Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri
və səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–Qırğızıstan münasibətlərinin
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu münasibətləri yalnız
ikitərəfli əlaqələr kontekstində qiymətləndirmək düzgün olmazdı. Səfərin nəticələri
Azərbaycanın Mərkəzi Asiyada mövqelərinin möhkəmləndirilməsi, iqtisadi
maraqlarının genişləndirilməsi, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi
və regional təhlükəsizlik məsələlərində daha fəal aktora çevrilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.
İlk növbədə, Azərbaycan və Qırğızıstan
arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi dövlət maraqları
baxımından mühüm siyasi nəticədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
müttəfiqlik münasibətləri yalnız siyasi yaxınlıq deyil, eyni zamanda böyük məsuliyyət
tələb edir. Tərəflərin beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin
möhkəmləndirilməsi istiqamətində qarşılıqlı dəstəyi Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biri olan etibarlı tərəfdaşlıqlar şəbəkəsinin genişləndirilməsinə
xidmət edir.
Azərbaycan üçün Qırğızıstanla münasibətlərin
möhkəmləndirilməsi Mərkəzi Asiyada artan siyasi və iqtisadi imkanlardan daha fəal
istifadə baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Mərkəzi
Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi ölkənin regionla
münasibətlərində yeni siyasi imkanlar yaradır. Bu, Azərbaycanın Mərkəzi Asiya
ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələri olan regional dövlət kimi
rolunu gücləndirir.
Səfər çərçivəsində Azərbaycan–Qırğız
İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon ABŞ dollarına qədər
artırılması iqtisadi baxımdan diqqətçəkən qərarlardan biridir. Fondun fəaliyyətinin
genişləndirilməsi Azərbaycan kapitalının Qırğızıstan iqtisadiyyatında daha fəal
iştirakına imkan yaradır. Birgə istehsal müəssisələrinin yaradılması və yeni iş
yerlərinin formalaşdırılması iki ölkə arasında iqtisadi əlaqələri sadəcə ticarət
münasibətlərindən qarşılıqlı investisiya və istehsal əməkdaşlığı mərhələsinə keçirir.
Bu proses Azərbaycan üçün həm də iqtisadi
diversifikasiya baxımından əhəmiyyətlidir. Xarici bazarlarda investisiya
imkanlarının genişləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına,
milli şirkətlərin regional bazarlara çıxışının artmasına və ölkənin iqtisadi təsir
imkanlarının genişlənməsinə şərait yarada bilər. Digər tərəfdən, Qırğızıstanda
həyata keçirilən layihələr Azərbaycan iqtisadiyyatının Mərkəzi Asiya ilə daha
sıx inteqrasiyasına zəmin yaradır.
İssık-Kul sahilində “Bakı” hotelinin fəaliyyətə
başlaması da yalnız turizm layihəsi kimi qiymətləndirilməməlidir. Azərbaycan
dövlətinin vəsaiti hesabına inşa edilən beşulduzlu hotel ölkənin xaricdə
iqtisadi və mədəni varlığının simvollarından birinə çevrilir. Belə layihələr Azərbaycanın
beynəlxalq imicinin möhkəmləndirilməsi ilə yanaşı, milli brendin xarici ölkələrdə
tanıdılması baxımından da əhəmiyyətlidir.
Azərbaycan üçün Qırğızıstanla münasibətlərin
digər mühüm istiqaməti humanitar və mədəni əlaqələrdir. Ağdam rayonunda “Manas”
adını daşıyan məktəbin yaradılması Qırğızıstanın Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin simvolik və praktiki ifadəsidir.
Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması da
iki xalqın ortaq tarixi-mədəni yaddaşının möhkəmləndirilməsinə xidmət edir.
Mədəniyyət Günlərinin keçirilməsi, Bakı və
Bişkekdə dostluq məkanlarının yaradılması, xalqların görkəmli şəxsiyyətlərinin
irsinə qarşılıqlı hörmət göstərilməsi Azərbaycan–Qırğızıstan münasibətlərinin
yalnız dövlətlərarası səviyyədə deyil, cəmiyyətlərarası müstəvidə də möhkəmlənməsinə
imkan yaradır. Dövlət maraqları baxımından bu cür humanitar əlaqələr uzunmüddətli
siyasi tərəfdaşlığın sosial bazasının formalaşdırılması üçün mühüm vasitədir.
Münasibətlərin təhlükəsizlik aspekti də xüsusi
diqqət tələb edir. Azərbaycan və Qırğızıstanın beynəlxalq platformalarda və təhlükəsizliyin
möhkəmləndirilməsi istiqamətində bir-birini dəstəkləməsi Azərbaycanın regional
təhlükəsizlik arxitekturasında tərəfdaşlıq imkanlarını genişləndirir. Xüsusilə
Türk dövlətləri arasında qarşılıqlı etimadın və siyasi həmrəyliyin güclənməsi
Azərbaycanın xarici siyasətinin strateji məqsədləri ilə uzlaşır.
Prezident İlham Əliyevin Qırğızıstanın ali
dövlət mükafatı olan I dərəcəli “Manas” ordeni ilə təltif olunması, Qırğızıstan
Prezidenti Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər
Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasındakı münasibətlərin siyasi səviyyəsini
və qarşılıqlı hörmətin yüksək dərəcəsini nümayiş etdirir. Bu addımlar dövlətlərarası
əlaqələrin institusional və siyasi əsaslarının möhkəmliyinə verilən qiymət kimi
də dəyərləndirilə bilər.
Səfərin ən mühüm siyasi nəticələrindən biri isə
Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin daha geniş regional əməkdaşlıq
kontekstinə daxil olmasıdır. Çolpon-Ata Bəyannaməsi və Azərbaycanın Mərkəzi
Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi ölkənin regional
proseslərdə iştirak imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu, Azərbaycan
üçün yeni diplomatik, iqtisadi və təhlükəsizlik imkanlarının formalaşması deməkdir.
Ümumilikdə, Azərbaycan–Qırğızıstan münasibətlərində
baş verən proseslər Azərbaycanın dövlət maraqları baxımından bir neçə əsas
istiqaməti özündə birləşdirir: siyasi müttəfiqlik, iqtisadi əlaqələrin
qarşılıqlı faydalı əsaslarda genişləndirilməsi, Mərkəzi Asiyada diplomatik
mövqelərin gücləndirilməsi, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi,
humanitar əlaqələrin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərində
qarşılıqlı dəstəyin artırılması.
Bu baxımdan Qırğızıstanla münasibətlərin
inkişafı Azərbaycanın Mərkəzi Asiyaya dair uzunmüddətli strategiyasının mühüm
elementlərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan artıq yalnız
regionlararası nəqliyyat və enerji layihələrinin iştirakçısı deyil, həm də
siyasi, iqtisadi və humanitar əlaqələri vasitəsilə Mərkəzi Asiyanın regional əməkdaşlıq
sisteminə daha dərindən inteqrasiya olunan dövlətdir.
Əsas məsələ əldə edilmiş razılaşmaların real
layihələrə çevrilməsi və davamlı nəticələr yaratmasıdır. İnvestisiya fondunun
imkanlarının genişləndirilməsi, birgə istehsal layihələrinin artırılması,
humanitar əlaqələrin inkişaf etdirilməsi və siyasi dialoqun institusional əsaslarının
möhkəmləndirilməsi Azərbaycan üçün bu tərəfdaşlığın praktiki dividendlərini
daha da artıracaq.
Ümumilikdə qeyd edilməlidir ki, Prezident
İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi
Asiya istiqamətinin artan əhəmiyyətini nümayiş etdirən mühüm hadisədir. Səfər nəticəsində
formalaşan yeni imkanlar Azərbaycanın regional nüfuzunun artırılması, iqtisadi
maraqlarının qorunması və genişləndirilməsi, Türk dövlətləri arasında həmrəyliyin
gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi
baxımından strateji əhəmiyyət daşıyır.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru