COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin qlobal miqyasda hansı perspektivlərə sahib olduğunun göstəricisidir. Bu möhtəşəm tədbir dövlətini sevən hər bir vətəndaşda qürur hissi yaşadır. Bakıda keçirilən COP29 sammiti ölkəmizin nüfuzunu artırır və Azərbaycana yeni perspektivlər vəd edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Qərb ilə Şərq, Cənub ilə Şimal arasında çoxfunksiyalı bir körpüdür. Birmənalı olaraq deyə bilərik ki, ölkəmizə cəmləşmiş dünya liderləri gündəmi zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında müzakirələr aparmaqla yanaşı, yeni iqtisadi əlaqələr barədə də düşünürlər.
Qəzetimizin əməkdaşları dünən COP29 sədrliyi tərəfindən təşkil və idarə olunan "yaşıl zona"da konfrans iştirakçılarının fikirləri ilə tanış olublar.
Xatırladaq ki, "yaşıl zona" müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi "mavi zona" nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. Eyni zamanda "yaşıl zona" müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.
Söhbət etdiyimiz konfrans iştirakçısı Damlami Stinqa Usman Nigeriyadan gəlib. Deyir ki, Bakıya gəlişi, belə möhtəşəm tədbirdə iştirakı hafizəsinə əbədi həkk olundu: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi vaxtdan ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq münasibətləri daha da genişləndi. Biz hər zaman Azərbaycanın dost və qardaşlıq münasibətini hiss edirik.
COP29-da iştirak etmək üçün Azərbaycana gələcəyim təsdiq olunanda çox sevindim. Özümü doğma evimdəki kimi hiss edirəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər.
Vaxtımın əsas hissəsini ölkəm üçün vacib məsələlərin müzakirəsində keçirirəm. COP29 ölkələrimiz arasında yeni əməkdaşlıq imkanları yaradan bir platformadır. Bundan maksimum istifadə edib böyük şirkətlərin nümayəndələri ilə görüşüb yeni əlaqələr qurmağa çalışırıq. Demək olar ki, istədiyimizə çatmışıq.
Boş vaxtlarımı Bakının tarixi yerləri ilə tanışlıqla keçirirəm. Bakı gözəlliyi ilə insanı valeh edən, özünəməxsus arxitekturası olan çox unikal bir şəhərdir. İçərişəhərdə olmuşam. Qız qalasını görmək arzum reallaşdı. Bakı bulvarının gözəlliyi, səliqə-sahmanı məni özünə valeh etdi. Ölkəmə qayıtdıqdan sonra ailə üzvlərimə, dostlarıma, çalışdığım kollektivin əməkdaşlarına Azərbaycan haqqında günlərlə danışmağa sözüm olacaq".
Söhbətimizi yaponiyalı Miri Suruqaya ilə davam etdiririk. O deyir: "Ölkənizin təbii sərvətlərlə zəngin olduğunu bilirdim. Amma adamı təəccübləndirəcək dərəcədə mehriban insanların yaşadığı bu tarixi şəhər barədə məlumatım, demək olar ki, çox az idi. İndi kimsə məndən Azərbaycan haqqında soruşsa ilk verdiyim cavab belə olacaq: "Azərbaycanın təbiəti kimi də gözəl insanları var..."
COP29 barədə danışarkən deyə bilərəm ki, aparılan müzakirələr dünyanı qorumaq üçün vacib məsələləri həll edəcək. Temperaturu normada saxlamaq kifayət qədər böyük problemdir. Hər kəs sənayenin "yaşıl inqilab"ına razı olmalıdır. Temperatura təsir edəcək qərarlar qəbul edilməlidir. Dünyadakı bütün insanlar iqlim dəyişikliyinin təsirini qəbul etməli və bunun qarşısını almaq üçün mühüm addımlar atmalıdırlar. Bakıda keçirilən COP29-da bu problemlərin həlli üçün vacib işlər görüləcəyini düşünürəm.
Bəşəriyyət üçün əhəmiyyətli olan belə bir qlobal məsələnin Bakıda müzakirəsi ölkənizin dünyadakı mövqeyinə verilən yüksək qiymətdir. Ölkənizlə qürur duymaqda tam haqqınız var".
Söhbətləşdiyimiz ingiltərəli Nikolas Mekromes Londonda enerji hasilatı ilə məşğul olan beynəlxalq şirkətdə çalışdığını dedi. O, xüsusi olaraq vurğuladı ki, Azərbaycan qlobal və böyüyən təbii fəlakətlə mübarizədə liderlik nümayiş etdirir: "İqlim dəyişikliyi mahiyyətcə Yerin iqlim sisteminin müxtəlif hissələrində yeni enerji tarazlığına keçiddir. Azərbaycan enerjini və enerji sistemlərini tənzimləməkdə, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsində nümunəvi təcrübəyə, regional və qlobal nəticələrə yönəlmiş uzaqgörən liderlik üslubuna malikdir. Ona görə COP29 kimi möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi məntiqlidir, təbiidir və bunun böyük fayda verəcəyi heç bir şübhə doğurmur. Onu da qeyd edim ki, Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolunu inkar etmək qəti mümkün deyil.
Dünya bizim hamımızın ümumi evidir. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmağa bir fürsətdir. Məmnunluqla qeyd edə bilərik ki, COP29-da aparılan müzakirələr bizi problemin həllinə yaxınlaşdırır.
Bir məsələni də qeyd edim ki, fürsətdən istifadə edib Bakının ən gözəl yerlərində olmağa çalışıram. Artıq Ağ Şəhərdə olmuşam. Bu yeni salınmış şəhər çox gözəldir. Avropa heykəltaraşlarının əsərlərini, parklardakı nadir bitkiləri görmək mənə çox xoş oldu. Nizami parkında yaradılan gözəllik isə bambaşqadır. Nobel qardaşlarının evində oldum. Bu tarixi məkanı görmək çoxdankı arzum idi".
Nigeriyalı Aniedi Ene İnyanq deyir ki, Azərbaycana gəlmək çoxdankı arzusu olub: "Xoşbəxtəm ki, bu arzumu COP29-da iştirak etməklə reallaşdıra bildim. İlk növbədə qeyd edim ki, nigeriyalılar üçün Azərbaycan çox doğma ölkədir. 2020-ci ildə ölkənizdə Vətən müharibəsi gedərkən biz də çox həyəcanlı anlar yaşayırdıq. Allaha şükürlər olsun ki, müharibə arzuladığımız kimi yekunlaşdı. Bizə dost, qardaş ölkə olan Azərbaycan haqq etdiyi qələbəyə nail oldu".
Xüsusi olaraq vurğulayım ki, ölkələrimiz arasında yaradılmış bu qardaşlıq körpüsünün müəllifi cənab İlham Əliyevdir. Qoşulmama Hərəkatına sədrlik etdiyi illərdə o, Afrika xalqlarının problemini cəsarətlə ən yüksək tribunalardan səsləndirib, həlli yollarını müzakirəyə çıxarıb. Belə bir möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini biz həm də Nigeriyanın uğuru hesab edirik.
Bakıda gördüyümüz səmimiyyət, dostluq münasibətləri həyatımda unudulmaz xatirə qoydu".
Elşən QƏNİYEV,
"Azərbaycan"