Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı tarixi-mədəni bağlar, ortaq dəyərlər və qarşılıqlı etimad üzərində formalaşan əməkdaşlıq bu gün siyasi dialoq, iqtisadiyyat, nəqliyyat-logistika, enerji, investisiya, humanitar əlaqələr və regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edən çoxtərəfli tərəfdaşlıq modelinə çevrilib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional platformaya yüksəltməsi ölkəmizin Avrasiya məkanında artan geosiyasi və geoiqtisadi rolunun göstəricisidir. Bu xüsusda, Çolpon-Atada imzalanan müttəfiqlik müqaviləsi Azərbaycanın mühüm tərəfdaşlığı ilə regionda yeni əməkdaşlıq arxitekturasının formalaşdığını bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının strateji mahiyyətini daha da gücləndirən mühüm siyasi hadisə olduğunu söyləyən komitə sədri deyib: “Əvvəla Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəldildi ki, bu da iki ölkə arasında qarşılıqlı etimadın və siyasi dialoqun ən yüksək mərhələyə çatdığını göstərir. Dövlət başçısının mətbuata bəyanatında vurğuladığı kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir. Ölkələrimiz bütün təşəbbüslərdə, eləcə də həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bundan sonra da bir-birini dəstəkləyəcək”.
Səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açacağını söyləyən Şahin İsmayılov qeyd edib ki, xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu qərar sənaye, turizm, aqrar sektor və digər sahələrdə birgə layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu gün əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldən ölkələrimizin xalqları arasında da dərin tarixi bağlar var. Ağdamda "Manas" adına məktəbin tikintisi, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı mədəniyyət günlərinin təşkili ortaq tarixi irsin və mənəvi yaxınlığın təzahürləridir”, - deyə Şahin İsmayılov vurğulayıb.