Prezident İlham Əliyevin Qırğızıstan
Respublikasına həyata keçirdiyi dövlət səfəri və səfər çərçivəsində əldə olunan
nəticələr Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin, türk
dünyasında artan nüfuzunun və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, eyni zamanda
türk dövlətləri arasında strateji əməkdaşlığın formalaşmasında aparıcı rol
oynayan ölkələrdən biridir.
Dövlət başçısının səfər zamanı verdiyi
mesajlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər
artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı etimad, ortaq tarix,
ortaq milli-mənəvi dəyərlər və ortaq maraqlar üzərində qurulan əməkdaşlıq bu
gün müttəfiqlik səviyyəsində inkişaf edir. Bu münasibətlər yalnız siyasi
dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, nəqliyyat, təhlükəsizlik,
humanitar və mədəni sahələri də əhatə edən geniş strateji tərəfdaşlıq modelinə
çevrilir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə
olunan razılaşmalar bunu bir daha təsdiqləyir. Xüsusilə Azərbaycan–Qırğız
İnvestisiya Fondunun kapitalının 200 milyon ABŞ dollarına çatdırılması iqtisadi
əməkdaşlığın daha da genişlənəcəyindən, yeni investisiya layihələrinin
reallaşacağından və hər iki ölkənin biznes mühiti üçün əlavə imkanların
yaranacağından xəbər verir. Bu qərar iqtisadi münasibətlərin real nəticələrə
hesablandığını və uzunmüddətli inkişaf strategiyasına söykəndiyini göstərir.
Humanitar əməkdaşlıq istiqamətində atılan
addımlar isə Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qardaşlığın nə qədər
möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Ağdamda "Manas"
adına məktəbin istifadəyə verilməsi, Qarabağın bərpasına Qırğızıstanın verdiyi
dəstək, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması,
İssık-Kul gölü sahilində "Bakı" hotelinin inşası xalqlarımız arasında
qarşılıqlı hörmətin və mənəvi bağlılığın real ifadəsidir. Bu layihələr ortaq
tariximizin, mədəni irsimizin və türk dünyasının birliyinin gələcək nəsillərə
ötürülməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin Məşvərət
Görüşlərində tamhüquqlu iştirakçı statusu qazanması isə ölkəmizin beynəlxalq
münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin
və cənab Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun mühüm nəticələrindən
biridir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da dərinləşməsinə
və türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə yeni imkanlar açır.
Səfərin ən mühüm siyasi məqamlarından biri də
dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif
olunması oldu. Cənab Prezident İlham Əliyevin Qırğızıstanın I dərəcəli
"Manas" ordeninə, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət
təltifi olan "Heydər Əliyev" ordeninə layiq görülməsi iki ölkə
arasında mövcud olan yüksək siyasi etimadın, qarşılıqlı hörmətin və strateji
müttəfiqliyin ən yüksək səviyyədə qiymətləndirilməsinin ifadəsidir.
Hesab edirəm ki, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində
yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu səfər yalnız ikitərəfli əlaqələrin
möhkəmlənməsinə deyil, bütövlükdə türk dünyasında həmrəyliyin, siyasi birliyin,
iqtisadi inteqrasiyanın və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da
güclənməsinə mühüm töhfə verəcək.
Fatma Yıldırım,
Milli Məclisin deputatı