"Tarixi və mədəni köklərə malik Azərbaycan-Özbəkistan əlaqələri son illərdə iqtisadi müstəvidə də sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında "Əbədi dostluq haqqında müqavilə"nin imzalanması ilə yanaşı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan ayrıca proqramın qəbul edilməsi iqtisadi əməkdaşlığın inkişafında mühüm mərhələdir. Bu, sadəcə, kəmiyyət göstəricisi deyil, Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının yeni modelə keçidi baxımından strateji hədəfdir".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rəsmiyyə ABDULLAYEVA səsləndirib.
O bildirib ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan dinamika bu hədəfin real iqtisadi əsaslara söykəndiyini göstərir: "Statistik məlumatlara əsasən, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Ümumilikdə son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi üç dəfə artıb. Bu göstəricilər 1 milyard dollarlıq hədəfin real olduğunu göstərir. Lakin qarşıdakı mərhələdə əsas məsələ yalnız ticarət həcmini artırmaq deyil, onun strukturunu dəyişdirməkdir. Əgər əvvəllər əsas sual "nəyi bir-birimizə sata bilmək idisə", yeni mərhələdə isə sual "nəyi birlikdə istehsal edib üçüncü bazarlara sata bilmək olmalıdır".
R.Abdullayeva deyib ki, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı (Yol Xəritəsi)" bu baxımdan mühüm institusional baza yaradır: "Sənəd çərçivəsində birgə investisiya layihələrinin həyata keçirilməsi, müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, logistika və tranzit imkanlarından daha səmərəli istifadə, regionlararası biznes əlaqələrinin inkişafı və Azərbaycan, eləcə də Özbəkistan şirkətlərinin üçüncü bazarlara birgə çıxışı üçün yeni imkanların formalaşması gözlənilir".
Ekspertin fikrincə, xüsusilə sənaye kooperasiyasının inkişafına diqqət artırılmalıdır: "Özbəkistanda istehsal olunan xammal və aralıq məhsulların Azərbaycanda emal edilməsi və ya Azərbaycanın texnologiya, kapital və logistika imkanları əsasında Özbəkistanda istehsal müəssisələrinin yaradılması hər iki ölkənin istehsal və ixrac potensialını gücləndirə bilər. Belə əməkdaşlıq yalnız ikitərəfli ticarəti artırmır, eyni zamanda əlavə dəyərin iki ölkə arasında formalaşmasına imkan verir. Birgə müəssisələrin yaradılması, texnologiya və təcrübə mübadiləsi, istehsal zəncirlərinin inteqrasiyası və məhsulların üçüncü bazarlara çıxarılması iqtisadi əməkdaşlığın daha dayanıqlı modelini formalaşdıra bilər. Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı, tekstil, qida sənayesi, turizm, xidmət, tikinti materialları, kimya, energetika və s. sahələrdə geniş əməkdaşlıq potensialı mövcuddur. Xüsusilə Özbəkistanın böyük kənd təsərrüfatı potensialı ilə Azərbaycanın emal və logistika imkanlarının birləşdirilməsi yüksək əlavə dəyər yaradan yeni layihələrin reallaşdırılmasına şərait yarada bilər. Burada söhbət yalnız meyvə-tərəvəz və digər aqrar məhsulların ticarətindən getmir. Əsas perspektiv həmin məhsulların emal edilərək konserv, şirə, qurudulmuş məhsul, qablaşdırılmış ərzaq və digər yüksək əlavə dəyərli məhsullara çevrilməsidir. Bu yanaşma həm ticarətin həcmini, həm də onun keyfiyyətini yüksəldə bilər".
Onun sözlərinə görə, logistika və nəqliyyat əməkdaşlığı da 1 milyard dollarlıq hədəfin reallaşmasında mühüm rol oynaya bilər.
"Azərbaycan-Özbəkistan ticarətinin genişlənməsi yalnız iki ölkənin bazarları ilə məhdudlaşmamalıdır. Məhsulların Avropa, Qafqaz, Mərkəzi Asiya və digər bazarlara çıxarılması üçün hər iki ölkənin logistika və tranzit imkanlarından birgə istifadə olunması yeni ixrac imkanları yarada bilər", - ekspert bildirib.
O, energetika, geologiya və mədən sənayesini də perspektivli əməkdaşlıq istiqamətləri sırasında qeyd edib: "Enerji, geoloji kəşfiyyat, qiymətli metallar və mineral resursların işlənməsi üzrə birgə layihələr qarşılıqlı investisiyaların genişlənməsinə və yeni istehsal zəncirlərinin yaranmasına imkan verə bilər. Əslində, məqsəd yalnız 2030-cu ilədək 1 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə nail olmaqla məhdudlaşmamalıdır. Daha böyük məqsəd birgə investisiya qoyan, birlikdə istehsal edən, texnologiya və təcrübə mübadiləsi aparan və məhsullarını üçüncü bazarlara birgə çıxaran Azərbaycan-Özbəkistan biznes ekosisteminin formalaşdırılması olmalıdır. Bu halda 1 milyard dollarlıq göstərici son məqsəd deyil, daha geniş iqtisadi inteqrasiyanın nəticəsi olacaq".