Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında "Hədis" yarışması keçirilib. Yarışmanın münsiflər heyətində institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov, İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar.
Aİİ rektoru dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayıb, tələbələrin dini, dünyəvi biliklərə yiyələnməsi istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb.
İnstitut rəhbəri bildirib ki, belə yarışmalar gənclərin ümumi savad və dünyagörüşlərini artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir. Rektor tələbələrə tövsiyə edib ki, fiqh, hədis, əqaid elmləri üzrə mütəmadi olaraq keçirilən müsabiqələrdə fəal iştirak etsinlər.
Müsabiqəyə qatılan tələbələrə uğurlar arzulayan A.Şirinov nəzərə çatdırıb ki, Qurani-Kərimdən sonra hədislər islam dinində mənbə rolu oynayır. Rektor hədislərin öyrənilməsinin və müasir dövrün reallıqlarına uyğun şəkildə gələcək nəsillərə çatdırılmasının dini baxımdan vacibliyini qeyd edib.
Vüqar Səmədov iştirakçılara müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın Aİİ yaradıldığı gündən etibarən ənənəvi formada hər il təşkil olunduğunu diqqətə çatdırıb.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, "Hədis" yarışmasında birinci yerə "Dinşünaslıq" ixtisasının IV kurs tələbəsi İsmail Yavuz, ikinci yerə "Dinşünaslıq" ixtisasının IV kurs tələbəsi Zeynəb Xəlilli, üçüncü yerə "İslamşünaslıq" ixtisasının IV kurs tələbəsi Rauf İbrahimxəlilov layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
"Azərbaycan"