01 May 2026 13:10
101
SİYASƏT
A- A+
Azərbaycan Milli QHT Forumu fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib  

Azərbaycan Milli QHT Forumu fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib  


2024-cü ilin mayında əvvəlki tərkibi buraxılmış, köhnə strukturu ləğv edilərək tam yenilənmiş Azərbaycan Milli QHT Forumu (AMQF) ötən 2 illik fəaliyyətinə və qarşıdakı planlarına dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin sözlərinə görə, bu ikiillik qısa müddətdə kollektiv səylər nəticəsində Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Forum beynəlxalq səviyyədə qəbul edilən brendə çevrilib: “Bu gün AMQF Ekvadordan İndoneziyaya, Meksikadan Okeaniyaya qədər geniş arealı əhatə edən Qlobal Cənub məkanında, o cümlədən böyük türk coğrafiyasında fəaliyyət göstərir, yüzlərlə xarici QHT ilə tərəfdaşlıq münasibətlərinə malik, qlobal və regional təşəbbüsləri ilə tanınan nüfuzlu milli təşkilatdır. Etiraf etməliyik ki, bir neçə il əvvələ qədər Forumun adı heç Azərbaycanın özündə yetərincə tanınmırdı. Biz bu gün tam fərqli mənzərədəyik. Bu yüksəliş böyük zəhmət və ardıcıl fəaliyyətin nəticəsidir. Azərbaycan QHT-ləri bu gün dünya ilə danışır”.

R.İskəndərli 2026-cı il mayın 14-də Bakıda 130-a yaxın ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçiriləcəyini bəyan edib: “Azərbaycan Milli QHT Forumu “Bakı Şəhərsalma Həftəsi”ndə yer alan bu qlobal tədbirin əsas təşkilatçılarından biridir. Baş Assambleyada Platformanın Baş katibi, onun Asiya, Afrika, Latın Amerikası, Avstraliya və Okeaniya üzrə 4 müavini seçiləcək. Hazırda bu Platformaya Azərbaycan uğurla rəhbərlik edir, təsisatın daimi qərargahı da Bakıda yerləşir”.

İdarə Heyətinin sədri qeyd edib ki, bir müddət əvvəl BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (UNOSSC) Qlobal Cənub QHT Platforması (GSNP) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfə baş verib. Bu qlobal diqqətin təzahürü kimi UNOSSC direktorunun GSNP-nin Baş Assambleyası iştirakçılarına xitab edəcəyi gözlənilir.

Ramil İskəndərli onu da deyib ki, müxtəlif ölkələrdəki QHT-lərdən daxil olmuş təşəbbüslər dəyərləndirilərək Qlobal Cənubun Himni də yazılıb. Bu Himn ilk dəfə Bakıda GSNP-nin Baş Assambleyasında səsləndiriləcək.

Azərbaycan Qoşulmama Hərəkatının QHT şəbəkəsini inşa edir

AMQF İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, Qlobal Cənub QHT Platformasının (GSNP) Qoşulmama Hərəkatının QHT şəbəkəsi kimi tanınması üçün böyük şansı və perspektivi var: “Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-nın vətəndaş cəmiyyəti nümayəndələri bu tərkibdə yer alıblar. Bu, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri kimi QHT şəbəkəsi də ola bilər. Qlobal Cənub QHT Platforması buna layiqdir. Bu platformanın yaradılış ruhu İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri” ilə tam səsləşir. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır”.

P.Vəliyeva vurğulayıb ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkə kimi tanınır. Onun sözlərinə görə, GSNP-nin ötən il məhz Bakıda təsis olunması Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində Azərbaycanın fəaliyyətinə verilən yüksək dəyər kimi də qiymətlidir.


Türk dünyası QHT-ləri koordinasiyalı fəaliyyətə başlayır


AMQF İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov ötən il təsis edilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş Katibliyinin Azərbaycan Milli QHT Forumunun təmsilçisinə həvalə edilməsini Türk dünyasında bu təşkilata olan yüksək etimadın təzahürü kimi yanaşıb. A.Allahverənov 2026-cı il mayın 16-da – “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçiriləcəyini, bu tədbirin əsas tərəfdaşının isə TDT-yə üzv ölkələrin QHT Platformasının olacağını bildirib: “8 ölkədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Türk dünyasının məsələlərinə dair geniş müzakirələrimiz olacaq. Daim sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan türk dövlətlərini ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir. Bu regional tədbir çərçivəsində Azərbaycanla Şimali Kipr, Qırğızıstan və Türkmənistan vətəndaş cəmiyyəti təmsilçiləri arasında ikitərəfli QHT forumları da baş tutacaq. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti Platformanın əsas məqsədidir. Biz türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə güclənən mövqeyinə dəstək olaraq əməkdaşlıq imkanlarımızı genişləndirəcəyik. Biz son yarım ildə artıq ikinci dəfə Azərbaycanda Həmrəylik Forumuna toplaşırıq. Çox şadıq ki, Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyi kimi qəbul olunur”.

Azər Allahverənov onu da bildirib ki, AMQF üzvü olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi bu Həmrəylik Forumuna hazırlıq çərçivəsində Türk Dövlətləri Təşkilatının xəritəsini hazırlayıb. Forumda bu xəritə ilk dəfə nümayiş olunacaq”.


AMQF-nin təşəbbüsü ilə orta məktəblərdə inşa müsabiqəsi keçiriləcək


AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycan Milli Forumunun yerli QHT-lərin institusional inkişafında mühüm mərkəzə çevrildiyini dilə gətirib: “Son 1 ildə yalnız AMQF-nin ofisində QHT-lərlə bağlı 128 müxtəlif tədbir keçirilib, bu tədbirlərdə ümumilikdə 3000 nəfərdən çox şəxs iştirak edib. Tədbir məkanları üzv QHT-lər üçün tamamilə ödənişsiz verilib. AMQF-nin “QHT Evi” olması ilə qürur duyuruq. Burada keçirilmiş ictimai müzakirələr və dinləmələr faydalı təşəbbüslərlə yadda qalıb”. Z.İbrahimli qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında ana dilinin saflığının qorunması məsələsini strateji vəzifə olaraq müəyyənləşdirib, “hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır” fikri ilə cəmiyyəti bu mövzuda ictimai səfərbərliyə çağırıb: “Azərbaycan Milli QHT Forumu ana dilinin saflığının qorunması mövzusunda QHT-lərlə silsilə ictimai müzakirələr təşkil edir. Bu müzakirələrin nəticəsi olaraq, bu günlərdə Elm və Təhsil Nazirliyinə 2026-2027-ci tədris ilində şagirdlər arasında “Mənim adımın mənası nədir?” mövzusunda ümumrespublika inşa müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə müraciət etmişik”.

Zaur İbrahimli xüsusi vurğulayıb ki, uşağa verilən ad yalnız fərdi zövq məsələsi deyil, eyni zamanda, kollektiv yaddaşın, mədəni kodların və milli kimliyin mühüm daşıyıcısıdır: “Bu mənada gələcək valideynlər – məktəblilər arasında belə bir müsabiqənin təşkili uşaqların öz adlarının mənasını araşdırmasına, bu prosesə ailə üzvlərini cəlb etməsinə və ümumilikdə cəmiyyətin diqqətinin milli ad ənənələrinə yönəldilməsinə böyük töhfə verə bilər. Az əvvəl aldığımız sevindirici xəbəri media ilə bölüşmək istəyirəm ki, Elm və Təhsil Nazirliyi bu ideyamızı müsbət dəyərləndirib. Nazirlikdən rəsmi cavab almışıq ki, AMQF-nin təşəbbüsü əsasında bu ilin payızında məktəblilər arasında bu mövzuda inşa müsabiqəsinin keçirilməsinə başlanacaq. Fürsətdən istifadə edərək, sosial sifariş olaraq vətəndaş cəmiyyətinin bu nəcib təşəbbüsünü dəstəklədiyi üçün Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür edirik. Hesab edirik ki, ictimai müzakilərin məhz bu cür ölçüləbilən nəticələri olmalıdır”.


QHT-lər WUF13-ə ciddi hazırlaşıb


AMQF İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib ki, QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, bu sektora olan ictimai etimadın da paralel şəkildə artdığı müşahidə olunur. Bu etimadın mühüm göstəricilərindən biri Prezident İlham Əliyevin Azərbaycan QHT-lərinin təşəbbüsü ilə keçirilən forumlar, tədbirlərə müraciətlər ünvanlaması, çıxışlarında QHT-lərin fəaliyyətini qeyd etməsidir: “Qazanılan uğurlar QHT sektorunun nüfuzunu gücləndirir, əvvəlki mərhələlərdə mövcud olmuş neqativ təcrübələrin təsirini zəiflədir və QHT-lərə olan inamı möhkəmləndirir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə QHT-lərin inkişafı üçün yaratdığı münbit şəraitə, davamlı dəstəyinə, Azərbaycan Milli QHT Forumuna QHT Agentliyinin Müşahidə Şurasında təmsil olunması barədə qərarına görə minnətdarıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb  

17:09
01 May

Media, süni intellekt və innovasiya - Panel sessiya

17:03
01 May

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib  

16:48
01 May

Ədliyyə naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

16:42
01 May

Ağcabədi rayonunda vətəndaşların müraciətləri dinlənilib

16:35
01 May

Prezidentin köməkçisi: WUF13 beynəlxalq təcrübə mübadiləsi və qlobal dialoq üçün mühüm platforma olacaq  

16:31
01 May

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıblar

16:24
01 May

Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək 

16:21
01 May

Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

16:19
01 May

Ötən ay 460 mina və 3410 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

16:17
01 May

Hikmət Hacıyev: Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır  

16:07
01 May

Kanada Siqh Federasiyasının hüquq müşaviri: Gənclər dekolonizasiya prosesində yeni yanaşmalar formalaşdırır  

16:02
01 May

Prezidentin köməkçisi: Ermənistan–Azərbaycan sülh gündəliyi regionda yeni geosiyasi reallıq yaradır  

15:57
01 May

DİN: Sabunçudakı müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir  

15:51
01 May

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri münaqişədən sonrakı inkişafın nadir nümunəsidir  

15:41
01 May

Konqolu tələbə: Postkolonial gələcəyin qurulmasında gənclərin rolu həlledicidir

15:33
01 May

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində

15:28
01 May

Serbiya və Bosniya Ukraynaya gizli silah tədarükünü davam etdirir

15:24
01 May

Reunyonlu fəal: Neokolonializmə qarşı mübarizədə əsas vasitə təhsildir

15:11
01 May

SOCAR İstiqrazlarının 18-ci kupon ödənişi edilib

15:07
01 May

Birol Akgün: Hər səfərimdə fərqli Qarabağ görürəm

15:03
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!