacaqdır. Təminatsız bazarda əqdlərin orta çəkili faizi olan AZIR indeksinin dinamikasına xüsusi diqqət yetiriləcəkdir. Bençmark faiz indekslərinin hesablanması metodologiyasına beynəlxalq təşkilatların da mövqeyi nəzərə alınmaqla təkmilləşdirmələr ediləcəkdir. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir. Mərkəzi Bank istifadə etdiyi alətlərin çeşidini inflyasiya mühitində və maliyyə bazarında müşahidə edilən proseslərə uyğun seçəcəkdir. Pul siyasəti alətlərinin çevik istifadəsi transmissiya mexanizminin səmərəli işləməsinə, eləcə də makroiqtisadi və maliyyə sabitliyinə kömək edəcəkdir. 

Bank sistemindəki likvidliyin idarə edilməsində daimi imkan alətləri, açıq bazar əməliyyatları istifadə ediləcəkdir. Bank sektorunda gözlənilən struktur profisiti (izafi likvidlik) ilə əlaqədar olaraq növbəti ildə də Mərkəzi Bankın sterilizasiya yönümlü alətlərinə tələbatın olacağı ehtimalı yüksəkdir. Bununla belə, struktur profisiti struktur kəsiri ilə əvəzləndiyi təqdirdə arsenalda olan likvidliyin verilməsi alətləri açıq bazar əməliyyatları çərçivəsində işə düşəcəkdir.  

Məcburi ehtiyat normaları növbəti ildə də aylıq ortalama mexanizmi ilə tətbiq olunacaqdır. Banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olaraq manatda və xarici valyutada saxlayacaqdır. Məcburi ehtiyatlar növbəti ildə də izafi likvidliyin sterilizasiyasından əlavə banklararası pul bazarında tələbin dəstəklənməsi, eləcə də dollarlaşmanın azaldılması kimi məqsədlərə xidmət edəcəkdir.  

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Sterilizasiya yönümlü daimi imkan aləti Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi yönümlü daimi imkan aləti isə yuxarı həddinə bərabər faizlə aparılacaqdır. 1 günlük likvidliyin verilməsi əməliyyatları üçün təminat qismində Mərkəzi Bankın İdarə Heyətinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızlar (lombard siyahı) çıxış edə bilər. 

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi və maliyyə bazarı iştirakçılarına öncədən açıqlanan qaydada formalaşacaqdır. Banklararası pul bazarındakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.

Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq həftəlik əsasda operativ şəkildə veriləcəkdir. Bu qərarlar hərraclardan öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcəkdir. Bank sisteminin likvidlik mövqeyinin müntəzəm qiymətləndirilməsi davam etdiriləcək, likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemi daha da təkmilləşdiriləcəkdir. 

Mərkəzi Bank pul siyasəti alətlərinin davamlı təkmilləşdirilməsi və pul bazarında texniki infrastrukturun inkişafı istiqamətində tədbirlərini davam etdirəcəkdir. 


2.3. 2025-ci ildə pul siyasətinin  həyata keçirilməsi mühiti

2025-ci ilin pul siyasətinin əsas istiqamətləri növbəti ilə qlobal iqtisadiyyat, habelə ölkənin xarici balansı, fiskal və real sektorları üzrə proqnozları nəzərə alınmaqla tətbiq ediləcəkdir. 

2025-ci ilə qlobal iqtisadi artıma dair proqnozlar geosiyasi gərginlikdən qaynaqlanan qeyri-müəyyənliklər və inflyasiya proseslərinin tədricən səngiməsi fonunda formalaşır. 

BVF-nin 2024-cü il oktyabr hesabatına əsasən, 2025-ci ildə qlobal iqtisadiyyatda artım 3,2% səviyyəsində olacaqdır ki, bu da daha öncəki proqnozla müqayisədə 0,1% bəndi azdır. Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə (İEÖ) 1,8%, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə 4,2% olacağı proqnozlaşdırılır. 

BVF-nin son proqnozlarına görə, dünya üzrə inflyasiyanın 2025-ci ildə 4,3%-ə enəcəyi gözlənilir (məlumat üçün 2023-cü ildə 6,7% olmuş, 2024-cü ilə 5,8% gözlənilir).

Ümumilikdə, 2025-ci ilin sonuna əksər aparıcı ölkələrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir. Bu şəraitdə aparıcı ölkələrin mərkəzi bankları tərəfindən siyasət faiz dərəcələrinin tədricən azaldılacağı ehtimalı yüksəlir. Bununla belə geosiyasi gərginliyin artması şəraitində ticarət yollarında yaranan maneələr inflyasiya ilə bağlı qısamüddətli riskləri artıra bilər.

Son proqnozlara görə, dünya ticarətində artımın 2025-ci ildə 3,4% olacağı gözlənilir ki, bu da 2000-2019-cu illərin orta göstəricisi olan 4,9%-dən aşağı olaraq qalır. 2023-cü ildəki durğunluqdan sonra dünya ticarətinin artım dinamikasının qlobal ÜDM-in artımı ilə uyğunlaşacağı proqnoz edilir.

Enerji daşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC+ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. BVF-nin oktyabr hesabatında neftin qiyməti 2025-ci ildə ötən ilə nəzərən 10,4% az olmaqla 72,8 ABŞ dolları səviyyəsində proqnoz edilir. Lakin əksər beynəlxalq analitik mərkəzlərin proqnozları daha nikbindir. Məsələn, ABŞ-nin Enerji İnformasiya Administrasiyası neftin qiymətini 78 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. 

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2025-ci ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə işləyəcək və müntəzəm yeniləyəcəkdir. 

Qiymətləndirmələrə görə, 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5,5 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir. Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 5,1% olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir. 


Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki


2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:


22 yanvar

12 mart 

23 aprel

11 iyun 

23 iyul 

10 sentyabr 

22 oktyabr

10 dekabr  

Qeyd olunan tarixlərdən 22 yanvar, 23 aprel, 23 iyul və 22 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri Aktauya gəliblər  

16:11
28 Dekabr

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib

16:10
28 Dekabr

Bu ilin 11 ayında əmək müqavilələrinin sayı 75 min artıb

16:08
28 Dekabr

Vəkillər Kollegiyasının əməkdaşları peşə bayramlarını qeyd ediblər

16:07
28 Dekabr

Qazaxıstan Prezidenti Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib  

16:06
28 Dekabr

XİN: Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək

16:05
28 Dekabr

Bayram günlərinin hava proqnozu açıqlanıb

16:04
28 Dekabr

Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir 

16:03
28 Dekabr

Urxan Ələkbərov: Ombudsman Aparatı və DİA-nın əməkdaşlığı elmi tədqiqatlara töhfə verəcək  

16:02
28 Dekabr

Mixay Popşoy: Moldova matəm günlərində Azərbaycanın yanında qalır və onunla tam həmrəy olduğunu bildirir

16:01
28 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

15:50
28 Dekabr

Rəsədxana 2025-ci ilin Meteor seli təqvimini açıqlayıb

15:47
28 Dekabr

İtaliya mediası AZAL-ın təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğramasından yazır

15:21
28 Dekabr

Əfqanıstan və Pakistan hərbçiləri arasındakı toqquşmalarda 24 nəfər həlak olub  

15:20
28 Dekabr

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” çapa təqdim olunub  

15:19
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!