01 Fevral 2023 03:22
1046
SİYASƏT
A- A+

Azərbaycan-Misir əlaqələri yeni inkişaf mərhələsindədir

 

Prezident Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfəri münasibətlərin daha da yüksəlməsinə böyük töhfə verəcək

 

Yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını söyləməyə əsas verir.
Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ Orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.
Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri isə iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq.

 

30 illik diplomatik münasibətlər

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. 
Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir Mədəniyyəti Günləri keçirilib.
Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Mayın 7-də İlham Əliyev Misir parlamenti tərəfindən medalla təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.
Səfər zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlubiyyə əyaləti arasında anlaşma memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq protokolu, həmçinin İnformasiya Texnologiyaları nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə protokol imzalanıb. Bundan başqa 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.

 

53 sənəd, 14 şirkət, qardaşlaşan şəhərlər

 
2002-ci ilin oktyabrında iki ölkə arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmışdı. Misir Prezidentinin son səfəri zamanı isə daha 3 sənəd - su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında, mədəniyyət sahəsində əməkdaşlıq haqqında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalandı.
Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. 
Turizm sahəsində də əlaqələr inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və "Azərbaycan" küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti ilə Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.

 

Yeni razılaşma əldə edilib

 

Prezidentlər arasında keçirilən son görüşdə İlham Əliyev əminliklə bildirdi ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaq. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bir çox sahədə əməkdaşlıq üçün əlverişli imkanlar var. Biznes dairələrinin birgə fəaliyyəti əlaqələri daha da gücləndirəcək: "Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir". 
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi isə bildirdi ki, bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə əminlik yaradır: "Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək".
Misir Prezidenti bildirdi ki, tərəflər arasında razılaşma əldə edilib. Qərara gəlinib ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da əldə olunan razılaşmalardandır. 
Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığını, artıq bu problemin həll olunduğunu, Qarabağın işğaldan azad edilərək, Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldığını və bütün bunlardan sonra sülhə yaxınlaşıldığını da bildirdi.
Dövlət başçısı bəyanatında Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı təkliflərin irəli sürüldüyünü və bütün əzab-əziyyətlərə, dağıntılara baxmayaraq, sülh müqaviləsinin zəruriliyini xatırlatdı. Əks təqdirdə bölgədə təhlükələrin daha da arta biləcəyi ehtimalını söylədi.
İlham Əliyev BMT-də islahatlarla bağlı məsələlərə da aydınlıq gətirərək bildirdi ki, artıq dünyada uzun illər bu məsələ müzakirə edilir, islahatlar haqqında fikir mübadiləsi aparılır: "Bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır". Bunu ədalətli hesab edən İlham Əliyev vurğuladı ki, artıq dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video