Süni intellektin sürətli inkişafı həyatımızın bir çox sahəsində yeni imkanlar açdığı kimi, informasiya məkanında da böyük dəyişikliklər yaradıb. Hər bir güclü texnologiya kimi, süni intellektdən də həm faydalı, həm də təhlükəli məqsədlərlə istifadə etmək mümkündür. Bu baxımdan, dezinformasiyanın hazırlanması, dəyişdirilməsi və yayılmasında süni intellekt texnologiyalarının yaratdığı imkanlar xüsusi narahatlıq doğurur.
Belə bir şəraitdə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və universitetin doktorantı Cəlal Mehdiyevin apardıqları tədqiqat xüsusi əhəmiyyət kəsb edir.
Araşdırma göstərib ki, saxta xəbərləri avtomatik aşkarlamaq üçün yaradılmış süni intellekt sistemlərinin yüksək dəqiqlik göstəriciləri onların real informasiya mühitində də eyni dərəcədə etibarlı işlədiyi anlamına gəlmir. Etalon mətnlər üzərində 98-99 faizə çatan nəticə real şəraitdə tamamilə başqa mənzərə yarada bilər. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, bəzi sistemlər xəbərin məzmununun həqiqətə uyğun olub-olmamasından daha çox onun hansı üslubda yazıldığına diqqət yetirirlər. Başqa sözlə, sistem müəyyən hallarda informasiyanın özünü yox, onun təqdimetmə formasını "tanıyır". Bu isə dezinformasiyaya qarşı mübarizədə ciddi boşluq yaradır. Təsəvvür edək ki, saxta xəbər süni intellekt vasitəsilə hazırlanıb, sonra isə həmin mətnin məzmununa toxunulmadan yalnız ifadə tərzi dəyişdirilib. Araşdırmanın nəticələri göstərir ki, belə halda mövcud saxta xəbər aşkarlama sistemlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Deməli, yalan məlumat öz mahiyyətini qoruduğu halda onun "qablaşdırması"nın dəyişdirilməsi aşkarlama mexanizmini çaşdırırır. Bu fakt bizə mühüm bir həqiqəti xatırladır: texnologiyanın imkanları artdıqca, onun yaratdığı problemlərin həlli üçün daha mükəmməl texnologiyalara ehtiyac yaranır.
Azərbaycan alimlərinin tədqiqatının mühüm tərəfi də məhz bundan ibarətdir. Ramiz Alıquliyev və Cəlal Mehdiyevin apardıqları araşdırma çərçivəsində problemin aradan qaldırılması üçün üsluba nəzarət edən ikimərhələli yanaşma təklif olunub. Müxtəlif böyük dil modellərindən istifadə etməklə həqiqi və saxta mətnlərin vahid yazı üslubuna uyğunlaşdırılması onların üslub fərqlərinin nəticələrə təsirini azaltmağa imkan verib. Əslində, bu yanaşma yalnız konkret elmi problemin həllinə yönəlmiş üsul deyil. Burada daha geniş bir məsələ - süni intellekt dövründə həqiqətin necə qorunacağı məsələsi ortaya çıxır. Çünki dezinformasiya sadəcə yanlış məlumat demək deyil. Onun arxasında cəmiyyətin düşüncəsinə, insanların qərarlarına və ictimai münasibətlərə təsir göstərmək imkanları dayanır. Yalan informasiya insanların yanlış qərarlar qəbul etməsinə, cəmiyyətdə inamsızlığın yaranmasına, qarşıdurmaların dərinləşməsinə və ictimai sabitliyin pozulmasına səbəb ola bilər. Xüsusilə böhran və həssas dövrlərdə dezinformasiyanın təhlükəsi daha da artır. Müharibə, fövqəladə hadisə, iqtisadi böhran, seçkilər, ictimai-siyasi proseslər və digər mühüm hadisələr zamanı yayılan saxta məlumatlar insanların emosiyalarına təsir etməklə real hadisələrin gedişinə belə mənfi təsir göstərir. Bu baxımdan, toxunduğumuz məsələ artıq informasiya texnologiyaları mütəxəssislərinin problemi deyil. Dezinformasiyaya qarşı mübarizə dövlət qurumlarından media strukturlarına, alimlərdən jurnalistlərə, təhsil müəssisələrindən tutmuş sıravi informasiya istifadəçilərinə qədər hər kəsin məsuliyyətini tələb edir.
Dövlət üçün isə bu təhlükənin miqyası daha böyükdür. Çünki geniş yayılan saxta məlumat ictimai etimadı sarsıda, dövlət institutları haqqında yanlış təsəvvür yarada və milli təhlükəsizliyə qarşı informasiya təhdidinə çevrilə bilər. Müasir dövrdə informasiya məkanının təhlükəsizliyi artıq dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindəndir. Ona görə də dezinformasiyanın aşkarlanması üçün istifadə olunan süni intellekt sistemlərinin özünün nə dərəcədə etibarlı olması prinsipial əhəmiyyət daşıyır. Əgər saxta xəbəri aşkar etməli olan sistem mətnin məzmunundan çox onun üslubuna aldanırsa, deməli, qarşıda daha mürəkkəb və fundamental elmi və texnoloji vəzifələr dayanır. Azərbaycan alimlərinin tədqiqatı mühüm mesaj verir: süni intellektin yaratdığı problemi yenə də süni intellekt və elmi araşdırmaların imkanları hesabına daha səmərəli həll etmək mümkündür. Bunun üçün yalnız yüksək faizlərlə ifadə olunan laboratoriya nəticələri kifayət etmir. Sistemlər real informasiya mühitində, müxtəlif yazı üslublarında, ayrı-ayrı mənbələrdən gələn və süni intellekt tərəfindən dəyişdirilmiş mətnlər üzərində ciddi sınaqlardan keçirilməlidir.
İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin birgə qrant layihəsi çərçivəsində alimlərin apardıqları araşdırma göstərir ki, ölkəmizdə süni intellekt və informasiya təhlükəsizliyi istiqamətində aparılan elmi işlər beynəlxalq elmi müzakirələrin də tərkib hissəsinə çevrilir.
Elmi araşdırmalarla yanaşı, cəmiyyətin informasiya savadlılığının artırılması da vacibdir. Çünki ən mükəmməl texnologiya belə insanın məsuliyyətli informasiya davranışını tam əvəz edə bilməz. Oxucu xəbəri paylaşmazdan əvvəl mənbəni yoxlamalı, şübhəli və sensasion məlumatlara ehtiyatla yanaşmalı, informasiyanın müxtəlif etibarlı mənbələrdə təsdiqini axtarmalıdır. Bu gün informasiya məkanında ən böyük mübahisələrdən biri "məlumatı kim daha tez yayacaq?" sualı ətrafında deyil, "hansı məlumat doğrudur?" sualı ətrafında gedir. Süni intellekt bu mübarizədə həm mühüm silah, həm də potensial təhlükədir. Onun hansı istiqamətdə istifadəsi isə insanın elmi, hüquqi və mənəvi məsuliyyətindən asılıdır. Dezinformasiyaya qarşı mübarizə təkcə saxta xəbəri tutmaqdan ibarət deyil, əsas məqsəd cəmiyyətdə həqiqətə etimadı qorumaqdır. Bunun üçün elm, texnologiya, media və cəmiyyət birgə fəaliyyət göstərməlidir. Alimlərimizin apardığı araşdırma da bu istiqamətdə mühüm elmi töhfələrdən biri kimi qiymətləndirilə bilər.
Həqiqətin dəyəri isə onun nə qədər sürətlə yayıldığı ilə deyil, nə qədər etibarlı olduğu ilə ölçülür. Süni intellektin sürətlə dəyişdirdiyi informasiya dünyasında əsas vəzifə məhz budur - texnologiyanın inkişafını insanı həqiqətdən uzaqlaşdıran deyil, həqiqətə aparan gücə çevirməkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"