Son illər Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də müasir çağırışlar çərçivəsində inkişaf edir.
Məhz bu münasibətin nəticəsidir ki, ərəb ölkələri həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəklərini də ifadə ediblər. Onu da unutmayaq ki, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Qoşulmama Hərəkatının üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Birləşmiş Ərəb Əmirliklərinin MASDAR şirkəti tərəfindən inşa edilən Qaradağ Günəş-Elektrik Stansiyası bu ölkə ilə Azərbaycanın əməkdaşlıq səviyyəsini göstərir. Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi stansiyada tikinti işləri rekord müddətdə - 19 aya yekunlaşdı. Stansiya bu gün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən birinin - Paris İqlim Sazişi çərçivəsində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yeri gəlmişkən, qeyd edək ki, zaman-zaman həmin istiqamətdə keçirilən bir çox qlobal tədbir iqlim dəyişmələrinə həsr olunur ki, bu da planeti qarşılaşa biləcək təhlükələrdən qorumaq məqsədi daşıyır. Onlardan biri də yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsidir.
Prezident İlham Əliyevin də iştirak etdiyi Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti MASDAR tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Dövlətimizin başçısının Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. İlham Əliyevin fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Xatırladaq ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi 3 prinsip əsasında yaradılıb. Bu, qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, üçüncüsü isə innovasiyadır. Ənənəvi tədbir ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki tədbirdə 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxs iştirak edir. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.
Sayca 17-ci olan builki sammit "Davamlı gələcək üçün sektoral inteqrasiya" mövzusuna həsr olunub. Yanvarın 18-dək davam edəcək Əbu-Dabi Dayanıqlılıq Həftəsinin yüksəksəviyyəli təmsilçiləri fiziki və virtual formatda toplanaraq insan inkişafının təmini və dayanıqlı həllər istiqamətində biliklərini bölüşür, strategiyaları müəyyənləşdirir və beynəlxalq şirkətlərin pavilyonlarında ən qabaqcıl texnologiyaları nümayiş etdirirlər. Onu da qeyd edək ki, bu sammitdə hər il 50 mindən çox şəxs, 175-dən artıq ölkə, bir çox dövlət başçısı, 1000-dən yuxarı biznes dairəsinin nümayəndələri iştirak edir.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə, davamlı iqtisadi inkişafın və "yaşıl bərpa" prosesinin təmini məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm strateji platforma hesab olunur. Təsadüfi deyil ki, ötənilki Dayanıqlılıq Həftəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ərəfəsində keçirildiyi üçün qida və su təhlükəsizliyi, enerjiyə çıxış, sənayenin dekarbonizasiyası, səhiyyə və iqlimə uyğunlaşma da daxil olmaqla müxtəlif vacib mövzular müzakirə olunmuşdu. İlk dəfə keçirilən "Yaşıl hidrogen"sammiti də 2023-cü ilin Dayanıqlılıq Həftəsinin "taleyinə yazılmışdı".
Ötənilki tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sektorunda görülən işlərə toxunaraq demişdi: "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"