Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir
Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması
Prezident İlham Əliyevin böyük nüfuzunun göstəricisidir
İyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü işə başlayır.
AZƏRTAC xəbər verir ki, “ŞƏT+” formatında keçiriləcək Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı Baş katibi Çin nümayəndəsi Can Mindir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.
Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.
Həmçinin qeyd etmək lazımdır ki, beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb
03 Iyul
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
03 Iyul
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb
03 Iyul
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
03 Iyul
Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
03 Iyul
DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb
03 Iyul
Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilm...
03 Iyul
Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər...
03 Iyul
Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib
03 Iyul
Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib
03 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!