“Asadov Pro Bridge”: Strategiya, dürüstlük və sərhədsiz istedad inkişafı vizionu
Azərbaycanda inkişafına diqqət yetirilən idman növləri sırasında komanda oyunları da hər zaman ön planda yer alıb və belə qəbildən olan idman yarışlarında ölkəmizin təmsilçilərinin qazandığı nailiyyətlərin sayı az deyil.
Komanda şəklində idman növlərindən bəhs edərkən heç şübhəsiz ki, diqqət ilk növbədə futbola yönəlir. Danılmaz həqiqətdir ki, futbol öz populyarlığına, auditoriyasının sayına görə digər komanda idman oyunlarını çox geridə qoyur. Bu mənada Azərbaycanda futbolun inkişaf etdirilməsi həm də günün vacib tələblərindən biri kimi çıxış edir və bu sahədə görülən işlərin miqyası az deyil.
Futbola yeni baxış
Azərbaycanda müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, idmanda, o cümlədən futbolda da tənəzzül müşahidə olunmağa başladı. Təəssüf ki, bu tənəzzül uzun müddət özünü göstərdi və onun fəsadlarının əslində bu gün də tam aradan qalxdığını söyləmək mümkün deyil.
Amma sevindirici haldır ki, bu gün ölkə futbolu müxtəlif cəbhələrdə yeniliklərlə yadda qalmaqdadır. Bunlardan biri də futbol agentliyi sahəsidir.
“Azərbaycan” qəzetinə açıqlamasında rəsmi lisenziyalı FIFA agenti Emil Əsədov bildirib ki, futbol nümayəndəliyinə “Asadov Pro Bridge” agentliyi vasitəsilə yeni baxış gətirməyi planlaşdırır. Bu agentlik strategiya, dürüstlük və sərhədsiz istedad inkişafı vizionu üzərində qurulub: “Müasir futbol sənayesində agentlər əsas seçim qarşısındadırlar: qısamüddətli transferlərə üstünlük vermək, yoxsa oyunçular üçün uzunmüddətli karyera qurmaq? 2024-cü ildə “Asadov Pro Bridge” agentliyini qurarkən məqsəd təkcə bazara daxil olmaq deyil, peşəkar, beynəlxalq səviyyəli, inkişafa və qarşılıqlı etimada əsaslanan bir agentlik yaratmaq idi. Oyunçular üçün sadəcə transferlər etmək yox, onların karyerasında məqsədyönlü şəkildə inkişaf etmələri üçün sistemli yollar qurmaq haqda düşünürük”.
“Uzunmüddətli nəticələr üçün yeni standart qururuq”
“Asadov Pro Bridge”nin fəaliyyət strategiyasına Avropa klubları ilə tərəfdaşlıqla Azərbaycanda futbol akademiyasının yaradılması, beynəlxalq təlim düşərgələri, sınaq oyunları və məşqçi seminarlarının təşkili, Türkiyə, Şərqi və Mərkəzi Avropa ölkələrinin agentləri ilə əməkdaşlığın gücləndirilməsi, Şimali Afrikaya çıxış daxildir.
Agentlik hal-hazırda həm gənclər, həm də əsas komanda səviyyəsində perspektivli futbolçuları təmsil edir. Bu futbolçular təkcə istedadlarına görə deyil, həm də düzgün düşüncə tərzi, potensial və peşəkarlıqlarına görə seçilirlər. Onların arasında “Kəpəz”in qapısını qoruyan Yusif İmanov və “Zirə”nin üzvü Rüfət Abdullazadə var”.
2024-cü ilin dekabrında futbol agenti Səudiyyə Ərəbistanında keçirilən “World Football Summit”də iştirak edib və orada dünyanın müxtəlif klubları, federasiyaları və agentlikləri ilə görüşlər keçirib.
Emildən onu motivasiya edən səbəbi soruşanda, o, nə mükafatlardan, nə də titullardan danışır. Onun diqqəti peşəkar dəyərlər üzərindədir: “Mən tək bir bölgə və ya liqa ilə məhdudlaşmıram. Mən oyunçular, klublar və agentlər üçün işləyən bir körpü inşa edirəm. Çox vaxt tez-bazar transferlər və boş vədlərlə dolu olan bu sahədə sakit, lakin təsirli şəkildə müasir, etik və uzunmüddətli nəticələr üçün yeni bir standart qururuq”.
Bakıdan Laqosa uzanan yol
Agentliyin ən böyük üstünlüyü qısa müddətdə yaradılmasına baxmayaraq artıq qlobal layihələrin birbaşa təşkilatçısına çevrilməsidir. Belə ki, martın 24-27-də Nigeriyanın Laqos şəhərində təşkil olunan beynəlxalq skautinq proqramı uğurla yekunlaşıb. Layihə “Asadov Pro Bridge Football Agency” tərəfindən həyata keçirilib və əsas məqsəd gənc futbolçuların potensialının qiymətləndirilməsi, onların peşəkar inkişafına töhfə verilməsi olub.
Proqram çərçivəsində ümumilikdə 12 futbol akademiyasının iştirakı ilə turnir formatında oyunlar keçirilib. Bu vasitə ilə skautinq prosesi daha effektiv şəkildə təşkil olunub və futbolçular real oyun şəraitində izlənilib. Turnirin yekununda seçilmiş oyunçulardan ibarət komanda ilə çempion olmuş akademiya arasında əlavə qarşılaşma baş tutub. Bu oyun seçilmiş futbolçuların səviyyəsinin daha dəqiq analiz olunmasına imkan yaradıb. İştirak edən futbolçuların yaş aralığı əsasən 16-21 yaş arasında dəyişib ki, bu da onların artıq peşəkar futbola keçid mərhələsində olduqlarını göstərir.
Emil Əsədov bildirib ki, skautinq proqramının əsas məqsədi seçilmiş futbolçuların məhz Azərbaycan futbol bazarına yönləndirilməsi olub. Yəni, əvvəlki layihələrdən fərqli olaraq, bu dəfə oyunçuların Avropaya transferi deyil, Azərbaycan klubları üçün seçim prosesi prioritet təşkil edib: “Bu yanaşma yerli futbol bazarının gücləndirilməsi, klublar üçün alternativ və keyfiyyətli oyunçu seçim imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Nigeriyada keçirilən bu proqram eyni zamanda gələcək planların bir hissəsidir. Azərbaycandan gələn iki klub rəhbərinin hər biri 3 futbolçu seçib. Hazırda akademiyalarla transfer detalları barədə danışıqlar davam edir. Bu metod əslində Avropa skautlarının ən çox istifadə etdiyi yoldur. Onlar 16 yaşından istedadları götürüb öz ölkələrinin əsas və ya 1-ci divizionuna aparırlar. Orada həm oyunçunu yetişdirib komanda üçün dəyərli aktivə çevirirlər, həm də gələcəkdə böyük satışlardan ciddi gəlir əldə edirlər.
Belə skautinq turnirləri artıq mütəmadi xarakter alacaq və müxtəlif ölkələrdə davamlı şəkildə təşkil olunacaq. Bu isə həm futbolçular üçün daha geniş imkanların yaranmasına, həm də klubların daha sistemli və keyfiyyətli seçim etməsinə şərait yaradacaq”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”