Bəşəriyyət texnoloji tərəqqinin hələ heç vaxt şahidi olmadığı bir sürət dövrünü yaşayır. Smartfonlar, sosial şəbəkələr və süni intellekt alqoritmləri gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin bu rəqəmsal inqilabın görünməyən, qaranlıq və təhlükəli bir tərəfi də var - xüsusilə də uşaqlar və gənclər üçün yaratdığı psixoloji asılılıq.
Son dövrlərdə qlobal miqyasda baş verən hadisələr rəqəmsal şirkətlər ilə cəmiyyət arasındakı mübarizənin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu tendensiya dünya ölkələrini ciddi şəkildə düşündürür. ABŞ-də nəhəng texnologiya korporasiyası "Meta"nın 29 ştatın baş prokurorluğu ilə milyardlarla dollarlıq məhkəmə çəkişməsi, Fransa hökumətinin liseylərdə mobil telefonların istifadəsinə qəti qadağa qoyması, Avropa İttifaqının "Rəqəmsal Xidmətlər Aktı" vasitəsilə uşaqların məlumatlarının qorunması, Avstraliyanın 16 yaşından kiçiklər üçün sosial şəbəkələrin istifadəsini qadağan edən dünyanın ən sərt qanun layihəsini, Asiya ölkələrində (Cənubi Koreya və Çin) yeniyetmələrin gecə saatlarında onlayn oyun oynamasına və sosial şəbəkələrdən istifadəsinə qanuni məhdudiyyətlərin tətbiqi bu qlobal narahatlığın artıq ayrı-ayrı dövlətlərin lokal təşəbbüslərindən çıxaraq, bəşəri miqyasda zəruri bir müdafiə xəttinə çevrildiyini göstərir.
Bütün bu sərt tədbirlər və hüquqi addımlar bir həqiqəti hər zamankından daha çox bəyan edir: gələcəyimiz olan uşaqların və yeniyetmələrin psixoloji sağlamlığı, diqqət mərkəzi və real həyatla əlaqələri korporativ maraqlara və süni intellekt alqoritmlərinə qurban verilə bilməz. Texnologiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin bu rəqəmsal əsarətə qarşı göstərdiyi müqavimət də qətiyyətli olmalıdır.
Qeyd edək ki, Kaliforniyada bir həftədən çox davam edən gərgin məhkəmə prosesi son illərin ən səs-küylü texnoloji iddialarından biri oldu. ABŞ-nin 29 ştatının baş prokurorları "Meta" şirkətini ("Facebook" və "İnstagram" platformalarının sahibini) yeniyetmələr və uşaqlar arasında qəsdən psixoloji asılılıq yaradan alqoritmlər hazırlamaqda və bunu gizlətməkdə ittiham ediblər. İstintaq materialları və iştirakçı tərəflərin tələbləri çox sərt olub. "Meta"dan 1,4 trilyon dollar təzminat tələb olunur və sosial şəbəkə platformalarının yeniyetmələr üçün iş mexanizminin kökündən dəyişdirilməsi tələb edilib. Uzun sürən hüquqi mübarizədən sonra "Meta" 18 milyard dollara yaxın vəsaiti gənclərin internet təhlükəsizliyi təşəbbüslərinə yönəltməyə razılaşıb. Eyni zamanda şirkət "Facebook" və "İnstagram"ın yeniyetmələr üçün işləmə prinsiplərini dəyişdirəcəyini bəyan edib.
Müasir sosial şəbəkələr təsadüfən qurulmayıb. Onlar "dopamin ilgəyi" prinsipi ilə işləyir. "Sonsuz səhifələmə", bəyənmə bildirişləri və vizual təsdiq sistemləri yeniyetmələrin hələ tam formalaşmamış beyinlərində narkotikə bənzər asılılıq yaradır. Araşdırmalardan aydın olur ki, gündə 3 saatdan çox sosial şəbəkələrdən istifadə edən yeniyetmələrdə depressiya və təşviş problemi riski iki dəfə artır. "Meta"nın son addımı, əslində, illərdir tənqid olunan həmin sistemin korporativ səviyyədə qismən də olsa etirafı kimi qiymətləndirilə bilər.
Fransa hökuməti də uşaqları və gəncləri rəqəmsal ekranların zərərli təsirlərindən qorumaq üçün ardıcıl addımlar atır. Fransa Prezidenti Emmanuel Makron öz rəsmi sosial media hesabından yaydığı bəyanatla ölkənin bütün liseylərində mobil telefon istifadəsinin qadağan olunduğunu bəyan edib. O, bəyanatında qeyd edib: "Uşaqlarımızı ekranların mənfi təsirlərindən qorumaq üçün artıq gözləməyə vaxt yoxdur". Yeni qanunvericilik sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən bütün ölkə üzrə qüvvəyə minəcək. Bu qərarın əsas hədəflərinə məktəb və sinif otaqlarında təhsilin keyfiyyətini aşağı salan yayındırıcı amillərin aradan qaldırılması, şagirdlərin dərslarası fasilələrdə virtual aləmdən uzaqlaşıb bir-biri ilə canlı, real ünsiyyət qurmasının təbliği, gənclərin sosial medianın doğurduğu daimi müqayisə mühitindən, psixoloji təzyiqlərdən, asılılıqdan və kiberbullinqdən müdafiə olunması daxildir.
Xatırladaq ki, Fransa daha əvvəl ibtidai və orta məktəblərdə də oxşar məhdudiyyətlər tətbiq etmişdi. Bu yeni qərarla məktəbəqədər hazırlıqdan tutmuş liseyin sonuna qədər bütün təhsil pillələrində ekranlara qarşı vahid dövlət siyasəti formalaşmış olur.
Qlobal miqyasda hökumətlər texnologiya monopoliyalarına və uşaqların rəqəmsal təhlükəsizliyinə qarşı sərt tədbirlərə əl atırlar. Azərbaycanda da rəqəmsallaşma sürətlə gedir, hər bir məktəblinin geniş imkanlara çıxışı təmin olunur. Ölkəmizdə həyata keçirilən İT yönümlü layihələr, rəqəmsal siniflər və müasir təhsil mühiti gənclərimizin intellektual inkişafına güclü təkan verir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri təsdiq etməsi ölkədə həm uşaqların zərərli informasiyalardan qorunması, həm də rəqəmsal mühitin özünün tənzimlənməsi istiqamətində atılan mühüm hüquqi addımdır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"