Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi təkcə Bakı ilə Bişkek arasında əlaqələrin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Mustafa Söğüt bildirib.
Ekspertin sözlərinə görə, son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə həyata keçirdiyi çoxşaxəli əməkdaşlıq siyasəti artıq konkret nəticələr verməyə başlayıb. Onun fikrincə, Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, ortaq layihələrin genişlənməsinə və siyasi koordinasiyanın güclənməsinə xidmət edir.
“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri türk dövlətləri arasında strateji tərəfdaşlığın dərinləşməsinə verilən önəmin bariz nümunəsidir. Bu səfər yalnız ikitərəfli münasibətləri deyil, həm də Türk Dövlətləri Təşkilatının institusional imkanlarını genişləndirən və ortaq maraqlar ətrafında daha sıx əməkdaşlığı təşviq edən mühüm siyasi addımdır. Azərbaycan son illərdə Türk dünyasının inteqrasiyasında aparıcı aktorlardan birinə çevrilib. Bakı təşəbbüsləri ilə irəli sürülən nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantı layihələri Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarını artırır. Qırğızıstanla müttəfiqlik münasibətlərinin qurulması bu əməkdaşlığı daha da sürətləndirəcək", – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların genişlənməsi və vahid logistika məkanının formalaşdırılması türk dövlətlərinin iqtisadi inteqrasiyasını gücləndirən əsas istiqamətlərdəndir: “Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialı Mərkəzi Asiya ölkələri üçün etibarlı körpü rolunu oynayır. Azərbaycan ilə Qırğızıstan arasında imzalanan sənədlər ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə stimul verəcək. Bu isə türk dövlətləri arasında iqtisadi qarşılıqlı asılılığı artırmaqla yanaşı, regional sabitliyə və davamlı inkişafa da mühüm töhfə verəcək”.
Ekspert əlavə edib ki, Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi yalnız ortaq tarix və mədəni irsə deyil, həm də ortaq strateji maraqlara əsaslanır: “Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri gələcək əməkdaşlıq üçün yeni perspektivlər açan, türk dövlətləri arasında siyasi birliyi və iqtisadi inteqrasiyanı daha da gücləndirən mühüm hadisə kimi qiymətləndirilməlidir”.