16 Mart 2023 02:37
1338
SİYASƏT
A- A+

Azərbaycan öz resurslarına güvənir

 

İlham Əliyev Almaniyanın tanınmış böyük şirkətlərini birgə tərəfdaşlığa, əməkdaşlığa çağırdı

 

"Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq". 
Bu fikirləri Prezident İlham Əliyev martın 13-də Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə səsləndirib. 
Almaniyada müxtəlif sektorları təmsil edən otuz şirkətin nümayəndələrinin, eləcə də Federativ hökumətin nümayəndələrinin, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyinin rəhbərliyinin iştirak etdiyi görüşdə İlham Əliyev həm Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmalı paylaşıb, həm də xüsusilə ikitərəfli əməkdaşlıq çərçivəsində alman şirkətləri üçün ölkəmizdə olan imkan və fürsətlər haqqında məlumat verib. Bu ölkənin enerji, logistika və infrastruktur, sənaye və kənd təsərrüfatı sektorları üzrə tanınmış şirkətlərin rəhbərləri isə Azərbaycanla əməkdaşlığa dair planları və layihələri barədə qısa məlumat verməklə yanaşı, müxtəlif təkliflərini də səsləndiriblər.  

 

Son 20 il Azərbaycanda əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olub

 

Öncə Azərbaycanın müstəqillik illərində sürətli yüksəlişi barədə məlumat verən dövlət başçısı vurğulayıb ki, məhz ölkəmizin iqtisadi cəhətdən inkişafı öz resurslarına güvənmək imkanını yaradıb. 
Hökumətin əsas hədəfi ilk növbədə ölkənin iqtisadi müstəqilliyinin formalaşdırılması olub və həyata keçirilən müstəqil siyasət, aparılan islahatlar, reallaşdırılan qlobal layihələr Azərbaycanın iqtisadi müstəqilliyini təmin edib.  Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olub. İndi isə hədəf iqtisadiyyatın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin ölkə hələ də əsasən neft və qazı ixrac edir.
"Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur", - deyən Prezident vurğulayıb ki, bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflər üçün borc alınacaq və bu strategiyanın həyata keçirilməsi üçün toplanacaq minimal məbləğ 40-50 milyard dollar olacaq. Başqa sözlə, Azərbaycan texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcək, eyni zamanda gələcək iqtisadi planları əsas etibarilə öz ehtiyatlarına əsaslanaraq quracaq.

 

Avropanın ehtiyacı səbəbindən Azərbaycan imkanlarını genişləndirməyi planlaşdırır

 

Ümumiyyətlə, həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyevin qlobal təşəbbüsləri, enerji layihələri, əlbəttə ki, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini artırıb. Hazırda dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əsas rol oynaması bunu təsdiq edir. 
Bu gün Azərbaycan, həqiqətən də, Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bu prosesi dəyərləndirən Prezident İlham Əliyev mərasimdə diqqətə çatdırıb ki, artıq Avropanın bəzi ölkələrı Azərbaycandan elektrik enerjisi və təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi nəzərdə tutur. Yəni bu əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 
Onu da vurğulayaq ki, bu ehtiyac Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaranıb. İlham Əliyev də bildirib ki, məhz bu savaş başlayandan sonra qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı Azərbaycana 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Hər zaman etibarlı tərəfdaş olan Azərbaycan da  tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. 

 

Azərbaycanın ən perspektivli planları - Böyük qayıdış və "yaşıl enerji" ixracı...  

 

Azərbaycanın sahib olduğu enerjinin ixracının daha da şaxələnməsi və həcminin artması üçün nəqliyyat infrastrukturu və dəniz ticarət limanının imkanlarının genişlənməsi əsas şərtlərdən biridir. Həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji sektoruna tələbatın artması da əsas hədəfi hər iki sahədəki imkanların genişləndirilməsinə yönəldib. 
Bunu təsdiqləyəcək təkcə iki fakt yetərli ola bilər. Rusiya-Ukrayna müharibəsindən sonra, məsələn, Azərbaycanın ötən il tranzit yüklərində 75 faizdən çox artım olub və hətta yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. 
Prezident ümidvar olduğunu bildirib ki, Almaniya şirkətləri bu prosesdə Azərbaycanın tərəfdaşları olacaqlar: "Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar". 
Prezident həmçinin Azərbaycanın əsas perspektiv planlarını da açıqlayaraq qeyd edib ki, bu təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri və hər iki iqtisadi rayonun "yaşıl enerji" imkanlarından yararlanmaqdır. 
Artıq, demək olar ki, ölkəmizdə "Böyük qayıdış"  proqramına start verilib və ilk sınaq layihəsinə uyğun olaraq cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz doğma yerlərinə qayıdaraq məskunlaşıb. Bu dövlət planına uyğun olaraq yüz minlərlə keçmiş məcburi köçkün öz yurd-yuvalarına qayıtmalıdır: "Bir sözlə, bu böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq". 
İlham Əliyev həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin artıq "yaşıl enerji" zonası elan edildiyini də vurğulayaraq investorların diqqətinə çatdırıb ki, orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Ona görə də Azərbaycan hazırda bu prosesə xarici sərmayədarları cəlb etməkdədir. Eyni zamanda həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanları da yaradılır.
Azərbaycanın bərpaolunan enerji potensialı hələ bununla yekunlaşmır. Prezident bildirib ki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su-elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən Prezident  deyib ki, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlar atıla bilər. 
Prezident həmçinin ötən ilin dekabrında Buxarestdə ölkəmizdən Avropaya "yaşıl enerji"nin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan saziş barədə də məlumat verərək bildirdi ki, bu layihə "Cənub qaz dəhlizi"ndən fərqlənəcək. Çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaq. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur.
İlham Əliyev əminliklə vurğulayıb ki, Azərbaycan mövcud resursları ilə,  həqiqətən də, Avropa üçün vacib "yaşıl enerji" təchizatçısına çevriləcək. Azərbaycanda olan "yaşıl enerji" tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video